Gürcüstan "Qazprom"la dil tapa bilmədi?

Bütün dünya başqa yolla gedir və "Qazprom"un necə təhlükəli siyasi silah olduğu barədə danışır. Biz isə hər hansı ehtiyac olmadan "Qazprom"a qayıdırıq. Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu sözləri "Gürcüstan İslahatlar Assosiasiyası"nın rəhbəri Yelena Xoştariya "Rustavi-2" telekanalının efirində deyib. Onun sözlərinə görə, gürcü hakimiyyəti və "Qazprom" arasındakı danışıqların məxfiləşdirilməsi ciddi suallar doğurur. Yelena Xoştariya ictimaiyyətin hakimiyyətdən heç bir inandırıcı arqumentin eşitmədiyini bildirib. "Qazprom"la aparılan danışıqlar Gürcüstanın xarici siyasi kursu haqqında da suallar doğurur", - o deyib. "İveriya" ictimai hərəkatın banisi Niki Rurua bildirib ki, "Qazprom"la aparılan danışıqlar yalnız üç nəfərə xeyir verəcək, Gürcüstanın 5 milyon vətəndaşı isə zərər görəcək. Lakin Niki Rurua sözügedən üç nəfərin adını dəqiqləşdirməyib. Onun fikrincə, hakimiyyət cəmiyyətin etirazını nəzərə almalı və danışıqları dayandırmalıdır.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ilə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və baş nazirin müavini, energetika naziri Kaxa Kaladze arasında Tiflisdə ötən həftə qaz danışıqları olub. Görüşün başa çatmasının ardınca jurnalistlərə açıqlama verən Kaxa Kaladze növbəti dəfə Azərbaycanın Gürcüstanda qaz qıtlığını aradan qaldırmaq imkanında olmadığını bildirib. Onun sözlərinə görə, buna baxmayaraq tərəflər kommersiya istehlakçıları üçün yeni tarif planı üzərində işə başlayıblar. Kaladze deyib ki, Azərbaycandan qaz nəqlini artırmaq üçün tərəflərin müvafiq investisiyalarla texniki baxımdan dəstəklədiyi yeni müqavilə lazımdır və tərəflər buna hazırdır. Onun sözlərinə görə, söhbət SOCAR-ın iştirakı ilə qaz nəqlinin artırılmasından gedir. Kaladze 2016-cı ildə birgə layihə çərçivəsində qaz kəmərinin tikintisinin başlayacağını deyib. 2019-cu ildən isə "Şahdəniz" müqaviləsinin ikinci fazası işə düşəcək. Gürcüstan müxalifəti isə danışıqların nəticəsiz yekunlaşmasından sonra hakimiyyətin "Qazprom"la əməkdaşlığına etiraz olaraq aksiya keçirib. "Vahid Milli Hərəkat" partiyasının fəalları Energetika Nazirliyinin qarşısına toplaşaraq "Qazproma yox!" şüarını səsləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00