90 yaşlı qarıya bənzəyən 15 yaşlı qız əcələ meydan oxudu
18 Yanvar 2016 19:16 DünyaÖlümcül, müalicəsiz xəstə olan qız əcələ meydan oxuyur. Həkimlər onun ən uzağı 13 yaşadək ömür sürəcəyini desələr də, o, dünən 15 yaşını qeyd edib. Ad günü təntənəli olub, bayramı xatırladıb. Milli.Az Publimetro-ya istinadən bildirir ki, kolumbiyalı Maqali Qonsales-Syerrada anadangəlmə Hatçinson-Gilford progeriya sindromu var. Bu ölümcül, sağalmaz xəstəliyə düçar olan uşaqlar 12-13 il yaşayır, ölürlər. Çünki onların orqanizmlərində hədsiz sürətlə qocalma prosesi gedir və 6-7 yaşlı uşaq artıq 70-80 yaşlı qocanı xatırladır. Sindromun daşıyıcısı olan uşağın dərisi qırışır, dişləri və saçları tökülür. Eyni zamanda, onun daxili orqanlarında da qocalma gedir. Maqali Qonsales-Syerranın 15 yaşı olsa da o, 90 yaşlı qoca qarıya bənzəyir. Ailə üzvləri, qohumları və Kolumbiyadakı xeyriyyə təşkilatları Maqalinin ad günü münasibətilə "Quinceanera" mərasimi keçiriblər. Kolumbiyada bu mərasim qız 16 yaşına çatanda təşkil olunur. Maqalinin anası, 35 yaşlı Sofiya deyib: "Qızım həkimlərin bütün diaqnozlarını alt-üst etdi. Mənə dedi ki, rəqs edə bilmir, amma hamımızın rəqs etməsini istəyir. Ad gününün şən, hava şarlı, tortlu olmasını istəyirdi".