"Bazarda problem yaradan bu deyil və olmayacaq da..."

Qərbin İranın üzərindən sanksiyaları götürməsi siyasətinin nə məqsəd daşıdığı kifayət qədər aydın deyil. Belə ki, Tehrandakı mövcud siyasi rejimə münasibətdə iqtisadi sahədə əlverişli imkanlar yaratmaq və ona yaşıl işıq yandırmaq, əslində, Qərbin ideologiyasına təpədən dırnağadək ziddir.

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov İran üzərindən sanksiyaların götürülməsindən sonra onun neft ixracını artırmasının dünya bazarında neftin qiymətinə və digər proseslərə təsirini qiymətləndirərkən bildirib.

Ekspertin fikrincə, Qərbin İran üzərindən bütün sanksiyaları aradan qaldırmasından sonra adıçəkilən ölkənin dövlət gəlirləri birə beş artacaq ki, normal inkişaf yolu ilə getmək imkanları genişlənəcək, tezliklə regionda böyük və mühüm iqtisadi güc mərkəzinə çevrilməsi üçün ortada, demək olar, heç bir maneə qalmayacaq.

İqtisadçı "İranın neft bazarına çıxması doğrudanmı, qiymətləri daha da aşağı salacaq və bir daha onun heç 50 ABŞ dollar olmasına da imkan verməyəcək?!" sualına isə belə cavab verib:

"İranın OPEK üzrə ümumi ehtiyatlarda payı cəmi 13 % təşkil edir. Bu gün Tehran sutkada 3 milyon barel neft hasil edir və bunun bir hissəsini, onsuz da, xaricə satırdı. Yəni, İran bazara, əslində, sanksiyalar ləğv olunduqdan sonra daxil olmur, sadəcə olaraq, bir az da çox neft satmaq imkanı əldə edir. Bu da gündəlik 500 min barel deməkdir. Yəni ki, yarım milyon. Təxminən, il yarımdan sonra ən yaxşı halda bunu 500 min barel də artıra bilər. Ancaq məsələ bundadır ki, bu, indiki qiymətlər şəraitində baş tutmaya da bilər. Bundan əlavə, xam neft, anbarda saxlanılan meyvə-tərəvəz deyil ki, şərait yaranan kimi ağzını açıb satışa çıxarasan. Bunun üçün hasilatı artırmaq lazımdır. Hasilatı artırmaq üçün isə texnoloji imkan tələb olunur. Konservləşdirilmiş yataqları birdən-birə işə salmaq isə mümkün deyil.

İranın bazara daxil olması yalnız psixoloji təsir yarada bilər ki, bu mənada, heç də təsadüfi deyil ki, sanksiyalar götürülür deyəndə artıq dünya bazarında neftin qiyməti 30 ABŞ dollarından da aşağı keçdi. Odur ki, İran neftinə görə narahat olmağa dəyməz və əslində, bazarda problem yaradan bu deyil və olmayacaq da..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00