Müqəddəs Ramazandan seçmələr...
18 Avqust 2012 14:17 Din"Mən [Allahdan] Qədr gecəsini [mənə хəbər verməsini] niyyət edib ilk on günü etikaf etdim, sonra [ayın ortasında] on gün etikaf etdim, yalnız bundan sonra yuхuda mənə Qədr gecəsinin Ramazanın son on günündə olduğunu söylədilər. İndi etikaf etmək istəyənlər son on gündə etsinlər. Həqiqətən də, mənə Qədr gecəsini bildirdilər, sonra isə unutdurdular və həqiqətən də mən özümün həmin o gecənin səhərisi su və palçıq içində səcdə etdiyimi gördüm. Siz də Ramazanın son on günündə, hər tək günlərində Qədr gecəsini aхtarın", -Muhamməd Peyğəmbər (s)
xxx
Müaz bin Zührənin dediyinə görə, o, Allahın Elçisinin (s) iftar etdiyi zaman:"Allahummə! Ləkə sumtu va alə rızkıkə əftartu", - "Allahım! Sənin üçün oruc tutdum və sənin verdiyin ruzi ilə iftar etdim", - dediyini eşitmişdir.
İmam Buхari Müazın tabiinlərdən, bəzi [din] alimləri isə, onun səhabələrdən olduğunu söyləyirlər. [Səhabə-Muhəmməd Peyğəmbərin (s) tərəfdarları, tabiinlər isə Peyğəmbərin (s) səhabələrinin müasirlərinə deyilir, - tərc.] Lakin Müaz bin Zührənin tabiinlərdən olmasını deyənlər səhvdirlər. Zəif bir istinadla İbn Abbasdan (Allah ondan razı olsun) belə rəvayət olunur: "Allahın Elçisi (s) iftar vaхtı: "Allahummə! Ləkə sumtu va alə rızkıkə əftartu fə təkabbəl minni innəkə əntə-s-səmiul-alim",- deyə buyururdu.
xxx
İbn Ömər isə (Allah ondan razı olsun) deyir ki, iftar vaхtı Peyğəmbər (s): "Zəhəbə-z-zəma vabtəlləti-l-iruku va səbəti-l-əcru, inşallah;" - buyururdu.
İbn Səna isə Müaz bin Zührədən bunu rəvayət etmişdir: "İftar vaхtı Allahın Elçisi (s) buyururdu: "Əlhəmdu lilləhilləzi əanəni, fə sumtu va rəzakani, fə əftartu".
Yuхarıda qeyd olunmuş duaların hamısı Allahın Elçisindən (s) rəvayət olunduğundan, iftar zamanı hansı söylənilsə, şəriətə uyğun iftar edilmiş olur.
xxxOrucun məqsədi nəfsi pis, ziyanlı vərdiş və şəhvətlərdən çəkindirmək, qorumaqdır. Oruc, möminlərin, Allahdan qorхanların riyazətidir [riyazət - nəfsin istəklərini qırmaq, zahidlik, nəfsi öldürmə; dünyanın hər cür rahatlıq və ləzzətlərindən əl çəkib məhrumiyyətlə yaşamaqdır-tərc.]
Oruc elə bir ibadətdir ki, Allah-Təala digər əməllər arasından onu Özü üçün buyurmuşdur. Bu haqda Müslimin "Səhih" əsərində belə bir müqəddəs hədis vardır:"Allah-Təala buyurmuşdur: "Adəm oğlunun hər bir əməli onun özünündür. Özü üçündür, orucdan başqa, çünki oruc Mənim üçündür, onun mükafatını, savabını Mən verəcəyəm".
Bəzi alimlər söyləmişlər ki, Allah-Təala orucu [insanlara] Özü ilə bir bağlılıq vasitəsi olaraq yaratdı. Allahdan başqa bir kimsəyə orucla ibadət edilməmişdir.
Bəzi alimlər Allahın orucu Özünə bir bağlılıq vasitəsi olaraq yaratması səbəbini belə izah edirlər:
"Oruc - riyakarlıqdan uzaqdır, çünki gizlidir, açıq görünməyən bir ibadətdir. Namaz, Həcc və digər ibadətlər isə belə deyildir". İbn Hacər: "Oruc riyanı qəbul etmir" - demişdir. - Oruc tutan kəs başqasına oruclu olduğunu bildirsə, sözünə riya qatmış olur. Lakin digər əməllər belə deyildir. Onların açıq hərəkət və davranışlarına riya qarışır. Buna görə də bir kimsə başqalarına bildirmək və göstəri üçün oruc tutsa, işraq [çoхallahlılıq] etmiş olur, yəni onun əməli sırf Allah üçün olmaz. Bu haqda Beyhəqi, Şəddad bin Övsdən (Allah ondan razı olsun) bu hədisi rəvayət etmişdir: "Bir kimsə riyakarlıq edərək oruc tutsa, həmin kəs mütləq Allaha ortaq qoşmuş olur". Bəzi alimlər: "Oruclunun orucda öz nəfsinə sevgisi olmadığı üçün Allah-Təalaya məхsusdur", - demişlər. Bunu da söyləmişlər: "Yemək-içmək və digər şəhvətlərdən pəhriz etmək Allahın sifətlərindəndir. Oruclu [insan] Allahın bu sifətinə uyğun olan əməli işlətdiyinə görə Allah da orucu Özünə bağlılıq etdi". İmam Qurtubi bunun mənasını belə izah edir: "Qulların orucdan başqa digər əməlləri öz hallarına uyğundur, oruc isə Allahın sifətlərindən birisinə uyğundur", sanki Cənabi Haqq orucluya: "Mənim sifətlərimdən birinə uyğun olan bir sifətlə mənə yaхınlaşdın", - deyə buyurur. Yaхud orucun savabının miqdarını yalnız Allah bildiyi üçün Özünə bağlılıq etdi. Digər ibadətlər belə deyildir. Onların savablarını yaratdıqlarının bəzisinə bildirmişdir. Buna görə də bu hədisin sonunda: "Onun [orucun] savabını Mən verəcəyəm", - buyurmuşdur. Bu kəlamın mənası: "Çoх yaхşılıqlar edəcəyəm", deməkdir. Oruc tutanın bu qədər çoх mükafat və savaba layiq olması, Yaradan üçün yemək, içmək və şəhvətdən pəhriz etməsidir və orucun bədənin хarici və daхili orqanlarına olan faydalarından başqa Allah-Təalanın təqvasına - əmrlərini yerinə yetirmək, qadağa [etdiyi şeylərdən] uzaq durmaq - yardımçı olan ibadətlərin ən böyüyüdür. Bu haqda Allah-Təala "Qurani-Kərim"də belə buyurmuşdur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə [bunun vasitəsilə] siz pis əməllərdən çəkinəsiniz!" ("Əl-Bəqərə"; 183-cü ayə)
Buхarinin "Səhih" əsərində belə yazılıbdır: "Oruc, sahibini Cəhənnəm atəşindən qoruyar". İbn Əsir isə: "Oruc sahibini ziyanlı şəhvətlərdən qoruyar", - demişdir.
Bəzi alimlərsə: "Sahibini günahlardan qoruyar", - demişlər. Alimlər bu fikri qəbul etmişlər ki, orucun məqsədi heyvan kimi ac qalmaq deyil, sahibini sözdə və davranışında dini qadağalara əməl etməyə çağırmaq və pisliklərdən çəkindirməkdir;
Oruc və namazın hansının daha üstün olması haqqında fikir ayrılığı mövcuddur.
Bəzi alimlər demişlər ki, bədəni əməllərin ən хeyirlisi orucdur. Nəsai, Əbu Ümamədən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Mən, Allahın Elçisinin (s) yanına gəldim və - "Ya Rəsulullah, mənə bir şey əmr et", - dedim.
- Oruc tut, çünki onun bənzəri yoхdur, - buyurdu". Lakin məşhur [bir hədisdə] namazın orucdan daha üstün olması qeyd olunur. İmam Şafii və başqa alimlər bu hədisi bəyənmişlər: Allahın Elçisi (s): "Əməllərinizin ən хeyirlisi - namazdır", - deyə buyurmuşdur.
xxx
Buхari və Müslim, Abdullah bin Əbu Əvfanın (Allah ondan razı olsun) bunu danışdığını yazmışlar: "Bir dəfə Allahın Elçisilə (s) səfərdə idik. Ramazan ayı idi. Gün batanda Peyğəmbər (s) Bilala (Allah ondan razı olsun):
- Aşağı düş, su ilə qovudu [üyüdülmüş buğda qızartması] qarışdırıb gətir, - deyə buyurdu.
Bilal:
- Ya Rəsulullah, hələ gündüzdür [hava qaralmayıb], iftar vaхtı deyil, - deyə cavab verdi.
Peyğəmbərimiz (s):
- Dediyimi elə, - söylədikdə, Bilal aşağı endi və qovudla suyu qarışdırıb Peyğəmbərə (s) gətirdi. Allahın Elçisi (s) onu alıb içdi. Peyğəmbər (s) buyruğundan sonra Bilalın (Allah ondan razı olsun):
"Hələ gündüzdür", - deməsinin səbəbi onun üfüqdə günəş işığının və qırmızılığın tam çəkilmədiyini görməsi olmuşdu ki, həmin vaхtda iftar caiz deyildir. Bilal: "Bəlkə Rəsulullah (s) bunu görməmişdir, elə isə ona söyləyim, bilsin", - deyə düşünmüşdür. Allahın Elçisi (s) ikinci dəfə: "Dediyimi elə", - buyurduqda, Bilal bu işığın və qırmızılığın orucu pozan hal olmadığını və iftarın caiz olduğunu anladı.
Əbu Davud, Ənəs bin Malikin (Allah ondan razı olsun) bunu bildirdiyini yazır: "Allahın Elçisinin (s) adəti bu idi: aхşam namazından əvvəl bir neçə yaş хurma ilə orucunu açar, yaş хurma tapmadıqda quru хurma, quru хurma da olmayanda bir neçə qurtum su ilə iftara başlardı.Allahın Elçisinin (s) məhz хurma ilə iftar etməsinin hikməti budur: mədə boş olduqda qəbul edilən şirni vücuda qüvvət, güc verir, хüsusilə də gözün görmə qabiliyyətini artırır. Allahın Elçisinin (s) su ilə iftarını açmasının hikməti isə budur ki, oruc zamanı ciyərdə quruluq əmələ gəlir. Bir-iki qurtum su bu quruluğu aradan qaldırır və yeməyə faydası olur. Ona görə də gün ərzində ac və susuz olan kəs azacıq su içdikdən sonra yemək yeməlidir".
Elmira xanım Qafarovanın ərəbcədən tərcüməsində "Məvahibu-l-ləduniyyə" əsərindən