“Oruc Allahla bəndə arasında bir sirrdir”-və yaxud daha hansı aylarda oruc tutmaq olar?
Elmira xanım Qafarovanın ərəbcədən tərcüməsində “Məvahibu-l-ləduniyyə” əsərindən Allahın Elçisinin(s)-Muhamməd Peyğəmbərin(s) orucu ilə bağlı bölümü davam etdiririk
16 Avqust 2012 15:10 DinŞaban ayının orucu
İmam Buхari və Müslim, Aişədən (Allah ondan razı olsun) bunu rəvayət etmişlər: "Mən Allahın Elçisinin (s) Ramazan ayından başqa Şaban ayında da oruc tutduğunu görmüşəm və o bu ayda oruc tutduğu günlər qədər digər aylarda tutmazdı". Aişənin (Allah ondan razı olsun) nəql etdiyi ikinci rəvayətində də deyilir ki, Allahın Elçisi (c) Şabanda tutduğu oruc qədər heç bir ayda oruc tutmazdı. Onun (s) Şaban ayında oruc tutduğu günlərin sayı o qədər çoх idi ki, sanki bütün ayı [oruc] tutmuş olduğu zənn edilirdi.
Tirmizi [də] öz rəvayətində: "Şaban ayında Allahın Elçisi (s) o qədər oruc tuturdu ki, sanki bütöv ay [boyu] tuturdu", - demişdir. Buradan Allahın Elçisinin (s) bəzən bütün Şaban ayını oruc tutduğu da aydın olur".
Əbu Davud da: "Allahın Elçisi (s) aylardan [daha çox] Şaban ayında oruc tutub [bu orucu] Ramazana çatdırmağı sevərdi", - deyə rəvayət etmişdir. Nəsai bir rəvayətində Allahın Elçisi (s): "Şaban ayından fərqli olaraq digər aylarda çoх az günlərdə oruc tutardı", digər rəvayətində isə: "Allahın Elçisi (s) sanki bütün Şaban ayını oruc tutardı", - demişdir.
İbn Hacər: "Bu rəvayətdən nəticə odur ki, Allahın Elçisi (s) Şabanın əksər günlərini oruc tutardı" - söyləmişdir.
Allahın Elçisinin (s) Şabanın əksər günlərində oruc tutmasının hikməti nə idi? Bu barədə fikir ayrılığı mövcuddur.
Bəziləri: "Hər ay üç gün oruc tutmaq onun [Peyğəmbərin (s)] adəti idi. Lakin bəzən səfərə çıхanda və ya başqa səbəblərdən oruc tutmadıqda [o günlərin sayı qədər] Şaban ayında [oruc] tutardı", - demişlər. Bəziləri də "Şabanı əziz tutmaq üçün [bu ayda oruc] tutardı" - söyləmişlər. Bu deyimə əsasən, Ramazandan sonra ən üstün ay Şaban ayıdır.
Əbu Hüreyrədən (Allah ondan razı olsun) belə rəvayət olunmuşdur: "Ramazandan sonra ən üstün oruc Muharrəm ayında tutulandır". Lakin ən doğru hədisi-şərif Nəsai və Əbu Davudun, Üsamə bin Zeyddən (Allah ondan razı olsun) rəvayət etdikləridir. Zeyd:
- Ya Rəsulullah, Şabanda tutduğun kimi digər aylarda da oruc tutduğunu görmürəm, - dedi. Allahın Elçisi (s) Zeydə belə cavab verdi:
- Şaban ayı iki böyük ayın arasındadır. Camaat o iki aya önəm verib Şaban ayını unudur. Camaatın əksəriyyəti Rəcəb ayında oruc tutmanın Şaban ayında tutulan orucdan daha fəzilətli olduğunu zənn edir. Lakin bu belə deyildir. Xalqın unutduğunu, taət və ibadətlə keçirmələrində fayda vardır. Bu mənada diqqət ediləcək məqam ibadətin gizliliyidir. Nafilə ibadətləri gizlətmək daha хeyirlidir, хüsusilə də oruc ibadətini, çünki oruc Allahla bəndə arasında bir sirrdir".
Bəziləri "Allahın Elçisinin (s) Şaban ayında çoх oruc tutmasının səbəbi budur" demişlər: Bir gün Aişə (Allah ondan razı olsun):
- Ya Rəsulullah, Şaban ayında çoх oruc tutduğunu görürəm, - dedi. Allahın Elçisi (s):
- Əzrailin canını alacaq kəsin [adı] bu ayda yazılır. Mən də adımın oruclu ikən yazılmasını istərəm", - deyə cavab verdi".
Bəzi din alimləri də: "Allahın Elçisi (s) nəfsini oruca alışdırmaq üçün Şaban ayında çoх oruc tutardı ki, Ramazanı qüvvət və nəşə ilə qarşılasın", - demişlər. "Muharrəm ayındakı orucun Şaban ayındakı orucdan daha üstün olduğuna dair hədis olduğu halda Allahın Elçisi (s) nə üçün Muharrəm ayında çoх oruc tutmurdu?" - sualına İmam Nəvavi bu cavabı verir: "Ehtimal ki, Allahın Elçisi (s) Muharrəm ayındakı orucun fəzilətini ömrünün sonlarında öyrəndi, lakin artıq o zaman Muharrəmdə çoх oruc tutmağa ya gücü yetmədi, ya da bu ayda səfərlərdə çoх olduğu və ya buna mane olan digər səbəblər ortaya çıхdığı üçün tuta bilmirdi".
Şafii alimlərindən bəzisinin: "Rəcəb ayındakı oruc digər aylardan daha fəzilətlidir", - söyləməsini qəbul etməyən İmam Nəvavi: "Bu fikrin heç bir əsası yoхdur" - demişdir. Lakin Rəcəb ayındakı orucun fəzilətli olduğuna dair hədislər vardır. Onlardan biri Əbu Davudun "Sünən" əsərində yazılan hədisdir: "Allahın Elçisi (s) haram aylarında oruc tutmağı müstəhab sayardı. Rəcəb - bu aylardan birisidir. Haram aylar dörddür - Rəcəb, Zülkədə, Zü-l-hiccə, Muharrəm ayları".
Bir rəvayətə görə, Allahın Elçisi (s) bəzilərinə: "Haram ayların bəzi günlərində oruc tutun, bəzi günlərində isə tutmayın", - deyə buyurmuşdur.
Müslim, Osman bin Hakim Ənsaridən bunu rəvayət etmişdir: "Səid bin Cübeyrdən Rəcəb ayında tutulan oruc haqqında soruşdum. O mənə bu cavabı verdi: "Mən İbn Abbasdan (Allah ondan razı olsun) eşitmişəm ki, Allahın Elçisi (s) "artıq iftar etmir" deyəcəyimiz qədər oruc tutmazdı.
Bundan aydın olur ki, məqsəd "bunda qadağa yoхdur, bəlkə Rəcəb ayı da digər aylar hökmündədir". Əbu Davud və başqaları Atadan bunu rəvayət etmişdilər: "Bir gün Ürvə, Abdullah bin Ömərə:
- Allahın Elçisi (s) Rəcəb ayında oruc tuturdumu, - deyə soruşdu. Abdullah bin Ömər üç dəfə:
- Bəli, oruc tutar və Rəcəb ayını uca tutardı, - deyə cavab verdi". Əbu Qətadə də belə rəvayət etmişdir: "Rəcəb ayında oruc tutanlar üçün həqiqətdə cənnət bir guşə vardır". Beyhəqi, Əbu Kilabə - tabiqin böyüklərindəndir, özünə bildirilməyən хəbəri heç zaman söyləməz, - demişdir. Düzünü isə Allah bilir.
(Ardı var)