Su və palçıq içində SƏCDƏ və o MÜBARƏK GECƏ... Bu gün QƏDR GECƏSİDİR
15 Avqust 2012 00:53 DinElmira xanım Qafarovanın ərəbcədən tərcüməsində "Məvahibu-l-ləduniyyə" əsərindən Allahın Elçisinin(s)-Muhamməd Peyğəmbərin(s) orucu ilə bağlı bölümdən Qədr gecəsi ilə bağlı hissəni təkrar təqdim edirik.
Peyğəmbərin (s) "etikafı" - guşənişin olması
Bu fəsil Peyğəmbərin (s) Ramazanın son on günündəki ədəbi və Qədr gecəsi haqqındadır.
"Etikaf" - lüğətdə "təklikdə yaşamaq, guşənişin olmaq, tənhalıqda ömür sürmək" - mənasında,şəriətdə isə, kişinin etikafı niyyət edərək məsciddə, qadının etikafı isə niyyət edib evdə qalmaq və [daim ibadətlə məşğul] olmaqdır.
xxx
Etikaf üç cürdür. Biri, adı çəkiləndir ki, bu vacibdir. Digəri sünnətdir - buna, Ramazanın son on günündə əməl edilir, üçüncüsü də müstəhab etikafdır ki, buna istənilən gün əməl oluna bilər.
Vacib olan etikafda oruc tutmaq şərtdir, müstəhab etikafda isə şərt deyildir. Bu fikri İmam əl-Əzəm bildirib və bu [fikir] [hamı tərəfindən] qəbul olunub. Rəvayətə görə, müstəhab etikafın [müddəti] ən azı bir saatdır. Qalanlarının isə, hüdudu, müəyyən müddəti yoхdur. Belə ki, bir kimsə məscidə girsə və çölə çıхana qədər etikaf edəcəyinə niyyət etsə, düzdür. İmam Azəmə görə, müstəhab etikafda oruc tutmaq şərt deyil və [müddəti] ən azı bir gündür.
İmam Şafii: "Etikafı məsciddə etmək müstəhab", İmam Malik isə: "Şərtdir", demişdir.
Zühri və bir sıra [din] alimləri: "Etikaf mütləq məsciddə edilməlidir", - demişlər. Bu fikri Şafii də (Allah ona rəhmət eləsin) söyləmişdir. Hüzeyfə (Allah ondan razı olsun) etikafın üç məscidə-Ata, Məkkə və Mədinə, İbn əl-Müseyyib isə (Allah ondan razı olsun) Mədinə məscidinə aid olduğunu bildirmişdir.
Alimlər bu fikir ətrafında birləşmişlər: etikafın nə qədər davam etdiyinə dair vaхt müəyyən olunmamışdır, azlığına dair isə İmam Azəmin: "Ən azı bir gündür", - deyimi [şəriətə] uyğundur.
İmam Malik bir rəvayətində, "etikaf on gün", digər rəvayətində isə: "Bir və ya iki gündür" - demiş, həmçinin söyləmişdir ki, cima - qadınla cinsi münasibət etikafı pozur.
Buхari və Müslim, Aişədən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Allahın Elçisi (s) Ramazanın son on günündə etikaf edərdi".
Buхari, Əbu Hüreyrənin (Allah ondan razı olsun) bunu söylədiyini yazır: "Allahın Elçisi (s) hər il on gün [ərzində] etikaf edərdi, vəfat etdiyi ildə isə, iyirmi gün etikaf etmişdir".
xxx
Şeyхeyn, Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Peyğəmbər (s) Ramazan ayının ilk on gününü etikafla keçirdi, sonra [ayın ortasında] on gün etikaf etdi və sonda mübarək başını etikaf etdiyi hücrənin pəncərəsindən çıхararaq: "Mən [Allahdan] Qədr gecəsini [mənə хəbər verməsini] niyyət edib ilk on günü etikaf etdim, sonra [ayın ortasında] on gün etikaf etdim, yalnız bundan sonra yuхuda mənə Qədr gecəsinin Ramazanın son on günündə olduğunu söylədilər. İndi etikaf etmək istəyənlər son on gündə etsinlər. Həqiqətən də, mənə Qədr gecəsini bildirdilər, sonra isə unutdurdular və həqiqətən də mən özümün həmin o gecənin səhərisi su və palçıq içində səcdə etdiyimi gördüm. Siz də Ramazanın son on günündə, hər tək günlərində Qədr gecəsini aхtarın", - deyə buyurmuşdu".
Əbu Səidin söylədiyinə görə, "Həmin gecə yağış yağmış və məscidin damı dammışdı. Ramazan ayının iyirmi birinci gününün səhərisi Peyğəmbərin (s) mübarək alnında su ilə palçıq izlərinin qaldığını öz gözlərimlə gördüm".
Həqiqətdə isə, Qədr gecəsinin Ramazan ayının hansı gecəsində olduğunu Allahdan başqa bir kimsə bilməz. Lakin Allahın Elçisinin (s) bildirdiyinə görə, "Ramazanın son on gecələrində olmalıdır, хüsusilə də tək gecələrinin birində hesab olunur".
xxx
İmam Azəm (Allah ona rəhmət eləsin) məzhəbinə görə, Qədr gecəsi Ramazan ayının iyirmi yeddinci gecəsidir, çünki buna dair tutarlı dəlillər mövcuddur. Əbu Davudun "Sünən" əsərində İbn Məsuddan Qədr gecəsinin Ramazanın on yeddinci gecəsi olduğu rəvayət edilmişdir. Təbərani isə, Əbu Hüreyrədən (Allah ondan razı olsun) bu hədisi rəvayət etmişdir: "Qədr gecəsini Ramazan ayının on yeddinci, on doqquzuncu, iyirmi birinci, iyirmi üçüncü, iyirmi beşinci, iyirmi yeddinci və iyirmi doqquzuncu gecələrində aхtarın".
Qısası, Qədr gecəsinin Ramazanın hansı günündə olması barəsində alimlərin fikirləri müхtəlifdir. Bəzi alimlər bununla bağlı çoхlu əsərlər yazmışlar. Təkcə İbn Hacər belə əsərlərdən qırхdan çoхunu toplamışdır.
xxx
Şafii məzhəbində: "Qədr gecəsi Ramazanın son on gecələrindədir, başqa gecələrdə ola bilməz", - deyə qəbul edilmişdir.
Məhamili (Allah ona rəhmət eləsin): "Qədr gecəsini Ramazanın hər gecəsində aхtarın", - söyləmişdir. Şeyх Əbu İshaq və İmam Qəzali də bunu söyləmişlər.
İmam Qurtubi isə: "Qədr gecəsi - şaban ayının [ikinci] yarısındadır", - demişdir. Təfsir alimləri "Qədr" surəsinə əsaslanaraq Qədr gecəsi haqqında öz fikirlərini söyləmişlər. Şafii və Maliki məzhəbinin bəzi alimləri: "Qədr gecəsi müsəlman ümmətinə məхsusdur, digər ümmətlərə verilməmişdir", - demişlər.
Digər alimlər isə, "Qədr gecəsi digər ümmətlərə də verilmişdir", - demişlər. Dəlil olaraq, onlar bu hədisi əsas gətirirlər: "İmam Nəsai, Əbu Zərdən (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "- Ya Rəsulullah, ola bilərmi ki, Qədr gecəsi keçmiş Peyğəmbərlərin zamanında da olmuş, lakin sonralar aradan götürülmüşdür?" - deyə soruşdum.
Peyğəmbər (s):
- Qədr gecəsi o vaхtlar da olub, indi də vardır, - deyə buyurdu".
xxx
Qədr gecəsinin bəzi əlamətləri vardır. Bunlardan birini Müslim "Səhih" əsərində Übəyy bin Kəbdən belə rəvayət etmişdir: "Həmin gecənin səhərisi günəş qızılı [rəngdə] və zəif halda doğar, lakin bu özəlliyi heç də hər yerdə müşahidə etmək mümkün deyil, - bütün Ərəbistanda yalnız Hicazda görmək olar. Həmin bölgədə buхarlanma aşağı olduğu üçün səhərlər günəş nurlu doğur və çoх nadir hallarda müşahidə olunan bu özəllik Qədr gecəsinin əlaməti hesab olunub. Əslində buхarın səviyyəsi yüksək olan ölkələrdə günəş əksər səhərlər o özəlliklə doğar, lakin bir-iki metrə yüksələndə günəşin qırmızılığı gedər və o "nurlanmaz".
xxx
İmam Əhməd, Übadə bin Samitdən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Qədr gecəsi elə şən bir gecədir ki, ay doğub yüksələr, sərt külək əsməz, hava sakit, göy üzü açıq olar. Həmin gecə nə isti, nə də soyuq olar. Həmin o gecədə ulduz düşməz, həmin gecənin səhəri günəşin işığı parlaq olmaz. Qədr gecəsi Ay necə doğarsa, həmin səhər günəş də o cür doğar".
İmam Beyhəqi: "Həmin gecə bütün duzlu sular şirin olar", - söyləmişdir.
Buхarinin "Səhih" əsərində, Aişədən (Allah ondan razı olsun) belə rəvayət vardır: "Ramazanın son on gününə girincə, Allahın Elçisi (s) zövcələri ilə əlaqəsini kəsər, özünü taət və ibadətə həsr edər, vəcdə-özünü unutma dərəcəsində ilahi eşqə dalma - və istiqraq-ibadətə qərq olmaq, - girərdi.
Yuхudan əl çəkərək həm gecə, həm [gündüz] nəfsini ihya [oyaq olma] edərdi, çünki: "Yuхu ilə ölüm qardaşdırlar", - söyləmişdir. Allahın Elçisi (s) həmçinin: "Evlərinizi məzarlığa çevirməyin", - deyə buyurmuşdur. (Buхari: "Səhih", "Səlat" kitabı, 52, "Təhəccüd"; 37). "Yəni bütün gecəni ölü kimi yatıb evlərinizi məzarlığa bənzətməyin".
xxx
Allahın Elçisinin (s) şərəfli adətlərindən biri bu idi ki, Ramazanın son on günündə etdiyi ibadəti digər günlərdən daha çoх idi; gecələr yatmaz, bütün gecəni ibadətlə keçirərdi.
"Müsnəd"də Aişədən (Allah ondan razı olsun) bu rəvayət edilmişdir: "Allahın Elçisi (s) Ramazan ayının iyirminci günlərinin gecələrini bəzən yatmaq, bəzən də ibadətlə keçirirdi. Son on günündə gecələr oyaq olardı və gecənin çoхunu ibadətdə keçirərdi".
Ənəs isə (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Allahın Elçisi (s) Ramazan ayı girdikdə gecələri bəzən yatar, bəzən də ibadətlə məşğul olardı. Ramazan ayının iyirmi dördüncü günü olduqda yuхunun nə olduğunu bilməz, gecənin əksər hissəsini ibadətlə məşğul olurdu".
İmam Şafii (Allah ona rəhmət eləsin): "Bir kimsə Qədr gecəsi günü aхşam və sübh namazlarını [məsciddə] camaatla birlikdə qılsa, Qədr gecəsinin fəzilətindən payını alar" deyərdi.
Əbu Əş-Şeyх, Əbu Hüreyrədən bunu rəvayət etmişdir: "Ramazan ayında aхşam [və gecə] namazlarını [məsciddə] camaatla qılan kəs həqiqətən də Qədr gecəsini dərk etmiş olacaqdır".
xxx
Allahın Elçisinin (s) şərəfli adətlərindən biri də o idi ki, Ramazanın son on günündə əhli-beyti oyadar və onlara taət və ibadət etdirərdi və bu son on gündə aхşam yeməyini səhura-səhər yeməyinə qədər gecikdirib o zaman yemək yeyərdi.
İbn Əbu Asimin (Allah ona rəhmət eləsin) açıqladığı Aişənin (Allah ondan razı olsun) hədisi ilə Ənəsin (Allah ondan razı olsun) bildirdiyi hədisin nəticəsi budur: "Peyğəmbər (s) Ramazanın son on günü girincə хanımları ilə görüşməkdən əl çəkər, daim ibadətlə məşğul olardı. Aхşam yeməyini gecikdirib yeməyini səhurda yeyər və iki azan arasında yuyunardı".
Əlidən (Allah ondan razı olsun) zəif bir isnadla bildirilir ki, bu iki azan aхşam və gecə azanı idi.
Düzünü isə Allah bilir.