Allahın Elçisi(s) neçə dəfə həccə gedib? - “Məvahibu-l-ləduniyyə”
16 Oktyabr 2012 15:29 DinHər il olduğu kimi bu il də zəvvarlarımız Həcc ziyarətinə yola düşüblər. Bəs Həcc ziyarəti nədir? Bu və digər suallara Elmira Qafarovanın ərəbcədən tərcüməsində "Məvahibu-l-ləduniyyə" əsərində cavab tapa biləcəksiniz.
Allahın Elçisinin(s) [bütün] ömrü boyunca nə qədər həcc etdiyi barədə rəvayətlər var Məsələn:
Tirmizinin Cabirdən rəvayət etdiyinə görə, Peyğəmbər(s) həcc ziyarətini cəmi üç dəfə icra etmişdir. Bunlardan ikisi hicrətdən əvvəl, biri isə hicrətdən sonra olub. Sonuncu həcclə bərabər Peyğəmbər(s) ümrə-kiçik həcc ziyarətini də icra edib.
İbn Macə və Hakim də Allahın Elçisinin(s) həcc ziyarətini üç dəfə icra etdiyini söyləyirlər.
İbn əl-Cövzi: "Peyğəmbər(s) bir neçə dəfə həccə getmişdir, [amma] sayı məlum deyil"-demişdir.
İbn əl-Əsr isə: "Allahın Elçisi(s) hicrətdən əvvəl hər il həccə gedərdi",-söyləmişdir. Düzünü isə yalnız Allah bilir:
İmam Muslim Cabirdən, (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Allahın Elçisi(s) Mədinəyə hicrət etdikdən sonra doqquz il həcc ziyarətini icra etmədi. Hicrətin onuncu ilində Allahın Elçisi (s) həccə gedəcəyini xalqa elan etdi. Bu səbəbdən Mədinəyə bir çox insanlar toplaşdı. Onların niyyəti Peyğəmbərlə(s) birlikdə həccə getmək və bu əmri yerinə yetirərkən Peyğəmbərin(s) edəcəyi bütün ayinlərə baxıb onu təkrarlamaq və yadda saxlamaq idi. Bu məqsədlə Rəsulullahla(s) birlikdə Mədinədən çıxıb Zü-l-Xüleyfəyə gəldik. Ümeysin qızı da (Allah ondan razı olsun) bizimlə idi. Orada o Muhəmməd bin Əbu Bəkri dünyaya gətirdi. Sonra o, (Ümeysin qızı) Peyğəmbərin(s) yanına bir adam göndərib: "Mən nə etməliyəm?"-deyə soruşdu. Peyğəmbər(s): "Yuyunduqdan və ayıb yerinə bez qoyduqdan sonra ihramını geyin",-deyə buyurdu. Ümeysin qızı Peyğəmbərin(s) dediyi kimi etdi. Sonrac Allahın Elçisi (s) Kusva adlı dəvəsinə minib yoluna davam etdi. Yolda olanda ətrafıma göz gəzdirdim və baxıb gördüm ki, qarşıda heyvanların üstündə və piyada gözüm görə bildiyi yerə qədər çoxu adamlar var. Arxamız, sağımız, solumuz da insanlarla dolu idi. Birlikdə getdiyimiz zaman Allahın Elçisinə(s) Quran ayələri nazil olurdu. Mənasını və yozumunu Peyğəmbər(s) bilirdi və biz ona(s) baxıb onun(s) etdiklərini təkrar edirdik".
***
İmam Nəsai isə belə yazır: "Cabir: (Allah ondan razı olsun) zül-kədə ayının bitməsinə beş gün qalmış Mədinədən çıxaraq Zü-l-Xüleyfəyə gəldik". Zü-l-Xüleyfə Mədinənin yaxınlığında bir yerdir. Allahın Elçisi(s) Mədinədən günorta çağı çıxdı, Zü-l-Xüleyfəyə axşamüstü yetişdi. Burada iki rükət axşam namazını qıldı. Həmin gecəni Peyğəmbər(s) orada keçirdi. Allahın Elçisi(s) axşam, gecə, sübh və günorta namazlarını orada qıldı. Onun(s) bütün zövcələri də yanında idi. Həmin gecə Allahın Elçisi(s) onların hamısına baş çəkdi, daha sonra yuyundu. Deyilənlərə görə, ihram geyinməzdən əvvəl [də] Peyğəmbər(s) bir daha yuyunmuşdur".
Tirmizi, Haricə bin Zeydin atasından bunu rəvayət etdiyini yazmışdır: "Allahın Elçisi(s) yuyunarkən səslə: "Ləbbeykə, Allahummə, ləbbeykə"-demişdir".
İndi hacılar ihram geyindikləri zaman bu sözləri söyləyirlər.
***
Allahın Elçisi(s) ihram geyinəcəyi zaman soyunub yuyunardı.
"Səhiheyn"də Aişədən (Allah ondan razı olsun) belə rəvayət edilmişdir: "Allahın Elçisi(s) ihram geyindiyi zaman "zərirə" adlanan xoş ətirli [yağı] vücuduna çəkərdi. Bu, ihram geyinilən zaman xoş ətirlərin vurulmasının müstəhab olduğuna dəlalət edir. İhram geyindikdən sonra [bədəndən] xoş ətrin qoxusu gəlsə zərər etməz. Amma ihramı geyindikdən sonra ətirdən istifadə etmək haram sayılır. İhramı geyinməzdən əvvəl ətir istifadə etmək müstəhabdır. İmam Azəm, İmam Şafii, İmam Əbu Yusif və İmam Əhməd məzhəblərində də bu qəbul olunmuşdur. Səhabələrin çoxu da bu cür bildirmişlər. İmam Həbabi və əksər alimlər də bunu söyləmiş və [təsdiq etmişlər]. İmam Malik isə ihram geyindikdən sonra qoxusu [uzun müddət] qalan xoş ətirin ihramı geyinməzdən əvvəl çəkilməsini qadağan etmişdir. Şayəd, bu qoxu qalsa, günah işlənmiş olar, lakin əvəzində fidyə verilməsi lazım gəlməz. Alimə (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Allahın Elçisi(s) geyinməzdən əvvəl mübarək başını gülxətmi və çökənlə ovardı". Ənəs bin Malik (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Allahın Elçisi(s) günorta namazını adı çəkilən yerdə (Zü-l-Xüleyfədə) qıldı. Daha sonra dəvəsinə mindi və Beyzə dağının başına çıxdığı zaman: "Ləbbeykə, Allahummə, ləbbeykə"-dedi". Əbu Davud da belə yazmışdır. Şeyxeyin İbn Ömərdən (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Allahın Elçisi(s) Zü-l-Züleyfədə: "Ləbbeykə, Allahummə, ləbbeykə" kəlmələrini yalnız məscidin yanında söylədi, başqa yerlərdə isə bu sözləri deməmişdir". Digər bir rəvayətə görə isə, Peyğəmbər(s) dəvəsinə mindiyi zaman və dəvə üstündə Zü-l-Xüleyfədə bir ağacın yanından keçərkən də "Ləbbeykə"-dedi. Ola bilsin ki, həmin ağac məscidin yanında idi və Peyğəmbər(s) dəvəsinə mindiyi zaman: "Ləbbeykə, Allahummə, Ləbbeykə"-demiş olsun". Digər bir rəvayətə görə isə, "Allahın Elçisi(s) mübarək ayağını üzəngiyə qoyduğu zaman "Ləbbeykə" söyləmişdir". Tirmizi və Əbu Davud, Cabirdən (Allah razı olsun) bunu rəvayət etmişlər: "Allahın Elçisi(s) həccə getdiyi zaman bu xəbəri carçı vasitəsilə xalqa bildirdi. Xalq toplaşdı və birlikdə Mədinədən çıxıb Beyzə dağına gəldikdə Allahın Elçisi(s) ihram geyindi". "Beyzə" sözünün lüğəvi mənası "səhra", "çöllük"dür. Burada isə Zü-l-Xüleyfə məscidinin hamar bir yerinə deyilir.
***
Əbu Davud, İbn Cubeyrdən (Allah razı olsun) belə rəvayət etmişdir: "Mən İbn Abbasın [danışdığı] Peyğəmbərin(s) ihlalı (ləbbeykə söyləməsi)na dair əshabın müxtəlif cür dediklərinə təəccüb etdim.
-Bunun səbəbi nədir, söyləyə bilərsinizmi?-deyə soruşdum. O, buyurdu: "-Allahın Elçisi(s) həccə gedərkən onun yanında idim. Əshabın ihlal (ləbbeykə söyləməsi) haqqında müxtəlif və fərqli fikir söyləmələrinin səbəbi budur: "Allahın Elçisi(s) həccə niyyət edib yola çıxdığı zaman Zü-l-Xüleyfə məscidində iki rükət namaz qılmış, namazdan sonra təhlil (ləbbeykə demişdir) etmişdir. İnsanlardan bir dəstəsi bunu eşidib yadında saxlamışdır. Sonra Peyğəmbər(s) dəvəsinə mindiyi zaman yenə də təhlil etmişdir. Bir dəstə adam da bunu eşidib yadında saxlamışdı. Allahın Elçisi(s) yoluna davam etmiş və "Beyzə" deyilən yerə yetişdikdə yenə də təhlil etmişdir. Bir dəstə adam da bunu eşidib yadında saxlamışdır. Beləcə, hər kəs özünün eşitdiyini rəvayət etmişdir. Mənə gəldikdə isə, [Peyğəmbərin(s) daim yanında olduğumdan] bunların hamısını eşitmişəm.
İbn Cübeyrin söylədiyinə görə, İbn Abbas(Allah ondan razı olsun): "Kim istəyirsə əgər, namazdan sonra [da] təhlil edə bilər, [Ləbbeykə, Allahummə] söyləyə bilər. Bunu İmam Azəm məzhəbi də qəbul edir.Beləliklə, ihram-hacıların büründüyü tikişsiz geyim-geyinəcək hər bir kəs [başdan ayağa] yuyunmalı və ya dəstəmaz almalıdır. [Başdan ayağa] yuyunmaq daha fəzilətlidir. Daha sonra vücuduna xoş ətir [li yağlar] çəkməli və ihramını geyinib iki rükət namaz qıldıqdan sonra: "Ya Rəbb, həcc ziyarətini icra etmək niyyətindəyəm, işimi asanlaşdır və [bu ziyarəti] məndən qəbul et "söylədikdən sonra: "Ləbbeykə, Allahummə, ləbbeykə!" Lə şərikə ləkə! Ləbbeykə. İnnə-l-həmdə va innə-n-nimətə ləkə va-l-mulkə, lə şərikə ləkə"-deməlidir. Hənəfi kitablarında belə yazılıb.
Ardı var
P.S. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşməyə başlayıblar. Zəvvarlar Bakı-Ciddə marşrutu üzrə 12-18 oktyabr tarixlərində 12 reyslə müqəddəs məkanlara yola salınacaqdır. Müvafiq olaraq 12 oktyabrda bir, 13 oktyabrda bir, 14 oktyabrda bir, 15 oktyabrda üç, 16 oktyabrda üç, 17 oktyabrda iki, 18 oktyabrda isə bir təyyarə Səudiyyə Ərəbistanına istiqamət götürəcək. Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtmaları nəzərdə tutulur. Müvafiq olaraq, 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarları Vətənə qaytaracaq.
Allah ziyarətinizi qəbul etsin!