Həcc necə fərz qılındı - “Məvahibu-l-ləduniyyə”
12 Oktyabr 2012 15:46 DinHər il olduğu kimi bu il də zəvvarlarımız Həcc ziyarətinə yola düşüblər. Bəs Həcc ziyarəti nədir? Bu və digər suallara Elmira Qafarovanın ərəbcədən tərcüməsində "Məvahibu-l-ləduniyyə" əsərində cavab tapa biləcəksiniz.
Həcc sözünün lüğəvi mənası- niyyət,arzu, meyl, şəriətə görə isə müəyyən olunmuş vaxtda Kəbəni ziyarət etmək deməkdir. Həccin fərz olunması "Quran"da da öz əksini tapmışdır. Belə ki, Allah-Təala "Qurani-Kərim"də buyurur: "Orada [Kəbədə] aydın nişanələr-İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Gücü çatan hər bir kəsin həccə getməsi və o evi ziyarət etməsi Allahın qarşısında insanların borcudur. Kim bu borcdan boyun qaçırsa, [günah etmiş olar]. Əlbəttə, Allah aləmlərə möhtac deyildir!" ("Ali-İmran"; 97-ci ayə). Bu şərəfli ayədəki: "gücü çatan hər bir kəsin" ifadəsi o deməkdir ki, ağlı başında olan və yetkinlik yaşına çatan hər bir kəsin evində, eləcə də gedib-gələnə qədər özünə və ailəsinə xərcləməyə yetəcək qədər malı, pulu varsa, həmin kəsə ömründə [heç olmasa] bircə dəfə həccə getmək vacibdir.
Həccin bir şərti də zəvvarın yolculuqda əmniyyətdə [əmin-amanlıqda] olmasıdır-Əgər zəvvar qadındırsa, həcc ziyarətinə əri və ya məhrəm [bir kəslə] getməsi vacibdir.
Həccin bir dəfə fərz olduğunun dəlili budur. Yuxarıdakı ayə Allahın Elçisinə(s) nazil olduqdan sonra o insanları bir yerə topladı və onlara "Allah-Təala sizə həcci fərz qıldı", deyə buyurdu. İnsanlar:
-Ya Rəsulullah! Hər il, yoxsa həyatımız boyunca bir dəfə?-deyə soruşdular.
Rəsulullah:
-Hər il yox, həyatda [cəmi] bir dəfə,-deyə buyurdu.
İmam Nəsai İbn Abbasdan (Allah ikisindən də razı olsun) bunu rəvayyət etmişdir: "Allahın Elçisi(s) xalqa: "Allah-Təala üzərinizə həcci fərz qıldı", buyurduqda Əkra Bin Habis:
-Ya Rəsulullah, bizə hər ilmi həcc etmək buyurulmuşdur?,-deyə soruşdu.
Allahın Elçisi(s):
-Əgər "bəli" desəydim, bu zaman həcc hər il vacib olardı,-deyə buyurdu.
Həccin həyatda bir dəfə fərz olduğu beləcə qəti qərarlaşdı.
***
Tirmizi, Əlidən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Allahın Elçisi(s) buyurmuşdur: "Həccə getməyə fiziki və maddi cəhətdən gücü çatan kimsə Allahın evini ziyarətə getməsə ona yəhudi və xristian kimi ölmək lazım deyildir". Yəni imkanı və gücü çatan [hər bir] kəs Allahın evini ziyarət etməlidir, əgər etməsə, deməli, həmin kəs bu dünyadan kafir, imansız kimi köçüb gedər.
Həm fiziki, həm maddi cəhətdən [artıq] gücü yetən kəsə həccə getməsi [mütləq] lazımdır, yoxsa həmin kəs onu müvəqqəti təxirə sala bilər? Bu barədə alimlərin fikirləri müxtəlifdir. İmam Əbu Yusif və İmam Azəmə görə, həcc ziyarətinin dərhal icra olunması vacibdir, həcci gecikdirən [və ya onu təxirə salan] fasiq-yolundan azmış olur, onun üzrxahlığı qəbul edilməz.
İmam Muhəmməd və İmam Şafiiyə görə isə, həccə getmək istəyən kəs həccini təxirə salsa, günaha batmaz, amma həccə getmədən vəfat edərsə, fasiq və günahkar kimi dünyadan getmiş olar. Lakin yuxarıda söylənmiş fikir [İmam Əbu Yusif və İmam Azəmin söylədikləri] daha üstün və doğrudur, çünki insan bir il içində vəfat edə bilər. Ən yaxşısı həccə tam hazır olduğu il həcc etməsidir. İmam Malik də bu fikirdədir.
***
Əbu Davud, Abdullah bin Abbasdan (Allah ikisindən də razı olsun) bunu rəvayət etmişdir: "Allahın Elçisi(s) "Həccə niyyət etmiş kəs tələssin!"-deyə buyurmuşdur. Bu şərəfli hədisdən həccə tələsməyin vacibliyi aydın olur.
Həccin nə zaman fərz olduğuna dair fikir ayrılığı mövcuddur. Bəzi alimlər həccin hicrətdən əvvəl fərz qılındığını söyləyirlər. Lakin bu fikir əsassızdır. Digər alimlər isə həccin hicrətdən sonra fərz olduğunu deyirlər. Bu fikir daha üstündür [çünki barəsində şərəfli hədislər vardır]. Amma bu alimlər arasında da həccin dəqiq olaraq hansı ildə fərz olduğuna dair fikir ayrılığı var.
Bəzi alimlər isə həccin hicrətin altıncı(628-ci) ilində fərz olduğunu söyləyirlər, çünki "va ətimmu-l-haccə va-l-umrətə lillahı"-şərəfli ayənin məhz həmin ildə nazil olduğu deyilir. Onlar: "Ayədəki "itməm" sözünün mənası da həccin ilk dəfə [hicrətin 6-cı ilində] fərz olduğuna dəlalət edir",-deyə söyləyirlər. Əlqamə, Məsruq və İbrahim ən-Nəsai (Allah rəhmət eləsin) də bu fikir ətrafında birləşirlər. Bunu İmam Təbərani həqiqi qaynaqlara əsaslanaraq rəvayət etmişdir.
Bəzi alimlər "itməm" sözündə məqsəd həcc fərz qılındıqdan sonra tamamlanması deməkdir" fikirindədir. Buradan həccin daha əvvəl fərz olunduğu aydınlaşır.
İmam Vaqidiyə görə isə, həcc hicrətin beşinci (627) ilində və ya daha əvvəl fərz olunmuşdur.
Bəzi alimlər də bir sıra dəlillər gətirərək həccin hicrətin doqquzuncu və onuncu ilində fərz olunduğunu, buna dəlalət edən ayənin hicrətin doqquzuncu ilində və Təbuk yürüşünün baş verdiyi ildə nazil olduğunu söyləyirlər.
Ardı var
P.S. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşməyə başlayacaqlar. Zəvvarlar Bakı-Ciddə marşrutu üzrə 12-18 oktyabr tarixlərində 12 reyslə müqəddəs məkanlara yola salınacaqdır. Müvafiq olaraq 12 oktyabrda bir, 13 oktyabrda bir, 14 oktyabrda bir, 15 oktyabrda üç, 16 oktyabrda üç, 17 oktyabrda iki, 18 oktyabrda isə bir təyyarə Səudiyyə Ərəbistanına istiqamət götürəcək. Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtmaları nəzərdə tutulur. Müvafiq olaraq, 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarları Vətənə qaytaracaq.
Allah ziyarətinizi qəbul etsin!