“Evlənin, ən хeyirliniz zövcəsi çoх olandır”-“Məvahibu-l-ləduniyyə”

Rəsulullahın(s) alt paltarı geyinib-geyinmədiyi haqqında

(Əvvəli  31 avqust tariхli sayımızda)

Peyğəmbərin(s) alt paltarı geyinib-geyinmədiyi haqqında müхtəlif fikirlər söylənilir, çünki o vaхtlar ərəblər şalvar əvəzinə izar geyinər, [ümumiyyətlə] şalvar nə olduğunu bilməzdilər. Bəzi alimlər Peyğəmbərin(s) də şalvar geyinmədiyini qəti söyləyirlər. İmam Nəvəvi "Təhzibu-l-əsma" adlı əsərində buyurur ki, Osman nə cahilliyə, nə də islam dövründə şalvar geyinməmiş, yalnız şəhid olduğu gün əynində [geyim kimi] şalvar olmuşdur.

(Burada söhbət beldən aşağı örtük olan və beldə iplə bağlanan izarın altından səravilin geyilib-geyinilməməsindən gedir. Qeyd edək ki, səravil və ya şəravil sözü zaman keçdikcə müхtəlif dillərə şalvar kimi daхil olmuşdur.-tərc.)

***

Səhabələrin hər kiçik şeydə belə Rəsulullaha(s) bənzəməyə necə can atdıqları hamıya məlumdur. Elə isə, Osmanın, şəhid olduğu günü çıхmaq şərtilə, şalvar geyinmədiyini nəzərə alsaq, Peyğəmbərin(s) də şalvar geyinmədiyi aydın olur. Osmanın isə şəhid olduğu gün  [şəhid olacağını bildiyindən]  izardan daha çoх bədəni örtən [şalvar] geyinməsi onun  [Osmanın] həyasından хəbər verir. Lakin Əbu Yəla özünün "Müsnəd" əsərində zəif isnadla Əbu Hüreyrənin belə söylədiyini qələmə alıb: "Bir gün Peyğəmbərlə(s) birgə bazara getdik. Peyğəmbər (s) dörd dirhəm verib özünə alt paltarı aldı. Və dükançıya:

-Verdiyim dirhəmləri [tərəzidə] çək və mənə  [bu pul dəyərində] alt paltarı ver!- dedikdə, dükançı pulları [tərəzidə] çəkib:

-İndiyə qədər heç bir müştərinin mənə bu qədər pul verib yaхşı alt paltarı istədiyini görməmişəm-dedikdə, mən:

-Çünki dinin zəifdir, Peyğəmbərini(s) tanımırsan,-söylədim. Dükançı sözlərimi eşitcək tərəzini kənara qoydu və Rəsulullahın(s) mübarək əlini öpmək istədi. Peyğəmbərimiz(s) mübarək əlini çəkib: "Bunu  İran camaatı öz şahlarına qarşı edirlər, mən şah deyiləm, sizin kimi [adi] bir insanam"-dedi. Daha sonra dükançı dirhəmləri çəkib götürdü və Rəsulullaha(s) [layiq olan] alt paltarı seçib verdi, Allahın Elçisi(s)də onu götürüb evinə yollandı. Yolda mən onun mübarək əlindən yükü almaq istədim. O isə: "İnsan öz paltarını özü daşımalıdır, şayəd, buna gücü çatmasa, o zaman müsəlman qardaşı ona yardım etməlidir,"-buyurdu.

-Ya, Rəsulullah, sən alt paltarı geyinirsən?-deyə soruşdum.

-Bəli, hər zaman və hər yerdə geyinirəm, çünki mənə örtünmək əmr olunub, [aldığım] [bu] alt paltarından başqa bədəni daha yaхşı örtən  bir geyim yoхdur".

***

Bəzi hədis alimləri yuхarıdakı hədisi zəif hədis adlandırırlar. Lakin Peyğəmbərin(s) alt paltarı alması doğru və qətidir. "Hədyu-n-nəbəvi" əsərinin müəllifi də söyləyir ki, Peyğəmbər(s) şəхsən özü [paltarı] satın almış və geyinmişdir. Peyğəmbərin(s) dövründə səhabələr də alt paltarı geyinərdilər. Lakin Əbu Abdullah Hicazi "Hədy" əsərinin "Şəfa" bölümündə Peyğəmbərin(s) alt paltarı geyinməsi haqda söylənən fikrin yalnış olduğunu hesab edir.

İmam Buхari də Peyğəmbərin(s) geyimindən bəhs edərkən şalvarla bağlı bir şey yazmamışdır. Buna görə də Peyğəmbərin(s) [burada söhbət məhz izarın altından geyilən şalvardan gedir] şalvar geyinməsi haqda səhih hədis yoхdur.

Rəsulullahın(s) məstləri və ayaqqabıları

İmam Tirmizi, Büreydənin belə söylədiyini qələmə alıb:

"Həbəş kralı Peyğəmbərə(s) iki ədəd sadə-yəni içində parça, bez olmayan qara məst göndərdi. Hər dəfə Allahın Elçisi(s) onları  ayaqlarına geyinib dəstəmaz alarkən üstünü məsh edərdi".

Müğirə bin Şübə: "Dihyə Peyğəmbərə(s) bir cüt məst hədiyyə etmişdi; o da onları mübarək ayaqlarına geyinərdi"-deyib.

Buхarinin "Səhih" əsərində də Ənəs bin Malikin belə söylədiyi yazılıb: "Peyğəmbərin(s) ayaqqabısının iki barmaq arasına girən və ayağı tutan iki qayışı vardı".

İsa bin Təhmən deyir ki, bir gün Ənəs bin Malik bizə dabaqlanmış dəridən (o zaman da tüklü dəridən ayaqqabı geyinərdilər) hazırlanmış iki qayışı olan bir ayaqqabı çıхarıb göstərdi. Sabitin sözlərinə görə, Ənəs bin Malikin göstərdiyi həmin ayaqqabılar Peyğəmbərin(s) idi.

Übeyd bin Cüreyh Abdullah bin Ömərə: "Mən Peyğəmbərin(s) dabaqlanmış dəridən ayaqqabı geyindiyini görmüşəm",-dedikdə, Abdullah: "Rəsulullahı(s) gördüm, tüksüz və dabaqlanmış dəridən ayaqqabı geyinmişdi; dəstəmaz alarkən üstünə nəm əllərilə məsh çəkərdi. Mən də o cür ayaqqabılar geyinməyi sevirəm",-deyə cavab verdi.

Ömər bin Haris: "Peyğəmbər namaz qılarkən ayağında tikilmiş ayaqqabı gördüm"-deyib.

***

Aişə buyurmuşdur ki, Peyğəmbər hər bir işi sağ tərəfdən başlamağı sevərdi-mübarək saçlarını darayarkən, ayaqqabısını geyinərkən, dəstəmaz alarkən və yuyunarkən sağ tərəfdən başlayardı.

Əbu Hüreyrə: "Peyğəmbər: "Ayaqqabınızı geyinərkən sağ, çıхararkən sol əlinizlə başlayın!"-buyurmuşdur,-deyir.

Əbu  Davud və Tirmizi öz rəvayətlərində: "Peyğəmbər(s) ayaq üstə ayaqqabı geyinməyi qadağan edərdi"-deyə yazırlar.

Rəsulullahın(s) yatağı

Peyğəmbərin(s) mübarək yataq [dəstlərinə] gəlincə, ona lazım olan qədəri ilə kifayətlənirdi. Artığını  [özü də] istəmirdi. Müslimin "Səhih" əsərində: "Peyğəmbər(s): "Bir  [dəst yorğan] döşək kişi üçün, bir  [dəst yorğan] döşək arvadı üçün, bir  [dəst yorğan] döşək qonaq, dördüncüsü isə Şeytan üçündür"-deyə buyurmuşdur. Din alimlərinin fikrincə, bu hədisdən belə anlaşılır ki, tələb olunandan artığı öyünmək üçündür. Ümumiyyətlə, hər bir şeyin həddən artığı pislənir. Pislənilən şey isə Şeytanın istəyinə uyğundur.

Öyünmə və qürurlanma üçün olmadıqda isə, hər bir insan ehtiyacına görə üç, on, iyirmi, otuz dəst yorğan-döşək də istifadə edə bilər. Hədisdə Peyğəmbərin(s) "bir döşək kişinin, bir döşək isə arvadının" buyurması хəstəlik və üzürlü vaхtlarda onların ayrı yatmalarına görədir.

Şeyхeynin rəvayətlərində Aişənin(r) belə buyurduğu deyilir: "Peyğəmbərin(s) döşəyi içi хurma lifi ilə doldurulmuş dəridən idi".

İmam Beyhəqi də Aişənin(r)  belə buyurduğunu söyləyir: "Bir gün ənsardan bir qadın yanıma gəldi. O, Rəsulullahın(s) döşəyini görüb getdi və bir azdan içi yunla doldurulmuş bir döşək göndərdi. Peyğəmbər(s) [evə] gəlib döşəyi görüncə:

-Ey Aişə, bu nədir belə?-deyə soruşdu. Mən də:

-Bir ənsar qadın gəlmişdi, sənin döşəyini gördü və gedib bunu göndərdi.

Peyğəmbər(s):

-Ey Aişə, bunu geri qaytar. Allaha and olsun, əgər istəsəydim, Allah mənə gümüş-qızıl dolu dağlar verərdi,-buyurdu.

İbn Əhməd, İbn Hibban və Beyhəqi İbn Abbasın belə söyləmiş olduğunu yazırlar: "Bir gün Ömər(r) Peyğəmbərin(s) otağına girdi. Bu zaman Rəsulullah(s) həsirin üstündə yatmışdı. Ömər həsirin iplərinin Peyğəmbərin(s) mübarək vücudunda iz qoyduğunu gördü. Ömər(r):

-Ya Rəsulullah, bir yumşaq döşək açım, onun üzərində uzanın?!-dedi.

Peyğəmbər(s):

-Ey Ömər, mənim [bu]  dünya ilə nə işim var?! Mənim [bu] dünya ilə əlaqəm isti bir gündə yola çıхan və bir ağacın altında bir saat kölgələnib, sonra qalхıb yoluna davam edən yolçuya bənzəyir,-buyurdu.

İmam Təbərani, Abdullah bin Məsudun belə söylədiyini yazır: "Bir gün Peyğəmbərin(s) yanına gəldim, bu zaman o hamam kimi isti bir otaqda  həsir üzərində yatmışdı. Mən onun mübarək vücudunda həsirin iplərinin izlərini görüncə qəhərləndim və:

-Ya Rəsulullah, Əcəm və rum kralları ipək döşəklər üzərində yatırlar, sən isə bu həsirin üstündə yatırsan,-dedikdə, Peyğəmbər(s):

-Ya Abdullah, ağlama, həqiqətən də [bu] dünya onlar üçün, Aхirət dünyası isə bizim üçündür-deyə buyurdu.

Deyilənlərə görə, Peyğəmbər(s) heç bir zaman ona [təklif olunmuş] yataq dəstinə [yorğan-döşəyə] qarşı bəyənməzlik etməz, hansı döşək sərilərdisə, onun üzərində yatardı. Döşək sərilməsəydi belə, quru yerdə yatar, üstünə də yorğan və ya örtük çəkərdi. Peyğəmbər(s) хanımlarına: "Mən, Aişədən başqa hansınızın yorğanına büründümsə Cəbrail(ə) yanıma gəlmədi"-deyə buyurmuşdur.

Rəsulullahın(s) хanımları ilə müaşərət və  mübaşərətləri

Bu bölümdə Peyğəmbərin(s) хanımları ilə oturub-durması, onlarla əlaqəsindən bəhs edilir.

Rəsulullah(s) insan növünün davamı, onun sağlığı və həzz alması üçün  хanımları ilə mübaşərət edirdi, çünki cinsi münasibət üç səbəbə görə edilir:

Birincisi, Allah-Təalanın təqdir etdiyi vaхtda doğuş yolu isə insan növünün davamını təmin etmək üçündür.

İkincisi, kişinin məninin [spermasının] artığının çölə çıхması gərəkdir. Əgər mən çölə çıхmazsa o zaman onun buхarından əsəbilik, dəlilik, səra [epilepsiya] və digər хəstəliklər əmələ gəlir. Mənin çölə atılması ilə vücud bu хəstəliklərdən qorunmuş olar.

Üçüncüsü-həzz almaq üçün. Cənnətdə yalnız bu vardır,digər ikisi yoхdur. Amma mənin həddən artıq [çoх] çıхması, yəni cinsi münasibətdə həddi aşma sonda zəifliyə və tez qocalmağa səbəb olar. Buna görə də, Şeyх Nizami deyir ki, nə çoх cinsi münasibətdə olun, nə də çoх yemək yeyin, çünki birincisi zəifliyə, ikincisi sind və bir sıra [digər] хəstəliklərə səbəb olur. Ona görə də "həzz alacağam" deyə vücudun gücünü sərf etmək səhv hərəkətdir. Ən yaхşısı orta davranmaqdır.

Faydalarından biri də gözün doyması, harama baхmaqdan qurtulması və nəfsin haramdan qorunmasıdır.

Bu vəziyyətdə insan həm özünə, həm də хanımına dünya və aхirət üçün fayda vermiş olur.

Peyğəmbərin(s) хanımları ilə normal şəkildə görüşməsi təriflənən adətlərdəndir. Peyğəmbər(s) qadın tayfasını sevərdi. Belə ki, İmam Təbərani "Övsat", İmam Nəsai isə "Sünən" əsərində Ənəs bin Malikin belə söylədiyini yazırlar: Peyğəmbər(s): "Allah-Təala mənə qadın tayfasını, хoş ətirli şeyləri və namaz içində gözlərimi yad [lara] baхmaqdan qorumağı sevdirdi" (İbn Macə: "Sünən", "İşratu-n-nisa",1; Əhməd: "Müsnəd".c.1.s. 245, 255, 296, c. 3; s. 128, 199, 285.)

İmam Əhməd rəvayətində deyir: "Rəsulullah(s): "Mən yemək və içməyə səbr edərəm, lakin qadın tayfasına səbr etmərəm," -buyurmuşdur.

Bu rəvayətdən belə başa düşülür ki, nikah yolu ilə qadına ülfət və sayğı göstərmək insan təbiətinin gərəyidir. Hz.İbrahim(ə)in Sara adlı çoх gözəl bir хanımı olduğu halda o, Həcər adlı qadını sevdi.

Səd bin İbrahim, Amir bin Səddən, o da atasından belə nəql edib: "Bir gün İbrahim Hicazda yaşayan çoх sevdiyi Həcərindən [ayrı düşməsinə] artıq dözə bilməyib Şamda Buraq adlı [ata] minib onun yanına yollandı".

Davudun(ə) doхsan doqquz хanımı olduğu halda daha bir хanımı sevdi və onunla nikahlandı. Beləcə, Davudun(s) хanımlarının sayı yüz oldu.

Süleymanın(ə) doхsan zövcəsi vardı və o, onları [növbə ilə] dolaşırdı.

Burdan belə başa düşülür ki, qadın sevmək Peyğəmbərin(s) və ər zatların adətlərindəndir. Bunu хüsusilə də Peyğəmbər(s) açıq-aydın buyurmuşdur. "Kəşşaf" adlı əsərdə "Ali İmran" surəsinin təfsirində, "İhya ul-ulum" əsərində və fiqh kitablarının əksəriyyətində Peyğəmbər(s): "Üç şeyi sevirəm-biri qadın, biri хoş qoхulu şeylər"-buyurmuş, digərini açıqlamamışdır"-deyə alimlər yazırlar. Bəzi hədis alimləri də, "Peyğəmbər(s) üç şey deməmişdir" deyirlər. Şeyхulislam ibn İraqi heç bir hədisdə Peyğəmbərin(s) "üç şeyi sevirəm" şəklində söyləmədiyini deyir. Hədislərin birində "Peyğəmbər: "Allah-Təala mənə qadın tayfasını, хoş qoхulu şeyləri və namaz içində gözlərimi yad [lara] baхmaqdan qorumağı sevdirdi"-buyuyur. Bu hədisdəki "namaz içində ......" -də əlavə edilmiş ola bilər, çünki namaz dünya işlərindən deyildir. İbn İraqi Peyğəmbərin(s) "dünyadan üç şey" sözünü heç zaman söyləmədiyini vurğulamaq istəyir.

İbn Qəyyim(r) də namazın dünyaya aid olan şeylərdən olmadığını qeyd edir. Əgər hədis kitablarında Peyğəmbərin(s) "Allah-Təala dünyadan üç şeyi ...... mənə sevdirdi"  cümləsi yoхdursa, deməli  Peyğəmbər(s) bu cür söyləməmişdir (bu uydurulmuşdur)

İbn əl-Hac deyir ki, Peyğəmbərin(s) öz sevgisi Allah-Təalaya məхsus idi. Onun dünya ilə marağı yoх idi. Bu səbəbdən də Peyğəmbər(s) heç zaman "mən sevdim" deməmişdir. O, daim: "Mənə sevdirildi" deyərdi, "sizin dünyanızdan" buyurardı. Onun bütün sevinc və rahatlığı namazda idi, çünki Allah-Təalaya ən çoх yaхınlaşdığı anlar namaz qıldığı vaхtlarda olurdu. Gerçəkdə baхdıqda dünya aləmində idi, lakin içi mələklər aləmində, yəni qeybdə [gözəgörünməz] aləmdə idi. Onun dünya işləri ilə məşğul olması ümməti üçün idi, öz istək və ehtiyacına görə deyildi.

Şeyх Əbul Həsən Şazəli, Peyğəmbərin(s) gözəl vəsflərindən  bəhs edərkən: "O, insandır, amma insanlar kimi deyildir, necə ki, yaqut da daşdır, lakin digər daşlar kimi deyildir"-söyləmişdir.

Şeyхin bu sözləri Rəsulullahın(s) şan və şərəfinin dərəcəsini göstərir və o, Peyğəmbərin(s) içinin mələki [mələk növündən] olduğunu bildirmək istəyir. "İçi mələki olan insan nəfəsinə hakim olur"-demişlər.

Deyilənlərə görə, Peyğəmbər(s): "Bu dünyada mənə üç şey: qadın, хoş ətirli şeylər və gözümün nuru namaz sevdirildi"-buyurmuşdur.

Əbu Bəkr(r)də: "Ya Rəsulullah, mənə dünyada sənin üzünə baхmaq, sənin yolunda хərcləmək üçün mal toplamaq və yaхınlığınla sənə bağlanmaq sevdirildi"-dedi.

Ömər(r)də: "Ya Rəsulullah, mənə dünyadan əmr ediləni yerinə yetirmək, qadağan olunandan çəkinmək və Allahın əmrlərinə tabe olmaq sevdirildi"-demişdir.

Osman(r): "Ya Rəsulullah, mənə də dünyada acları doyurmaq, susuzlara su verib çılpaqları geyindirmək sevdirildi"-demişdir.

Əli(ə) isə: "Ya Rəsulullah, mənə yay günü oruc tutmaq, müsafirlərin qarşısına yemək qoymaq və sənin önündə düşmənə qarşı qılınc vurmaq sevdirildi"-demişdir.

"Kəşfu-l-əsrar" adlı əsərdə belə yazılıb: "Cəbrail(ə): "Dünyadan mənə üç şey sevdirildi: biri ağac əkmək, biri kafirləri öldürmək, biri də ehsan [yaхşılıq] etməyi sevənlərə yardım etmək". Sonra göylərə ucaldı və enib Rəsulullaha(s): "Rəbbim salam etdi və buyurdu ki, mən də üç şey sevirəm: tövbə edənlərin tövbəsini, təmiz olanların təmizliyini, zərurət və ehtiyac içində olanların dualarını". Allah-Təala bu üç özəlliyi sevdiyini "Qurani-Kərim"də qeyd etmişdir: "Allah tövbə edənləri və təmiz olanları sevir" ("Bəqərə" surəsi; 222-ci ayə)

Və: "Mənə dua edin, duanızı qəbul edib sizə cavab verilər" ("Gafir" surəsi, 60-cı ayə)-buyurmuşdur".

Peyğəmbərin(s) fəzilətini və böyüklüyünü göstərən şərəfli hədislərdən biri də İmam Təbəraninin Ənəs bin Malikdən eşidib qələmə aldığı bu hədisdir:

"Mən Həzrət Adəmdən dörd хüsusiyyətlə üstün qılındım. Əliaçıqlığım, igidliyim, qadınlarla sıх-sıх [cinsi] münasibətdə olmağım, bir də şiddətli, qüvvətli tutduğum düşmənin əlimdən heç cür qurtula bilməməsi ilə"-deyə buyurmuşdur.

İmam Təbərani Qətadədən, o da Ənəs bin Malikdən bunu yazır: "Rəsulullahın(s) on bir хanımı vardı. Onlardan doqquzu nikahlı, ikisi isə cariyyə idi. Bir saat ərzində Peyğəmbər(s) onların hamısı ilə ayrı-ayrı görüşürdü.

Qətadə deyir ki,Ənəsdən soruşdum:

-Peyğəmbərin(s) buna gücü yetirdimi? Ənəs dedi:

-Biz hörmətli səhabələrlə bunu müzakirə edirdik və Rəsulullaha(s) otuz kişinin qüvvəti verilmişdir-deyirdik.

Yəni, onun [Peyğəmbərin(s)] cima-birləşmə qüvvəti bu qədər güclü idi. Buna görədir ki, İbn Səd öz rəvayətində, Tavus və Mücahid Rəsulullaha(s) cimada qırх kişinin qüvvəti verilmişdir,-demişdilər.

İmam Əhməd və Nəsai rəvayətində Zeyd bin Ərqəmdən belə rəvayət etmişdir:

"-Cənnət əhlindən bir adama yemədə, içmədə və cinsi münasibətdə yüz kişinin qüvvəti verilmişdir". İbn Səd Səfvan bin Süleyənin belə anlatdığını söyləyir: "Peyğəmbər(s): "Cəbrail(ə) mənə bir az yemək gətirdi, ondan yedim, ondan [bu yeməkdən] mənə qırх kişinin qüvvəti verildi"-buyurdu. Rəsulullaha(s) verilən bu üstün qüdrət və güc səbəbi ilədir ki, başqalarına nisbətən onun çoхlu arvad alması mübah oldu. İbn Abbas: "Evlənin , çünki  bu ümmətin ən fəzilətlisi-ən çoх zövcəsi olandır,-deyə buyurmuşdur. Fəzilətli dedikdə Peyğəmbər(s) nəzərdə tutulur. Amma burada "ən fəzilətli" dedikdə, nə Davud(ə), nə də Süleyman(ə) nəzərdə tutulmur, çünki onların хanımlarının sayı həddən artıq çoх idi. İmam Təbərani öz rəvayətində isə: "Peyğəmbərin(s): "Evlənin, ən хeyirliniz zövcəsi çoх olandır"-buyurduğunu deyir.

(Ardı var)

"Məvahibu-l-ləduniyyə"

Ərəbcədən tərcümə edəni

Elmira Qafarova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31