Xəbər çatdırmaq mədəniyyəti və ya bəsitləşən jurnalistikamız - ŞƏRH
Vüqar Zifəroğlu: “Xəbər soyuq olur, amma jurnalist də daş deyil”
21 Noyabr 2013 18:01 SosialHər işin bir qaydası var. İstər yazılı, istərsə də yazılmayan fərqi yoxdur. Məsələn, hər hansı bir bəd xəbəri vermək istəyən insan onu müxtəlif formalara salır, xəbərin təsirini azaltmağa çalışır. El arasında ərdəmli insanlar hər zaman pis xəbəri qarşısındakına çatdırmaq üçün düşünüb-daşınıb. Onlar bu barədə kitablardan oxumayıblar, sadəcə insanlıq vəzifələrini yaxşı başa düşüblər. Biz media işçilərinin əksinə olaraq, qarşıdakı insanı da düşünürlər. Xəbəri çatdırmaq bir ərdəmdir, mədəniyyətdir. Bu məsələdə cəmiyyət mediadan örnək götürməlidir, amma medianın indiki vəziyyətində bunu demək cətindir. Bizi reytinq qazanmaq daha çox düşündürür. Bu medianın doğal haqqıdır. Amma bu haqqı əldə etməyin də öz haqq-hesabı var.
Bu günlərdə mətbuatda tanınmış telejurnalist, xalqın sevimli diktoru, professor Rafiq Hüseynovun ağır bir xəstəliyə tutulması ilə bağlı xəbər yayıldı. Bu özlüyündə acı bir xəbərdir. Mətbuat xəbər vermək haqqından istifadə edib, bu xəbəri müxtəlif formalarda, fərqli başlıqlarla gündəmə gətirdi. Xəbər saytları, informasiya agentlikləri həm xəbərlə bağlı, həm də Rafiq müəllimin bu barədə mətbuata verdiyi açılqmalara dayanan hədsiz çox məlumat yaydılar. Rafiq Hüseynov filan xəstəliyə tutulmasını təsdiqlədi, artıq gecdir-dedi, müailcəsi bahadır-təəssüfləndi... Bu qəbildən olan xəbər başlıqları hədsiz çox yer aldı gündəmdə. Üstünə bu qədər gedilən bir insan başqa nə edə bilər ki? Soruşanda o da təsdiq edəcək. Aparıcının özünün verdiyi açıqlamalarda təəssüfləndirici məqamlar, xəstəliklə bağlı informasiya təfərrüatına kimi incələnir. Hətta saytlardan biri "Gecdir daha" başlığı altında, həzin musiqi sədalarının müşayiəti ilə professorun görüntüsünü də yerləşdirib. Bu video insana sanki hansısa ölən insanın xatirəsinin anıldığını düşündürür.
Xəbər bu qədər geniş şərh olunur və nəticədə müasir texnologiya əsrində Rafiq müəllim və yaxınları hər dəqiqə bu xəbərlə üz-üzə qalır. Həkimlərin ən öndə gedən müalicə üsullarından biri də xəstə insana ruh yüksəkliyi bəxş etməkdir. Eləcə də hər zaman xəstə yaxınları da buna çalışıb. Bu təbiidir ki, xaricdə müalicə çox bahadır. Bunun üçün əsaslı bir mənbədən-ən doğrusu dövlət tərəfindən yardım edilməlidir. Bu R.Hüseynova kömək edər. Amma xəbərin dramatikləşdirilməsi heç nəyi dəyişdirməməklə yanaşı, xəstə insana çox mənfi təsir edə bilər.
Sonucda jurnalist daş deyil
BDU-nun müəllimi, publisist Vüqar Zifəroğlu ağrılı mövzuya toxundu. Bildirdi ki, xəstəlik, itki ilə bağlı xəbərlərdə jurnalistlər son dərəcə diqqətli olmalıdırlar. Təbii ki, söhbət etik meyarların gözlənilməsindən gedir: "Xəbər əslində soyuq olmalıdır, amma bəzi məqamlarda alturizm xüsusiyyəti-qarşıdakı insanın problemlərini yaşaya bilmək xüsusiyyətı də jurnalistdə olmalıdır. Jurnalist daş deyil. Özündən başqa xəbərin obyektini və onun yaxınlarını da düşünməlidir. Bu son dərəcə ciddi məqamdır. Əgər o bu cür etik meyarları gözləməsə, həm xəbərin obyektinə, həm də onu sevən insanlara psixoloji nöqteyi-nəzərdən mənfi təsir göstərmiş olur. Bəlkə də onları ümidsüzlüyə, həyatdan daha artıq küskün bir vəziyyətə gətirib çıxarır. Bunlar nəzərə alınmalıdır. Qərb mediası ilə müqayisə aparaq. Beynəlxalq jurnalistikanın doktrinalarında bu xüsusiyyətlər-xəstəlik, ölüm-itimlə bağlı xəbərlərin hazırlanmasında müəyyən standartlar var ki, o standartlar Qərbdə gözlənilir. Deyək ki, televiziyada zorlanma və ya qətl hadisəsi ilə bağlı bir süjet gedir. Çox zaman xəbər obyekti kənarda qalır. Obyektin şəxsinə diqqət çəkmək əvəzinə, problemin özü qabardılır".
Rafiq müəllimlə bağlı yayılan xəbərlərə gəlincə, V.Zifəroğlu ustad, peşəkar aparıcının xəstəlik xəbərinin hamını yandırdığını bildirdi. Onun fikrincə, jurnalistlər xəstəlik xəbərinin üstünə gedə-gedə ustadı da pis hala salırlar: "İstənilən adamda belədir. Olan probleminin üzərinə gedə bildiyin qədər gedəndə həmin insan özü nə hisslər keçirər? Ürək-dirək vermək əvəzinə, fikrini dağıtmaq əvəzinə üstünə getməklə insanı daha pis vəziyyətə salmaq olar. Jurnalistikada meyarlar var. Bizim jurnalistlər bu meyarlara əməl etsələr, bu vəziyyət yaranmaz".
V.Zifəroğlu beynəlxalq aləmdə var olan qaydaların insanların şəxsi mənafelərinə hesablanmadığını bildirdi: "Beynəlxalq jurnalistikada standartlar var və çərçivə müəyyənləşib. Biz də jurnalist kimi bu standartlara əməl etməyə borcluyuq. Bu bizim mənəvi məsuliyyətimizdir. Istər cəmiyyət, istərsə də öz peşəmiz qarşısında əməl etməli olduğumuz davranış qaydalarıdır".
Xəbər və şəxs
Xəbərin şəxsi həyata müdaxiləsində həssas bir sərhəd var ki, o sərhədi keçmək olmaz. Çünki bir xəbəri daha artıq formada şəxsiləşdirəndə, bu artıq şəxsi həyata müdaxilədir ki, bu da insan hüquqlarının pozulmasıdır. Cəmiyyət üçün əhəmiyyət kəsb edən maraqların olduğunu deyən ekspert R.Hüseynovun məşhur insan olması səbəbindən onun xəstəliyi ilə bağlı informasiyanın ictimai xəbər olduğunu bildirdi: "Xəbərin içtimai xəbər olması fikri ilə razıyam. Amma bunun üzərinə getmək, daha da dərinləşdirmək, tam təfsilatı, çılpaqlığı ilə ictimailəşdirməyə səy göstərmək artıq həm jurnalist etikası baxımından düzgün deyil, həm də insanın şəxsi həyatının ortaya qoyulmasıdır ki, bu da doğru deyil".
Məna daşımayan xəbərlər
Bu gün ictimai əhəmiyyət daşımayan xəbərlərin geniş "əks-səda" yaratması məsələsi bizim mediada artıq problemə çevirilib. V.Zifəroğlu düşünür ki, əsas problem ondadır ki, bəzi jurnalistlər doğrudan da mövzu tapa bimirlər yazmağa və daha çox kriminal xəbərlər, çox iyrənc ailə münaqişələri ilə bağllı olan xəbərləri ictimailəşdirirlər. Əslində bu xəbər deyil: "Xəbər o məzmunu daşıyır ki, o ictimai-sosial əhəmiyyətə malik olsun. Hansısa kişinin öz arvadını baltalaması heç bir ictimai-sosial məzmun və əhəmiyyət kəsb etmir. Bir oğlanın sevdiyi qızı döyməsi də içtimai əhəmiyyət kəsb etmir. Bunun mahiyyəti yoxdur. Xəbər ictimai maraqla çağlaşmalıdır. Görünür bizim bəzi jurnalistlər xəbər tapa blmirlər və bu cür bəsit, xəbər sayılmayacaq olayları bir informasiya kimi cəmiyyətə təqdim etməyə çalışırlar.
Problemin kökündə bizim bəzi jurnalistlərin xəbərçiliyin nə olması ilə bağlı geniş məlumata malik olmamaları dayanır. İnformasiya portallarında gedən yazıların 60-70 faizi yalnız kriminal və ailə dramı ilə bağlı xəbərlərdir. Sanki Azərbaycan ictimaiyyəti yalnız kiminsə şəxsi həyatında baş verən dramatik, heç bir mənəvi dəyərlər, etik meyarlarla uzlaşmayan iyrənc şeylərlə maraqlanmalı və ancaq onları oxumalıdır. Və yaxud hansısa şou-biznes sahəsində olan müğənninin harasınısa əməliyyat etdirməsi, kimin-kiminləsə evlənməsi ilə bağlı məlumatları oxumalıdır. Bu kimi məlumatları xəbər kimi vermək olar. Amma bunun ətrafında bir ajitoj yaratmağa, hətta təhlil işləməyə anlam vermək olmur".
Müsahibimiz düşünür ki, qaynar bir regionda yaşayırıq. Bu qədər hadisələr baş verir. Dünyada da həmçinin. Jurnalistlərimiz bu proseslərlə bağlı araşdırma yazmaq yerinə hansısa məşhurun kiminləsə münasibəti ilə bağlı araşdırma aparırlar. Bu da jurnalistikada bəsitləşməyə gətirib çıxarır.
Aygün