Ağdamda İƏT Gənclər Forumu: Azərbaycanın regional diplomatiyadakı yüksələn rolu- ÖZƏL

İyulun 1-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Ağdamda ilk dəfə "İƏT Həftəsi" çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu keçirilir. Məqsəd - İƏT məkanında gənclərin rolunu artırmaq və onların ideyalarını təşkilatın inkişaf strategiyasına daxil etməkdir.

Politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında bildirib ki, bu forum Azərbaycanın regional diplomatiyada artan rolunun göstəricisi kimi qiymətləndirilə bilər:
 
"Azərbaycan Vətən müharibəsindən sonrakı dövrdə ikitərəfli və çoxtərəfli münasibətlər sistemində mövqeyini gücləndirir və bu baxımdan ayrı-ayrı beynəlxalq və regional təşkilatlar Azərbaycan üçün böyük maraq doğurur. Bu, bir tərəfdən Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirir, digər tərəfdən isə yeni geosiyasi reallıqların təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun keçirilməsi digər tədbirlərin də tərkib hissəsidir. Çünki İqtisadi Əməkdaşlıq Təşkilatının çərçivəsində bir sıra tədbirlər keçiriləcəkdir. Onlardan biri də Gənclər Forumudur. Bu forumda gəncləri maraqlandıran müxtəlif məsələlərlə yanaşı, dövlət əhəmiyyətli mövzular da müzakirə olunacaq. Bu isə Azərbaycanın regional diplomatiyada artan rolunun göstəricisi kimi qiymətləndirilə bilər.
Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan ətrafında dost ölkələrin mövqeyini daha da gücləndirir, strateji tərəfdaşlar və müttəfiqlər qazanır. Bu isə bir tərəfdən ölkəyə investisiyaların cəlb olunmasına, digər tərəfdən isə ərazilərin minalardan təmizlənməsi və yeni geosiyasi reallıqlar müstəvisində əməkdaşlıq formatlarının genişlənməsinə xidmət edir.
Məhz bu baxımdan forumun Ağdamda keçirilməsi heç də təsadüfi deyil. Şuşa, Ağdam, Laçın, Zəngilan, Xankəndi bu gün daha çox görüşlərin, müzakirələrin aparıldığı, mühüm tədbirlərin keçirildiyi məkanlara çevrilir. Bu da Azərbaycanın gücünə güc qatan, mövqelərini daha da dayanıqlı edən amillərdəndir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31