Qutsulun müdafiəsi AİHM-ə qarşı iddia üzərində işləyir- ÖZƏL

Qaqauziya rəhbəri Yevgeniya Qutsulun vəkili Nataliya Bayram bildirib ki, onlar Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət üzərində işləyirlər. Səbəb kimi isə Moldovadakı məhkəmələrin hakimiyyətin təsiri altında olması və ədalətli qərar gözlənilməməsi göstərilir.
Olaylar.az xəbər verir ki, bu barədə Bayram TASS-ın müxbiri ilə söhbətində, məhkəmə iclasından öncə danışıb:
"Bu iclasda tərəflərin çıxışları və  Qutsulun son sözü gözlənilir, sonra isə hökm elan olunacaq. Biz AİHM-ə müraciətin hazırlanması ilə məşğuluq, çünki indiyədək şahidi olduğumuz hüquq pozuntuları səbəbindən Moldovadakı məhkəmələrdən ədalət gözləmirik. Hakimlərə təzyiq edən hakimiyyət Qutsulun həbsdə qalmasında maraqlıdır - onun həbsi müdafiə tərəfinin tələblərinə baxmayaraq dəfələrlə uzadılıb. Qeyd edim ki, AİHM-ə yalnız ölkədaxili məhkəmə instansiyalarından keçdikdən sonra müraciət edilə bilər", - deyə o bildirib.
Yevgeniya Qutsul ittihamları qəti şəkildə rədd edir və onun həbsi arxasında Moldova prezidenti Maya Sandu və onun hakimiyyətdə olan "Fəaliyyət və Həmrəylik Partiyası"nın dayandığını bildirir. Qutsulun Kişinyovla münasibətləri 2023-cü ildə keçirilən seçkilərdə qələbə qazanmasından sonra gərginləşib. O, regionun Rusiya ilə dost münasibətlərini gücləndirmək istədiyini bəyan edir və Moldovanın Moskva ilə qarşıdurma siyasətini tənqid edir.
Rəsmi qurumlar onun seçilməsini qeyri-qanuni elan etməyə çalışsalar da, Qagauziya parlamenti Qutsula dəstək verib və bölgədə onun lehinə kütləvi aksiyalar keçirilib. Prezident Sandu isə Qutsulun hökumət üzvü kimi təsdiqlənməsi barədə sərəncamı imzalamaqdan imtina edib - halbuki bu addım ölkə qanunvericiliyinə əsasən icbari sayılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31