Polşa Prezidenti: “Ukraynanın Aİ-yə üzvlüyü üçün hələ şərtlər yerinə yetirilməyib” – ÖZƏL
12:28 DünyaUkrayna hələ Avropa İttifaqına üzv olmaq üçün müəyyən edilmiş şərtləri yerinə yetirməyib, buna görə də bu məsələ ətrafında ciddi müzakirələr aparmaq üçün vaxt deyil.
Olaylar.az xəbər verir ki, bu fikirləri Polşanın yeni seçilmiş prezidenti Karol Navrotski Polsat TV kanalına verdiyi müsahibədə səsləndirib.
"Ukraynanın Aİ-yə üzvlüyü barədə ciddi şəkildə danışmaq üçün hələ tezdir," - deyə o bildirib. "Mən Ukraynanın heç bir şərt olmadan Aİ-yə üzv olmasına qarşıyam," - deyə Navrotski əlavə edib. Bununla belə, siyasətçi vurğulayıb ki, "Ukraynanın Qərb dünyasına məxsus olması" Polşanın maraqlarına uyğundur. "Geosiyasi və strateji baxımdan Ukrayna ilə əməkdaşlığa ehtiyacımız olduğuna şübhəm yoxdur, lakin bu əməkdaşlıq bərabərhüquqlu əsasda qurulmalıdır," - o qeyd edib.
Navrotski həmçinin Ukraynanın NATO-ya üzvlüyünün hazırda mümkün görünmədiyini bildirib. Onun sözlərinə görə, bu addım alyansa üzv ölkələrin Rusiya ilə silahlı qarşıdurmaya birbaşa cəlb olunması demək olar.