“Rusiyanın təsiri zəifləyir, təzyiqlər artır – bölgə yeni mərhələyə keçir” – Ramiyə Məmmədova – ÖZƏL
13:48 SiyasətSon dövrlərdə Rusiyada şovinist və diskriminasiya meylləri artmaqdadır. Yekaterinburqda baş verən hadisələr bu proseslərin mərkəzdən idarə olunduğunu göstərir. Müharibədə insan resursu qıtlığı yaşayan Rusiya, miqrantları və qeyri-rusları saxta ittihamlar, təzyiqlər və vədlərlə cəbhəyə göndərir. Onlar aldadılır, döndükdən sonra isə yenidən şantaj olunur.
Bu siyasət təkcə miqrantlara deyil, Rusiya vətəndaşı olan müsəlman xalqlara da yönəlib. Rusiya İstintaq Komitəsinin rəhbəri Bastrıkinin son etirafları bu tendensiyanı təsdiqləyir. Azərbaycanla bağlı yayılan anti-təbliğat, təyyarə insidenti, kiberhücumlar və rəsmi şəxslərə qarşı qeyri-dost davranışlar isə Moskvanın Azərbaycana münasibətindəki neqativ xətti üzə çıxarır. Paralel olaraq, Cənubi Qafqazda sülhə qarşı təhdid yaradan revanşist ideyalar da Rusiyadan qaynaqlanır.
Mövzu ilə bağlı siyasi şərhçi Ramiyə Məmmədova Olaylar.az-a danışıb. Siyasi şərhçi bildirib ki, Yekaterinburqdakı hadisələrin dəqiq nə şəkildə baş verdiyini bilmirik. Hadisə əsasən bir ailənin üzvlərinin həbsi ilə bağlıdır. Ailənin iki üzvünün vəziyyətinin ağır olması və onların həbsə alınması haqqında danışılır. Amma bu hadisənin hansı səbəbdən baş verdiyi barədə əlimizdə dəqiq informasiya yoxdur:
"Ümumi mənzərəyə baxsaq, bu gün Ukrayna-Rusiya müharibəsində həm Ukrayna, həm də Rusiya tərəfindən insan resursu çatışmazlığının ciddi problemə çevrildiyini görürük. Müharibə uzandıqca, itkilər çoxaldıqca insan resursu da tükənir. Bu səbəbdən müharibədə iştirak edəcək şəxsləri tapmaq çətinləşir.
Rusiya tərəfindən vətəndaşların müharibəyə getmək istəməməsi, bəzilərinin ölkədən qaçması bu problemi daha da artırır. Eyni hal Ukrayna üçün də keçərlidir. Hazırda hər iki tərəf muzdlu əsgərlərlə, müqaviləli döyüşçülərlə ordusunu gücləndirməyə çalışır. Onlara təzminat, maaş və müxtəlif imtiyazlar verilir. Bəziləri öz xoşu ilə gedir, çünki maddi gəlir əldə edirlər.
Digər tərəfdən isə, yaş həddinə çatan və ya hərbi xidməti başa vurmuş şəxslər də ehtiyatda saxlanılır və lazım gəldikdə çağırılır".
Siyasi şərhçi qeyd edib ki, Rusiyada insan resursu çatışmazlığı səbəbindən qeyri-rus millətlərdən olan vətəndaşların, o cümlədən azərbaycanlıların da müharibəyə cəlb olunması şovinist ideologiyanın və artan təzyiqlərin nəticəsidir.
"Rusiyada uzun illərdir şovinist ideologiyanın mövcudluğu da bu proseslərə təsir edir. Rusiya keçmiş sovet ölkələrinə, xüsusilə də müsəlman ölkələrə daim üstünlük və hegemonluq iddiası ilə yanaşıb. Bu ideologiya bu gün də aktuallığını qoruyur. Beynəlxalq aləmdə Rusiyaya qarşı artan təzyiqlər, sanksiyalar və təcrid siyasəti onu daha da sərt addımlar atmağa vadar edir. Rusiya, insan resursu çatışmazlığı səbəbindən qeyri-rus millətlərindən olan vətəndaşları da müharibəyə cəlb edir. Onların bəziləri könüllü, bəziləri isə zorla cəbhəyə göndərilir. Rusiya bu cür hallar baş verdiyini çox vaxt rəsmən qəbul etməsə də, faktiki vəziyyət bunu göstərir.
Sovet dövründən bəri Rusiyada çalışan çoxsaylı azərbaycanlılar var. Onların bir qismi Rusiya vətəndaşıdır və bu səbəbdən çağırışlara tabe olmaları hüquqi baxımdan qanunidir. Amma Rusiya vətəndaşı olmayan şəxslərin müharibəyə cəlb olunması beynəlxalq hüquq baxımından problematikdir. Əgər şəxs Rusiya vətəndaşıdırsa, onun hansı dinə və ya millətə mənsub olmasının fərqi yoxdur - dövlətin vətəndaşı kimi hərbi xidmətə çağırıla bilər".
Ramiyə Məmmədovanın sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda təsiri azalır, Türkiyənin mövqeyi güclənir və Ermənistan da region ölkələri ilə sülhə doğru yönəlir.
"Digər bir mühüm məsələ Rusiyanın Cənubi Qafqazda və Yaxın Şərqdə, xüsusilə Suriyada təsir imkanlarının azalmasıdır. Qafqazda Türkiyənin mövqeyi getdikcə güclənir. Artıq həm Azərbaycan, həm də Gürcüstan Türkiyə ilə strateji müttəfiqlik qurub. Gürcüstan da Türkiyənin siyasi və iqtisadi təsirini qəbul edir. Beləliklə, Cənubi Qafqazda Rusiya üçün yalnız Ermənistan qalır.
Ermənistanda da hazırda Rusiya təsirindən uzaqlaşma prosesi gedir. Paşinyan hökuməti Rusiya tərəfdarlarını siyasi arenadan tədricən uzaqlaşdırır. Yəqin ki, yaxın zamanlarda Ermənistan da Azərbaycan, Gürcüstan və Türkiyə ilə normal münasibətlər qurmağa çalışacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin imzalanması əsas məsələlərdir. Azərbaycan və Türkiyə bu istiqamətdə ciddi səylər göstərir. Ermənistandakı siyasi proseslər də bu istiqamətdə müsbət nəticələrin əldə olunacağına ümid yaradır".
Səidə Ramazanova