Fazil Mustafa: "İqtisadi artım enerji sektorunun inkişafından asılıdır"

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa 8 noyabr Elektrik Stansiyasının istifadəyə verilməsi ilə bağlı fikirlərini bölüşüb

Millət vəkili qeyd edib ki, son onilliklər ərzində Azərbaycanda enerji sektorunun inkişafı ilə bağlı qəbul olunan qərarlar və ölkədə enerji infrastrukturunun yenidən qurulması ilə bağlı görülən işlərin həcmi kifayət qədər böyükdür:

"Enerji sektorunun sürətli inkişafını təmin etmədən iqtisadiyyatdakı müsbət dinamika üzrə inkişaf meyllərini reallaşdırmaq olduqca çətindir. Diqqət etsək biz görərik ki, harada sıçrayış məzmunlu iqtisadi artım qeydə alınırsa, orada nailiyyətlərin əldə olunması enerji sektoru ilə birbaşa bağlantılıdır. Ona görə də 20 ildən bəri enerji sektorunda əldə olunan nailiyyətlər, aparılan islahatlar, təkmilləşdirmə ilə bağlı icra edilən quruculuq işləri və görülən tədbirlər ona şərait yaratdı ki, Azərbaycanda bugün dayanıqlı bir enerji infrastrukturu mövcuddur. Xüsusilə, son illər enerji sektorunun inkişafı ilə əlaqədar məhz tamamlayıcı bir sistemin yaradılmasına yönəlik qərarlar qəbul olunur. Bu o deməkdir ki, bir tərəfdən öz dayanıqlı, rəqabət üstünlüklərimzdən imtina etməməli, ənənəvi generasiyanı saxlamalı, digər tərəfdən də əlavə, tamamlayıcı amillər də reallaşdırmalı və dünya miqyasında formalaşan çağırışlara adekvat reaksiya verməliyik".

Deputat xatırladıb ki, Azərbaycanda 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan müvafiq dövlət proqramları var ki, onların həyata keçməsi nəticəsində həm ənənəvi enerji, həm də alternativ istehsal mənbələri üzrə həmin hədəflərin reallaşdırılması mümkün olacaq.

Komitə sədri bildirib ki, 8 noyabr SES-in istifadəyə verilməsi, bir tərəfdən Azərbaycanın enerji sektorunun dayanıqlı inkişafına lazım olan enerji potensialını reallaşdıracaq, bütün sosial infrastrukturla bağlı olan çağırışlara reaksiya veriləcək, eyni zamanda da elektrik enerjisinin ixracı ilə bağlı lazım olan potensial əldə olunacaq:

"Enerji sektoruna yönəldilən bu yatırımlar, investisiyalar və infrastruktur təminatı ona şərait yaradacaq ki, biz faktiki olaraq Azərbaycanın enerji sektorunun həm ixrac yönümlü, həm də daxili bazarda artan tələbə uyğun olaraq təminatı qarşılaya biləcəyik. 

Proqnozlar, onu göstərir ki, enerjiyə olan tələbat daha da artacaq və biz bu tendensiyanı artıq indidən müşahidə edirik, digər tərəfdən də iqtisadiyyatın çağırışları, xüsusilə işğaldan azad olmuş ərazilərin inkişafı ilə bağlı çağırışlar var. Bu günlərdə Azərbaycanın ən böyük elektrik stansiyasının istifadəyə verilməsi  onu göstərir ki, bu sahə diqqət mərkəzindədir və mühüm işlər görülməkdədir. Yenicə istifadəyə verilən 8 noyabr elektrik stansiyası ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında, onun dayanıqlığının qorunmasında  və ixrac potensialın genişləndirilməsində mühüm rol oynayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31