Paşinyanın ritorikasının sərtləşməsi əslində reallıqlarla barışmasından irəli gəlir- ÖZƏL
14:30 Siyasət"Paşinyanın ritorikasının sərtləşməsi əslində reallıqlarla barışmasından irəli gəlir.Qardaş Türkiyəyə səfəri zamanı ona izah edilib ki, ölkəsinin daxilində "türk prosesinə" mane ola biləcək elementlər zərərsizləşdirilməlidir. Eyni zamanda, Azərbaycan tərəfi də ona bu məzmunda çağırışlar edir.Yəni Paşinyana açıq şəkildə başa salınır ki, əgər Ermənistan regionda sülh və dinc qonşuluq münasibətləri istəyirsə, ölkə daxilində təkcə anti-Azərbaycan deyil, eyni zamanda anti-Ermənistan mövqeyində olan qüvvələrlə də yollarını ayırmalıdır."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Doğrudan da, Azərbaycanla Ermənistan arasında yaxınlaşma və müəyyən məsələlərdə anlaşma baş verdikdə, bu qüvvələr fəallaşaraq prosesi pozmağa cəhd göstərirlər. Məsələn, bu yaxınlarda həbs edilən keşiş Baqrat Qalstanyan hadisəsi buna bariz nümunədir. Xatırlayırsınızsa, ötən il Azərbaycanın Qazax rayonuna aid kəndlər Ermənistandan könüllü şəkildə geri qaytarılarkən, Qalstanyan ətrafına insanları toplayaraq dirəniş göstərmiş, İrəvana yürüş təşkil etmişdi. Hətta bir müddət sonra baş nazirliyə iddialarını da irəli sürmüşdü. Halbuki həmin torpaqlar qanuni olaraq Azərbaycana məxsus idi və bu proses qarşıdurmasız, güllə atılmadan həyata keçirilirdi.
Belə bir addıma qarşı çıxmaq, əslində sağlam düşüncəyə ziddir. Bu gün Ermənistanda həbslərlə üzləşən və "Daşnaksütyun" kimi radikal qruplarla əlaqəli şəxslər məhz həmin pozucu ünsürlərdir. Onların fəaliyyəti yalnız Azərbaycana və Türkiyəyə qarşı yönəlməyib, eyni zamanda Ermənistanın özünün inkişafına da ciddi zərbə vurur.
Bu səbəbdən düşünmək olar ki, Qardaş Türkiyənin Cümhurbaşqanı, kifayət qədər təcrübəli və təsir imkanlarına malik lider olan Rəcəb Tayyib Ərdoğan da Paşinyana izah edib ki, bu kimi məsələlər məhz belə həll olunmalıdır. Çünki yalnız bu yolla gələcək sülh və əməkdaşlıq perspektivləri haqqında düşünmək mümkün olacaq."
İbrahim Məmmədli