“SALAM GÜNEL" – Günel Alişanın ilk fərdi sərgisi təqdim olundu

Simvolizmin dilində danışan rəsmlər, duyğularla boyanmış kətanlar və bir ata salamı: Günel Alişan ilk fərdi sərgisi ilə sənətə "salam" dedi.

İyunun 25-də Aydani Art Gallery-də gənc rəssam Günel Alişanın ilk fərdi sərgisi keçirildi. "SALAM GÜNEL" adlı sərgi simvolizm janrında çəkilmiş müxtəlif üslublu əsərləri ilə sənətsevərləri bir araya topladı.
Sərginin açılışını qalereyanın direktoru Aydan Məmmədova etdi. Daha sonra Günel Alişan səhnəyə dəvət olundu və ilk fərdi sərgisini rəsmi olaraq açıq elan etdi. Açılış mərasimində əməkdar artist  Elza Seyidcahan və xalq rəssamı Ağaəli İbrahimov da iştirak edirdi.
Tədbirin xüsusi məqamlarından biri Günel Alişanın atası, tanınmış sənətçi Elariz Məmmədoğlunun ABŞ-dən onlayn olaraq qızına ünvanladığı ürək sözləri oldu. 

Sərgidə portretlərdən tutmuş abstrakt kompozisiyalara qədər müxtəlif janrlarda rəsmlər nümayiş olundu. 
Olaylar.az-a açıqlama verən Günel Alişan bildirdi ki,  simvolizm üslubuna üstünlük verir və bu üslub onun üçün duyğuları , fikirləri fərqli şəkildə ifadə etmək imkanı yaradır: 

"Simvolizm mənim üçün fikirləri və duyğuları bir kətan üzərində fərqli şəkildə izah etmək imkanıdır. Bir əsərimə müxtəlif insanlar fərqli hisslər bildirirsə, deməli, o əsər yaşayır."

Rəssamın fikrincə, əsərlərinin ən maraqlı tərəfi onların hər kəs üçün fərqli mənalar daşımasıdır:
"Çox sevindirici haldır ki, bir əsərimə baxdığınız zaman mənim fikrim və izləyicilərin fikirləri fərqli-fərqli şəkillərdə səslənir. Bu, əlbəttə ki, sevindirir, çünki bizim aramızda fikir mübadiləsi yaranır. Hətta bir əsər üzərində biz bir neçə dəqiqəlik dayanıb söhbət edə bilirik."

Günel Alişan vurğuladı ki, bu sərgidə təqdim olunan əsərlər  illərlə çəkdiyi işlərdən  ibarətdir. Ən son rəsmini isə tədbirdən bir gün əvvəl tamamlayıb:

"Son əsərimin boyası hələ qurumayıb. Amma onu bu sərgidə, qonaqların gözü qarşısında imzalayaraq tamamladım. Hər anı mənim üçün çox dəyərlidir."

Sərginin əsas mesajını belə ifadə etdi:

"Mənim burada vermək istədiyim mesaj odur ki, insan hər zaman öz içinə dönməlidir. Biz içimizdəki özümüzü tapsaq və onun nə istədiyini bildiyimiz zaman, həyat bizim üçün su kimi axıb gedəcəkdir."

Olaylar.az-a açıqlamasında Günel Alişan gələcək planlarından da danışdı. Onun sözlərinə görə, artıq ikinci və üçüncü sərgilərinin mövzusu beynində formalaşıb:
"İncəsənət heç vaxt tükənmir. Çünki biz tükənmirik, insanlıq tükənmir, şüur tükənmir. Allah mənə güc versin, inşallah ki, onları da reallaşdırmaq mənə nəsib olar."

Qeyd edək ki, tədbir iştirakçıları girişdəki sərgi haqqında məlumat yazılmış parça üzərinə öz ürək sözlərini yazaraq bu sənət gecəsinə iz qoydular.

 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31