Azərbaycanın energetika sisteminin inkişafında yeni mərhələ- ÖZƏL

"Mingəçevirdə yerləşən "8 Noyabr" Elektrik Stansiyası yeni termik enerji layihəsidir. Bu stansiya ilə Mingəçevir Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın enerji mərkəzi statusunu daha da gücləndirir, ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 40 faizi buradan qarşılanır. Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Bu layihə Azərbaycan üçün strateji sərmayədir, həmçinin İtaliya və Çin şirkətlərinin bu layihəyə cəlb edilməsi beynəlxalq əməkdaşlığın göstəricisidir. Bu əməkdaşlıq həm də diplomatik və iqtisadi baxımdan əhəmiyyətlidir. Azərbaycan ilə İtaliya arasında neft-qaz və enerji sahəsində dərin əməkdaşlıq münasibətləri mövcuddur. Çinlə isə yeni mərhələdə xüsusilə bərpaolunan enerji və texnoloji təchizat sahəsində genişmiqyaslı layihələrə start verilib. "8 Noyabr" Stansiyası bu iki ölkə ilə strateji tərəfdaşlığın konkret nəticəsi kimi çıxış edir və Azərbaycanın çoxşaxəli enerji siyasətinin uğurudur.
Bütün bunlar isə Azərbaycanın energetika sisteminin inkişafında yeni bir mərhələnin başlandığını göstərir. Bu mərhələdə əsas diqqət ölkəmizin energetika sisteminin gələcək fəaliyyətinə yönəldilir. Eyni zamanda, bu gün istifadəyə verilən energetika obyektləri Azərbaycanın enerji potensialını böyük dərəcədə gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31