Milli və dini həmrəyliyin Azərbaycan modeli: Sabitlik və inkişafın təməli

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Azərbaycan tarix boyu müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin qovuşduğu nadir coğrafiyalardan biri olub. Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmiz əsrlər boyu yalnız ticarət yollarının deyil, həm də mədəniyyətlərin, dillərin, inancların və sivilizasiyaların görüş nöqtəsinə çevrilib. Bu gün dünyada dini qarşıdurmaların, irqçiliyin, islamofobiyanın, antisemitizmin və ayrı-seçkiliyin artdığı bir dövrdə Azərbaycan tolerantlıq modeli ilə seçilən ölkələrdən biri kimi beynəlxalq miqyasda diqqət çəkir. Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin bir ailə kimi mehriban münasibətdə olması, fərqli dini inanclara hörmətlə yanaşılması və multikultural mühitin qorunması ölkənin ən böyük mənəvi sərvətlərindən hesab olunur. Azərbaycanın tolerantlıq ənənələrinin kökü çox qədim tarixə dayanır. Hələ qədim dövrlərdən bu torpaqlarda müxtəlif xalqlar sülh şəraitində yaşayıb. Tarixi mənbələr göstərir ki, Azərbaycanda müsəlmanlarla yanaşı xristianlar, yəhudilər və digər dini icmalar əsrlərlə bir-birinin hüququna hörmət edərək fəaliyyət göstəriblər. Qafqaz Albaniyası dövründə xristianlıq bu ərazilərdə geniş yayılmış, sonrakı əsrlərdə islam dini dominant mövqeyə gəlsə də, digər dinlərin nümayəndələri sıxışdırılmamışdır. Əksinə, dini müxtəliflik Azərbaycan cəmiyyətinin zənginliyinə çevrilmişdir. Azərbaycan xalqının mentalitetində tolerantlıq xüsusi yer tutur. Burada insanlar heç vaxt bir-birinə dini və milli mənsubiyyətinə görə münasibət göstərməyib. Azərbaycanın müxtəlif bölgələrində yaşayan talışlar, ləzgilər, avarlar, ruslar, yəhudilər, udinlər, saxurlar, gürcülər və digər xalqlar uzun illərdir ki, eyni cəmiyyətin ayrılmaz hissəsi kimi yaşayırlar. Bu gün Quba rayonunda yerləşən Qırmızı Qəsəbə dünyanın İsraildən kənarda yəhudilərin kompakt şəkildə yaşadığı nadir məkanlardan biri hesab olunur. Burada yaşayan dağ yəhudiləri öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirir, sinaqoqlarda ibadət edir və milli-mədəni dəyərlərini qoruyurlar. Maraqlıdır ki, dünyanın bir çox yerlərində antisemitizm halları müşahidə olunduğu halda, Azərbaycanda yəhudi icması tarix boyu təhlükəsizlik və hörmət şəraitində yaşayıb. Bakıda pravoslav və katolik kilsələrinin, sinaqoqların, məscidlərin yanaşı fəaliyyət göstərməsi Azərbaycanın dini harmoniyasının real göstəricisidir. Paytaxt Bakının mərkəzində yerləşən pravoslav kilsələri, katolik məbədi və sinaqoqlar dövlət tərəfindən qorunur və bərpa olunur. Bu, yalnız dini azadlığın təmin olunması deyil, eyni zamanda dövlətin multikultural dəyərlərə verdiyi önəmin göstəricisidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra tolerantlıq və multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndər Heydər Əliyev dini və milli tolerantlığın qorunmasını dövlətçilik siyasətinin mühüm elementi hesab edirdi. O qeyd edirdi ki, Azərbaycanın ən böyük sərvətlərindən biri burada yaşayan xalqlar arasında olan dostluq və qarşılıqlı hörmətdir. Heydər Əliyevin hakimiyyəti dövründə dini azadlıqların təmin olunması, dini icmalara dövlət dəstəyinin göstərilməsi və milli azlıqların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atıldı. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident dəfələrlə çıxışlarında bildirib ki, multikulturalizm Azərbaycanda alternativi olmayan həyat tərzidir. Təsadüfi deyil ki, 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olunmuşdu. Həmin il çərçivəsində ölkədə və beynəlxalq səviyyədə müxtəlif tədbirlər, forumlar və konfranslar təşkil edildi. Azərbaycanın multikultural modeli dünyanın bir çox universitetlərində öyrənilməyə başlandı. Bu gün müxtəlif ölkələrdə "Azərbaycan multikulturalizmi" adlı fənnin tədris olunması ölkəmizin bu sahədə formalaşdırdığı nüfuzun göstəricisidir. Azərbaycan həm də beynəlxalq dialoq məkanına çevrilib. Bakı şəhərində keçirilən Dünya Dini Liderlərinin Sammiti, Humanitar Forumlar, Mədəniyyətlərarası Dialoq Forumları müxtəlif dinlərin və xalqların nümayəndələrini bir araya gətirir. Bu tədbirlər vasitəsilə Azərbaycan dünyaya sülh, qarşılıqlı anlaşma və birgəyaşayış mesajı verir. Xüsusilə "Bakı Prosesi" beynəlxalq səviyyədə multikultural dialoqu təşviq edən mühüm platformalardan biri kimi qəbul olunur. Bu təşəbbüs çərçivəsində Avropa və İslam dünyası arasında mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycanda dini etiqad azadlığı Konstitusiya ilə təmin edilir. Hər bir vətəndaş öz dinini sərbəst şəkildə seçmək və ibadət etmək hüququna malikdir. Dövlət dini radikalizmlə mübarizə aparmaqla yanaşı, sağlam dini mühitin formalaşmasına xüsusi diqqət ayırır. Məscidlərin, kilsələrin və sinaqoqların təmiri və tikintisi üçün dövlət dəstəyi göstərilməsi bunun nümunəsidir. Son illərdə onlarla dini abidə bərpa olunub. Hətta işğaldan azad edilmiş ərazilərdə dağıdılmış məscidlər və dini abidələr yenidən bərpa edilir. Bununla yanaşı, həmin ərazilərdə xristian irsi də qorunur və bərpa olunur. Bu isə Azərbaycanın dini irsə münasibətdə ayrı-seçkilik etmədiyini göstərir. Azərbaycanın tolerantlıq modelinin ən mühüm xüsusiyyətlərindən biri onun süni şəkildə yaradılmamasıdır. Bir çox ölkələrdə multikulturalizm dövlət proqramı şəklində sonradan tətbiq olunmağa çalışıldığı halda, Azərbaycanda bu, əsrlərlə formalaşmış həyat tərzidir. Burada insanlar fərqli din və millət nümayəndələrinə "başqa biri" kimi yox, cəmiyyətin bərabər üzvü kimi yanaşırlar. Təhsil sistemində də tolerantlıq dəyərlərinin aşılanmasına xüsusi diqqət yetirilir. Məktəblərdə və ali təhsil müəssisələrində multikulturalizm, milli-mənəvi dəyərlər və tolerantlıq mövzuları tədris olunur. Gənclər arasında milli və dini ayrı-seçkiliyin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirləri keçirilir. Çünki tolerantlığın qorunması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Bu gün Azərbaycan dünyaya nümunə göstərilən ölkələrdən biridir. Çünki burada insanlar müxtəlif dillərdə danışsalar da, müxtəlif dinlərə inansalar da, vahid vətəndaşlıq ideyası ətrafında birləşirlər. Azərbaycançılıq ideologiyası ölkədə yaşayan bütün xalqları vahid dəyər ətrafında birləşdirən əsas amildir. Məhz bu birlik və həmrəylik sayəsində Azərbaycan uzun illərdir sabitlik və qarşılıqlı hörmət mühitini qoruyub saxlaya bilir. Dünyada milli və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə Azərbaycanın təqdim etdiyi tolerantlıq modeli xüsusi əhəmiyyət daşıyır. Bu model sübut edir ki, fərqli dinlərin və xalqların nümayəndələri bir cəmiyyətdə qarşıdurma olmadan, qarşılıqlı hörmət və etimad şəraitində yaşaya bilərlər. Azərbaycan yalnız enerji resursları və geosiyasi mövqeyi ilə deyil, həm də multikultural dəyərləri və tolerantlıq ənənələri ilə dünyada tanınır. Bu gün Azərbaycanda dini və milli tolerantlığın qorunması yalnız dövlət siyasəti deyil, həm də xalqın həyat tərzidir. Məhz buna görə Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin sülh içində yaşadığı nadir ölkələrdən biri kimi beynəlxalq aləmdə xüsusi nüfuza malikdir.

Səidə Ramazanova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31