Şuşa günün mübarək, Azərbaycan!- ÖZƏL
11:45 Siyasət"Çox illər öncə hamı kimi mən də Şuşanın işgalını kövrək hisslərlə qarşılamışdım. Qisas hissi ilə yanan ürəyim heç soyumaq bilməzdi. Günlərin birində, bir gün səhər müharibə başladı sözünə çox sevinmişdim. Ölkə boydan-boya sevinc içində idi". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirli deyib: "Amma hər kəs çox yaxşı bilirdi ki, müharibə ölümdü, faciədi. Bunu bilməyimizə baxmayaraq demək olar ki, hər kəs, Vətən sevdalıları müharibəyə axışır, torpaqlarımızı işğaldan azad etmək üçün səfərbər olurdular. Hətta yaşları məqbul sayılmayanlar nə yolla olsa belə, döyüşməyə getmək arzusunda vurnuxurdular. Hamı kimi mən də Ali Baş Kömandanın televiziya ekranından o xoş xəbəri- "Şuşa sən azadsan" kimi deməsilə sevinmişdim. Müharibə qurtardı. Hiss etdiyim sevinc, qurur, kövrəklik kimi qarışıq duyğuları ifadə edəcək söz tapmıram. 30 illik həsrət, cəmi 44 günə sona çatmışdı. Azərbaycan elə bir tarix yazmışdı ki, düşməni peşman etmişdi. Əlbəttə, bunu edən qəhrəmanlar vardı. Torpaqları qaytarıb özləri qayıtmayanlar, bu uğurda qolunu, qıçını, gözünü fəda edənlər, heç düşünmədən özünü oda atanların heç birinin haqqı ödənməz. Onları unudan insan deyil, çünki bizə o qururu onlar yaşatdılar, öz canları bahasına. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirik! 44 gün ərzində Azərbaycan qəhrəmanlığın, həm də həmrəyliyin nə olduğunu göstərdi və sözün əsl mənasında "dəmir yumruq" oldu. Bu gün Şuşa günüdür. Şuşa günündə biz qəhrəman şəhidlərimizin, qazilərimizin sayəsində yenə də qururluyuq.
Şuşa günün mübarək, Azərbaycan!"