"Həyatın reallığı, yoxsa laqeydlik?" – Kartinq faciəsində günahkar kimdir?
9 Yanvar 21:00 SosialYanvarın 1-də Bakının Səbail rayonunda yerləşən "Baku City Karting" əyləncə mərkəzində baş verən faciə cəmiyyətdə ciddi rezonans doğurub. Saat 18:30 radələrində paytaxt sakinləri - 2008-ci il təvəllüdlü Kamal Səfərli və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınlarının toqquşması nəticəsində Kamal Səfərli ağır kəllə-beyin travması alaraq hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır, ilkin ehtimallara görə, hadisənin texniki nasazlıq nəticəsində baş verdiyi bildirilir.
Bu acı hadisə əyləncə mərkəzlərində təhlükəsizlik standartlarının, nəzarət mexanizmlərinin və məsuliyyət anlayışının yenidən ciddi şəkildə müzakirə olunmasına səbəb olub.
Kartinq əyləncə mərkəzləri xüsusilə yeniyetmələr arasında populyardır. Adrenalini, sürət hissini və yarış atmosferini bir araya gətirən bu əyləncə növü düzgün təhlükəsizlik tədbirləri görülmədikdə yüksək risk daşıyır. Beynəlxalq təcrübədə kartinq traslarında yaş məhdudiyyəti, sürət limiti, qoruyucu dəbilqə və xüsusi geyim, eləcə də texniki baxışdan keçmiş nəqliyyat vasitələri əsas şərtlər sayılır. Lakin baş verən son hadisə göstərir ki, bu standartların kağız üzərində mövcud olması real təhlükəsizliyin təmin edildiyi anlamına gəlmir. Xüsusilə azyaşlı və yeniyetmələrin iştirak etdiyi əyləncə zonalarında risk faktorları daha yüksəkdir. Hadisənin texniki nasazlıq nəticəsində baş verdiyi ehtimalı ciddi suallar doğurur. Əgər kartinq maşınında əyləc, sükan və ya sürətə nəzarət mexanizmində problem olubsa, bu, artıq fərdi səhv yox, sistemli məsuliyyətsizlik deməkdir. Bu halda sual yaranır: Əyləncə mərkəzlərində nəzarət mexanizmləri nə qədər effektivdir?
Son illərdə Bakıda və regionlarda əyləncə mərkəzlərinin sayı sürətlə artıb. Ticarət mərkəzləri, oyun parkları, ekstremal attraksionlar cəmiyyətin gündəlik həyatının bir hissəsinə çevrilib. Lakin bu inkişafla paralel olaraq təhlükəsizlik məsələlərinin eyni sürətlə irəliləmədiyi hallarda faciəvi nəticələr qaçılmaz olur.
Hadisə eyni zamanda valideyn məsuliyyəti məsələsini də gündəmə gətirir. Bir çox hallarda valideynlər əyləncə mərkəzlərini avtomatik olaraq "təhlükəsiz zona" kimi qəbul edir və övladlarını tam nəzarətsiz buraxırlar. Halbuki hər bir valideyn övladının hansı attraksiondan istifadə etdiyini, yaş və sağlamlıq baxımından bunun uyğun olub-olmadığını bilməlidir. Bu hadisə göstərdi ki, əyləncə adı altında təqdim olunan hər fəaliyyət təhlükəsiz deyil və valideynlərin də məlumatlı olması həyati əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Rəşad Rza Olaylar.az-a danışıb. Ekspert bildirib ki, belə hallarda ilk növbədə, təbii ki, istifadəçilərin, yəni vətəndaşların üzərinə müəyyən məsuliyyət düşür. Çünki hər bir şəxs öz sağlamlıq vəziyyətinə qarşı diqqətli olmalıdır. Əgər bədəndə hər hansı bir narahatlıq, səhhətlə bağlı problem, ürək, təzyiq, başgicəllənmə və ya digər fiziki məhdudiyyətlər mövcuddursa, bu cür əyləncə alətlərindən istifadə etmək tövsiyə olunmur. İnsan əvvəlcə öz sağlamlığını düzgün qiymətləndirməli, riskli vəziyyətlərdən uzaq durmalıdır. Bu baxımdan, fərdi məsuliyyət məsələsi birinci və əsas məsələ kimi ön plana çıxır. İkinci mühüm məsələ isə texniki nəzarət və texniki təhlükəsizliklə bağlıdır. Yəni əyləncə alətlərinin texniki vəziyyəti daim nəzarətdə saxlanılmalı, hər hansı texniki nasazlığa yol verilməməlidir. Bu sahədə isə, təbii ki, əsas məsuliyyət sahibkarların üzərinə düşür. Əyləncə mərkəzlərini idarə edən şəxslər istifadə olunan avadanlıqların texniki baxımdan tam saz vəziyyətdə olmasına, təhlükəsizlik qaydalarına uyğun şəkildə işləməsinə cavabdehdirlər. Texniki baxışların vaxtında aparılması, nasazlıqların dərhal aradan qaldırılması və təhlükəsizlik standartlarına əməl edilməsi son dərəcə vacibdir.
Ekspert qeyd edib ki, bu cür əyləncə mərkəzləri və qurumlar müvafiq dövlət orqanları tərəfindən mütəmadi şəkildə yoxlanılmalı və ciddi nəzarət altında saxlanılmalıdır. Nəzarət mexanizmlərinin düzgün işləməsi, yoxlamaların formal deyil, real və obyektiv aparılması ümumi təhlükəsizliyin təmin olunmasında böyük rol oynayır. Dövlət qurumlarının bu prosesdə iştirakı həm sahibkarların məsuliyyətini artırır, həm də vətəndaşların təhlükəsizliyini qorumağa xidmət edir.
"Ölüm hallarına gəldikdə isə, qeyd etmək lazımdır ki, ölüm həyatın bir reallığıdır və insan istənilən məkanda, istənilən şəraitdə həyatını itirə bilər. Bu, təkcə əyləncə mərkəzləri ilə məhdudlaşan bir məsələ deyil. Belə hallar başqa ictimai məkanlarda da baş verə bilər. Bu baxımdan, hadisənin baş vermə yeri avtomatik olaraq nəticə çıxarmaq üçün əsas olmamalıdır. Əyləncə mərkəzində də belə bir halın baş verməsi prinsip etibarilə mümkündür və bu, həyatın ümumi reallıqları çərçivəsində dəyərləndirilməlidir.
Bununla belə, hər bir konkret hadisə üzrə məsuliyyət məsələsi mütləq şəkildə araşdırılmalı, hadisənin səbəbləri ətraflı şəkildə təhlil olunmalıdır. Yenə də qeyd etdiyim kimi, burada əsas prinsip ondan ibarətdir ki, hansı tərəfdən ehtiyatsızlıq, laqeydlik və ya qayda pozuntusu varsa, məsuliyyəti də həmin tərəf daşımalıdır. İstər istifadəçi, istər sahibkar, istərsə də nəzarət mexanizmlərində iştirak edən qurumlar olsun - hər kəs öz üzərinə düşən öhdəliyə cavab verməlidir", - deyə ekspert sonda əlavə edib.

Mövzunun hüquqi çərçivəsi ilə bağlı vəkil Asif Mustafayev suallarımızı cavablandırıb:
-Bu hadisədə cinayət məsuliyyəti kimin üzərinə düşə bilər?
Burada əsas məsələ ölümün səbəbinin nə olmasıdır. Əgər istintaq sübut etsə ki, qəza texniki nasazlıqdan, yaxud təhlükəsizlik qaydalarına əməl olunmamasından baş verib, məsuliyyəti uşaqlar yox, müəssisə daşıyır. Bu halda məsuliyyət texniki vəziyyətə cavabdeh olan şəxslərin, təhlükəsizlik qaydalarını təşkil etməli və nəzarət etməli olan mərkəzin rəhbərliyinin, konkret olaraq səhlənkarlığa yol vermiş vəzifəli şəxsin üzərinə düşür. Yəni cinayət işi faktiki olaraq ehtiyatsızlıqdan insan ölümünə səbəb olma, səhlənkarlq istiqamətində gedə bilər. Burada cinayət subyekti kimi fiziki şəxslər(rəhbər, məsul əməkdaş) çıxış edir, amma praktikada müəssisənin özü də prosesin mərkəzində olur.
-"Hadisə zamanı məsuliyyət daşımırıq" tipli sənədlərin hüquqi qüvvəsi varmı?
Fikrimizcə, kartinq mərkəzlərində valideynlərə və ya iştirakçılara imzaladılan "hadisə zamanı məsuliyyət daşımırıq" tipli sənədlər hüquqi baxımdan tam və qeyd-şərtsiz məsuliyyətdən azadetmə sənədi kimi qiymətləndirilməməlidir. Bu cür sənədlərin hüquqi təsiri, bir qayda olaraq, yalnız o hallarda nəzərə alına bilər ki, insident məhz həmin sənəddə göstərilən risklər və davranışlar çərçivəsində baş vermiş olsun.
Bu əyləncə metodu təhlükəliliyi ilə seçilirsə və əhəmiyyətli risqlər daşıyırsa bu zaman müəssisənin müştərilərini təlimatlandırması və bu formada razılıq sənədlərinin imzalanması normal haldır. Bu zaman həmin risqlər çərçivəsində hər hansı bir qəza baş verirsə müəssisə cinayət məsuliyyəti daşımamalıdır. Lakin o sənədi imzalayan müştərilər bütün texniki vəziyyətin qaydasıda olduğunu düşünür və qəbul edərək imzalayırlar. Bundan başqa ehtimal etmək olar ki, əgər hadisə iştirakçının qaydalara zidd davranışı, təhlükəsizlik təlimatlarına əməl etməməsi və ya sənəddə əvvəlcədən göstərilmiş müəyyən riskli hərəkətlərlə əlaqədardırsa, bu halda imzalanmış sənəd məsuliyyət məsələsinin qiymətləndirilməsində nəzərə alına bilər.
Bununla yanaşı, texniki nasazlıq, avadanlığın təhlükəsizlik tələblərinə cavab verməməsi və ya texniki nəzarətin lazımi səviyyədə aparılmaması kimi hallar adətən bu cür sənədlərin əhatə dairəsinə daxil edilmir. Belə halların mövcud olub-olmaması isə əsasən ekspertiza rəyi əsasında müəyyən edilə bilər və bu rəy hadisənin hüquqi qiymətləndirilməsində mühüm rol oynaya bilər.
-Texniki nasazlıq sübuta yetirilərsə, mərkəz bağlana bilərmi və kompensasiya necə ödənilir?
Əgər ekspertiza göstərsə ki, texniki baxımdan yararsızlıq olub, nəzarət zəif olub, təhlükəsizlik standartları pozulub, bu zaman dövlət orqanları zəruri bildikdə və başqa qanun pozuntuları aşkarlandıqdamərkəzin fəaliyyətini müvəqqəti, bəzi hallarda isə tam dayandıra bilər.
Bu tədbirlərin əsas məqsədi başqa oxşar faciələrin qarşısını almaqdır.
Qeyd etmək olar ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-5-ci maddəsinə əsasən hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər sırasında hüquqi şəxsin ləğv edilməsi və ya müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməsi də nəzərdə tutulur. Bununla belə, bu tədbirlərin tətbiqi avtomatik xarakter daşımır və konkret halda cinayətin xarakterindən, törədilmə şəraitindən, nəticələrinin ağırlığından, ictimai təhlükəlilik dərəcəsindən və iş üzrə müəyyən edilən hallardan asılı olaraq qiymətləndirilə bilər. Cinayət işi ilə yanaşı, mərhumun ailəsi dəymiş zərərin əvəzinin ödənilməsi barədə mülki iddia qaldıra bilər. Qeyd edim ki, mülki məsuliyyət üçün hər zaman təqsir önəmli olmur, yəni müəssisə təqsirsiz olsa belə mülki məsuliyyət daşıya bilər. Bu mübahisələr məhkəmədə baxılmalıdır.
Tələb oluna bilən kompensasiyalara dəfn və digər faktiki xərclər, həmçinin valideynlərin çəkdiyi psixoloji sarsıntıya görə mənəvi zərər aid edilə bilər. Burada vacib məqam odur ki, təqsir sübuta yetirilərsə, kompensasiya ödənilməsindən nə imzalanmış kağızla, nə də "riskli əyləncədir" arqumenti ilə yayınmaq mümkün olmur.
Fikrimcə, əyləncə sektoru gəlir mənbəyi olmaqla yanaşı, insan həyatı ilə birbaşa bağlıdır. Burada güzəştə yer yoxdur. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, nəzarət mexanizmlərinin sərtləşdirilməsi və ictimai məsuliyyətin artırılması bu faciədən çıxarılmalı olan əsas dərslərdir.
Lamiyə Cəbrayılova