Kredit kartları: Dost, yoxsa görünməz düşmən? Borcdan necə qorunmalı?
16:32 SosialMüasir dövrdə cibimizdə daşıdığımız ən kiçik əşyalardan biri bəzən həyatımızın ən böyük maliyyə yükünə çevrilə bilir. Bir zamanlar yalnız varlı təbəqənin istifadə etdiyi kredit kartları bu gün artıq demək olar ki, hər kəsin gündəlik həyatının bir hissəsinə çevrilib. Market alış-verişindən restoran hesabına, onlayn sifarişdən təhsil haqqına qədər həyatın müxtəlif sahələrində kredit kartları insanlara rahatlıq təqdim edir. "İndi al, sonra ödə" prinsipi ilk baxışdan insanı azad hiss etdirir. Lakin məhz bu rahatlığın arxasında görünməyən bir təhlükə də gizlənə bilər. Bir çox insan kredit kartını maliyyə azadlığının simvolu hesab edir. Çünki bəzən maaşa bir neçə gün qalarkən yaranan gözlənilməz xərclər, təcili tibbi ehtiyaclar və ya vacib alış-verişlər məhz kredit kartı vasitəsilə həll olunur. Digər tərəfdən isə düşünülməmiş istifadə, yüksək faizlər, minimum ödəniş tələsi və psixoloji alış-veriş vərdişləri insanları aylarla, hətta illərlə davam edən borc bataqlığına sala bilir. Statistikalar göstərir ki, bir çox insan kredit kartından istifadə edərkən real xərclədiyi məbləği hiss etmir. Nağd pul verərkən insan müəyyən psixoloji "itirilmə hissi" yaşayır. Kartla ödəniş zamanı isə bu hiss azalır və nəticədə planlaşdırılmamış alış-verişlərin sayı artır. Xüsusilə sosial şəbəkələrdə yayılan "lüks həyat" görüntüləri, endirim kampaniyaları və marketinq strategiyaları insanları daha çox xərcləməyə sövq edir.
Kredit kartı bankın müştəriyə müəyyən limit çərçivəsində borc vəsaiti təqdim etdiyi ödəniş vasitəsidir. İnsan həmin limiti istifadə edir və sonradan müəyyən müddət ərzində geri qaytarır. Əgər borc vaxtında ödənilməzsə, yüksək faizlər tətbiq edilir. Ən böyük problem ondan ibarətdir ki, kredit kartı insanı "öz pulu deyilmiş kimi" xərcləməyə alışdırır. İlk aylarda hər şey normal görünür. İnsan düşünür ki, borcu rahat şəkildə bağlayacaq. Lakin zaman keçdikcə xərclər artır və minimum ödəniş sistemi insanı uzunmüddətli borca sürükləyir. Məsələn, bir şəxs 1000 manatlıq borcun yalnız minimum hissəsini ödəyirsə, qalan məbləğə faiz hesablanır. Nəticədə ilkin borc getdikcə böyüyür. İnsan bir müddət sonra artıq yalnız faiz ödədiyini, əsas borcun isə azalmadığını görür. Bankların ən çox istifadə etdiyi mexanizmlərdən biri minimum ödənişdir. Bu sistem ilk baxışda rahat görünür. İnsan düşünür ki, az məbləğ ödəməklə problemi həll edir. Əslində isə bu, borcun uzanmasına və faiz yükünün artmasına səbəb olur. Maliyyə ekspertlərinin fikrincə, kredit kartı borcunun yalnız minimum hissəsini ödəmək uzunmüddətli perspektivdə insanın maliyyə vəziyyətini ağırlaşdıra bilər. Son illərdə banklar xüsusilə gəncləri kredit kartı məhsullarına cəlb etməyə çalışır. Tələbələrə və yeni işləməyə başlayan şəxslərə müxtəlif kampaniyalar təqdim olunur. Lakin maliyyə savadlılığı zəif olan şəxslər üçün bu vəziyyət risk yaradır. Əslində kredit kartı nə tam düşməndir, nə də tam dost. Hər şey ondan necə istifadə olunmasından asılıdır. Düzgün idarə ediləndə kredit kartı rahatlıq, təhlükəsizlik və maliyyə çevikliyi yarada bilər. Lakin nəzarətsiz istifadə olunduqda insanı uzunmüddətli borc, psixoloji gərginlik və maliyyə asılılığı ilə üz-üzə qoya bilər. Müasir dünyada əsas məsələ kartın özü deyil, insanın maliyyə davranışıdır. Çünki görünməz düşmən bəzən cibimizdəki plastik kart yox, düşünülməmiş qərarlar olur.
Mövzu ilə bağlı iqtisadçı ekspert Razi Abbasbəyli Olaylar.az-a danışıb: "Əvvəlcə kredit kartları ilə bağlı təsəvvürlərimizi konkretləşdirək. Kredit kartı özü-özlüyündə nə tam pisdir, nə də tam yaxşı. Sadəcə, onun həm müsbət, həm də mənfi tərəfləri var. Adətən kredit kartı vətəndaşlara geniş imkan və fürsət kimi görünür, lakin onun arxasında ciddi risklər də dayanır. Psixoloji olaraq insanlarda "pulsuz pul" illüziyası formalaşır və nəticədə borc sürətlə şişməyə başlayır. Vətəndaşlar kredit kartından əsasən gündəlik xərclərdə, böyük alış-verişlərin hissələrə bölünməsində - bura müxtəlif məişət texnikalarının alınmasını da aid edə bilərik - həmçinin onlayn ticarətdə və səyahət xərclərinin qarşılanmasında istifadə edirlər. Əslində bu, müəyyən qədər doğru yanaşmadır. Çünki burada xərcləri planlaşdırmaq və gəlirlərə uyğun şəkildə tənzimləmək mümkündür. Lakin eyni zamanda ciddi risklər də mövcuddur. Bəzən vətəndaşlar kredit kartından istifadə edərkən borcun azalmadığını, əksinə faiz üzərinə faiz gəldiyini hiss etmirlər. Ən mühüm məqamlardan biri odur ki, bankların kredit faizləri kifayət qədər yüksəkdir. Xüsusilə də nağdlaşdırma zamanı əlavə komissiyalar və yüksək faizlərin tətbiq olunduğunun şahidi oluruq. Nəticə etibarilə insanlar öz gəlirlərindən sərbəst şəkildə istifadə imkanlarını itirməyə başlayırlar. Yəni sizin gəlirləriniz karta daxil olan kimi əvvəlki borcların bağlanmasına yönəlir və planlaşdırılmamış digər xərcləri qarşılamaq mümkün olmur. Beləliklə, vətəndaşlar kredit kartları vasitəsilə faktiki olaraq maliyyə asılılığına düşürlər. Məsələn, bir vətəndaş ay ərzində min manat gəlir əldə edir və bu vəsaiti ayın sonuna qədər idarə etməlidir. Lakin inflyasiya, bahalaşma və gözlənilməz xərclər səbəbindən ayın ortasından sonra həmin vəsait tükənməyə başlayır. Vəsait bitdikdə isə artıq kredit kartlarına və müxtəlif kredit müraciətlərinə ehtiyac yaranır. Nəticədə ötən ay planlaşdırılmayan xərclər növbəti ay üçün əlavə maliyyə yükünə çevrilir. Əgər vətəndaş əvvəl min manatlıq gəlirdən müəyyən qədər qənaət edə bilirdisə, artıq bu imkan azalır. Sonrakı aylarda yeni gözlənilməz xərclər ortaya çıxdıqca yenidən kredit kartlarına müraciət edilir və nəticədə insanın qazancının böyük hissəsi kreditlərin ödənilməsinə yönəlir. Beləliklə, vətəndaş aylarla yaşayış və istehlak xərclərini qarşılamaq üçün davamlı şəkildə kreditlərə üz tutur. Bu isə insanı kredit kartından asılı vəziyyətə salır. Artıq vətəndaş həyatını planlaşdıra bilmir. Onun əsas məqsədi yalnız kreditləri vaxtında ödəmək, kredit tarixçəsini qorumaq və növbəti aya maliyyə baxımından çatmaq olur".
Ekspert bildirib ki, burada ən çox yol verilən səhvlərdən biri müxtəlif banklardan götürülən kreditlərin faiz şərtlərinə ciddi yanaşılmamasıdır. Vətəndaş çox zaman alternativi olmadığı üçün kredit əldə etməyə razılaşır. Azərbaycanda bank kreditlərinin faizləri kifayət qədər yüksəkdir və demək olar ki, əksər banklarda şərtlər bir-birinə yaxındır. Rəqabət mühiti zəif olduğu üçün vətəndaş banklar arasında ciddi seçim edə bilmir. Nəticədə insanlar ilk əldə etdikləri imkandan istifadə etməyə məcbur qalırlar və yüksək faiz yükü altında gəlirlərini itirməyə başlayırlar. Digər mühüm məsələ isə nağdsız alış-verişlər zamanı məişət avadanlıqlarının kreditlə alınmasıdır. Vətəndaşlar bəzən dəyərindən qat-qat baha qiymətə müxtəlif məişət cihazları əldə edirlər və fərqinə varmırlar ki, kredit faizləri həmin məhsulun qiymətini bir neçə dəfə artırır. Halbuki alternativ variantlar da mövcuddur. Məsələn, ikinci əl əşyalar bazarında daha sərfəli qiymətə məhsullar əldə etmək mümkündür. Bu isə insanı kredit asılılığından müəyyən qədər qoruya bilər. Eyni zamanda daha ucuz və büdcəyə uyğun avadanlıqlar seçmək də mümkündür. Təəssüf ki, vətəndaşların bir qismi bu məqamlara diqqət yetirmir. Kredit kartları ilə bağlı yaranan problemlər insanları getdikcə daha böyük maliyyə asılılığına sürükləyir və bir çox hallarda vətəndaş kredit kartının idarəedicisi deyil, onun asılı istifadəçisinə çevrilir.
Səidə Ramazanova