MDU-da “MSU First Green Sports Festival” üçün əsas məkanlara baxış keçirildi
18:55 SosialMingəçevir Dövlət Universitetində "MSU First Green Sports Festival"a hazırlıq işləri yekunlaşmaq üzrədir
Mingəçevir Dövlət Universitetində (MDU) keçiriləcək "MSU First Green Sports Festival"ın təşkili ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Bu gün universitetin rektoru Anar Eminov və Festivalın Təşkilat Komitəsi tərəfindən tədbirin keçiriləcəyi əsas məkanlara baxış keçirilib.
Qeyd edək ki, festival Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur və regionlarda keçirilən ilk genişmiqyaslı yaşıl idman festivalı hesab edilir. Baxışda təşkilat komitəsinin rəhbəri Azad Gözəlov də iştirak edib.
Baxış zamanı xüsusilə marafon, velosiped yarışı, voleybol və üzgüçülük üzrə nəzərdə tutulan idman məkanlarında aparılan hazırlıq işləri daha detallı şəkildə incələnib. Təhlükəsizlik tədbirləri, logistika, iştirakçı axınının idarə olunması, infrastrukturun hazırlıq səviyyəsi və texniki təminat məsələləri qiymətləndirilib.
Qeyd olunub ki, "MSU First Green Sports Festival" ekoloji davamlılıq, sağlam həyat tərzinin təşviqi və yaşıl kampus strategiyası çərçivəsində təşkil olunan regionun ən genişmiqyaslı yaşıl idman təşəbbüslərindən biridir. Festival idman, ekoloji maarifləndirmə və ictimai fəallığı vahid platformada birləşdirərək davamlı inkişaf dəyərlərinin təşviqinə xidmət edir.
Festival proqramı çərçivəsində müxtəlif idman yarışları, açıq hava fəaliyyətləri və ekoloji maarifləndirmə təşəbbüsləri həyata keçiriləcək. Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, ekoloji düşüncənin formalaşdırılması və yaşıl həyat fəlsəfəsinin təbliğidir.
Təşkilat komitəsinin məlumatına əsasən, tədbirdə 3000-dən çox iştirakçının iştirakı gözlənilir. Yarışların qalibləri medal, kubok və xüsusi sertifikatlarla təltif olunacaqlar.
Universitet nümayəndələri bildiriblər ki, festival tələbələr, gənclər və ictimaiyyət arasında sağlam həyat tərzinin təşviqi, ekoloji məsuliyyətin artırılması və yaşıl universitet təşəbbüslərinin dəstəklənməsi baxımından mühüm platforma olacaqdır.