Hava zərbələri, raket hücumları və çıxılmaz diplomatiya ÖZƏL
16:36 Siyasət"ABŞ İran ərazisində bir sıra strateji hədəflərə qarşı hava və dəniz əməliyyatları həyata keçirib. Tehran da daxil olmaqla bir neçə bölgədə həmçinin İranın ən böyük liman şəhərlərindən olan Qeşm və Bəndər Abbas istiqamətində də zərbələr endirilib. İran isə öz növbəsində Hörmüz boğazında yerləşən ABŞ dəniz qüvvələrinə qarşı raket hücumu həyata keçirib.
ABŞ ilə İran arasında döyüşlərin yenidən başlanması tərəflərin danışıqlar masasında bir araya gələ bilməməsi və qarşılıqlı anbisyalarının formalaşan nəticəsidir. Son aylarda dolayı danışıqlar, vasitəçilər üzərindən mesajlar və regional oyunçuların təşəbbüsləri nəticə vermədi. Kompromis üçün isə siyasi iradə yox idi. Hər iki tərəf danışıqları taktiki alət kimi istifadə etsə də, strateji məqsədlərindən geri çəkilmədi".

Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında söyləyib:
"Ümumiyyətlə İran həm Çin, həm də Rusiya ilə münasibətləri gücləndirərək özünü alternativ geosiyasi blokun aktiv üzvü kimi təqdim etməyə çalışır. Bu vəziyyət ABŞ üçün ciddi riskdir. Xüsusilə Hörmüz boğazı ətrafında nəzarətin təhlükəyə düşməsi Vaşinqton üçün qəbuledilməz ssenaridir. Çünki dünya enerji daşımalarının mühüm hissəsi məhz bu marşrutdan keçir.
Tehran geri çəkilmək niyyətində deyil. Hörmüz boğazındakı ABŞ dəniz qüvvələrinə raket hücumu İranın yalnız müdafiə olunan tərəf rolunu qəbul etmədiyini göstərir. Tehran anlayır ki, əgər cavab verməsə, bu həm daxildə zəiflik görüntüsü yaradacaq, həm də regiondakı proksi qüvvələr üzərində nüfuzunu sarsıdacaq. Buna görə İran məhdud, amma simvolik baxımdan ciddi cavab modeli seçib.
Ən təhlükəli məqam isə budur ki, artıq tərəflər arasında nə etimad qalıb, nə də vəziyyəti sürətlə sabitləşdirəcək siyasi mexanizm görünür. Diplomatik kanalların sıradan çıxması və qarşılıqlı ambisiyalar eskalasiyanı idarəolunmaz mərhələyə yaxınlaşdırır. ABŞ regionda tam hərbi üstünlük nümayiş etdirmək istəyir, İran isə geri çəkilməyin rejimin zəifləməsi demək olduğunu düşünür. Hər iki tərəf geri addımı strateji məğlubiyyət kimi görür".
Zeynəb Mustafazadə