SONUNCU TAPŞIRIQ

Şəhid Hüseynov Hüseyn Əkbər oğlunun əziz xatirəsinə

(hekayə)

Zərfin içindən çıxan səliqə ilə iki qatlanmış kağızı açaraq əvvəlcə özü üçün səssiz oxudu. Sonra qrup üzvlərinin də eşidə biləcəyi səslə aramla davam etdi: - "Döyüş tapşırığı hal-hazırda - 26.05.1994-cü ildə ərazinin plan sxemi, eyni zamanda işçi xəritə üzərində təyin və təsbit olunmuş real oriyentirlər əsasında üzbəüzdə dayanmış düşmən mövqelərinin sağda (bizim sol cinahımızda) "Eşşəkkeçməz (oriyentir  № 01)", solda (bizim sağ cinahımızda) isə "Yusifcanlı kəhrizinin gözü (oriyentir № 12)" olmaqla haradan keçdiyini dəqiqləşdirməkdən ibarətdir."  Sözünü yekunlaşdırıb xəritəni çavuş Həsənliyə təhvil verdi. Ərazinin plan sxemini  və möhürlü zərfi isə yenə səliqə ilə qatlayıb özünün sənəd üçün olan   yan çantasına qoydu. Fənərini də hər ehtimala qarşı üzünü görmədiyi əsgərlərdən birinə uzadıb: - bu da səndə qalsın, birdən lazım olar. - dedi.

- Təşəkkür edirəm, komandir! - bu əsgərlərin öz arasında "Professor" adlandırdıqları Bakıdan olan əsgər Əhmədlinin səsi idi.

- Əhmədli, "komandir" hələ zühur eləməyib. Xidmətini sağ-salamat başa vurub gedərsən evinizə. "Dambam" şadlıq evində yaxşı bir toy çaldırarsan, gəlinbacımızı apararsan öz evinə, bax həmin gecə "komandir" zühur edəcək sənin üçün.

- Bağışlayın, yoldaş baş leytenant. - əsgər Əhmədli üzr istədi.

- Nəyim var, sənə nə bağışlayım, yoldaş əsgər?

- Xahiş edirəm, komandir. - əsgər Əhmədli bölük komandirinin könlünü  almağa çalışdı.

- Xahişi qayış elə, bağlayarsan belinə, yoldaş əsgər! O tərəfdə lazım olar.

- Nə olar, icazə verin, söz demək istəyirdim yoldaş baş leytenant.- əsgər Əhmədli əl çəkmək istəmirdi.

- De, görək nə demək istəyirsən bu iki daşın arasında. - bölük komandiri icazə verdi.

- Yoldaş baş leytenant, deyirəm, bizim də göydə peykimiz olsa, onların nəyi var, nəyi yox hamısını bitdə-bitdə bilərdik. - əsgər Əhmədli axır ki, ürəyindəki sözünü bölük komandirinə çatdıra bildi.

- Olacaq, Əhmədli, olacaq! Peykimiz də olacaq! Özü də biri yox, bir neçə peykimiz olacaq. Atəşkəsə indi  nail olmuşuq. Tezliklə Azərbaycan öz neftini dünya bazarına çıxardacaq. Azərbaycan dünyanın ən varlı, inkişaf etmiş ölkəsinə çevriləcək. Düşmən bizimlə hesablaşmağa məcbur olacaq. Hüseyn qayıdıb öz kəndində yaşayacaq. Sən də Bakıda hər axşam bir barda dincələrsən. - bölük komandiri əlini bir neçə dəfə yüngülcə əsgər Əhmədlinin çiyninə vurdu.

- Mən bara getmirəm, yoldaş baş leytenant. Mən oxuyacam. Hüquqşünas olacam. - əsgər Əhmədli inamla dedi.

- Yoldaş baş leytenant, Əhmədli deyən kimi, peykimiz olanda, ta kəşfiyyat olmayacaq? - əsgərlərdən biri təəssüf qarışıq təəccüblə soruşdu.

- Kürdəmir, sənsən? - bölük komandiri sual verənin kim olduğunu dəqiqləşdirmək istədi.

- Bəli, yoldaş baş leytenant, mənəm. - Kürdəmir rayonundan olduğuna görə taborda hamının "Kürdəmir" kimi tanıdığı əsgər təsdiqlədi.

- Onu zaman göstərəcək, yoldaş əsgər!

Qaranlıq olsa da hamını diqqətlə süzüb, bir daha sakitcə soruşdu: - hamı bütün oriyentirlərin adını, yerini dəqiq bilir?

- Elədi ki, var. - əsgərlər pıçıltı ilə cavab verdilər.

- Sual var?

- Xeyr, yoxdur.

- Yaxşı, deyəsən rəis gələsi olmadı. Hazır gözləyin, qərargah rəisinə məlumat verib, gəlirəm. - dedi və zabitlərin çadırına yollandı...

10 dəqiqə sonra

- Getdik, aslanlar! - dedi və irəliyə keçərək hamıdan öndə öz yerini aldıqdan sonra çavuş Həsənliyə əlilə arxasınca gəlmələrini işarə etdi. 12 nəfərlik qrup və öndə özü Qarqar çayı ilə üzüyuxarı bir xeyli gedib 10 nömrəli oriyentirə - "Xanqulu əyrisi"nə çatdılar. Zülmət qaranlıq idi. Adətən belə vaxtlar aydınlıq olurdu. Bu gecə sanki, böyük Allah onlar üçün məxsusi olaraq  Ayın üzünü örtmüş və bununla da əməliyyata rizasını göstərmişdi. Qaranlıq olsa da yenə sonuncu dəfə hamını ətrafına topladı. Əvvəlcə çavuş Həsənliyə, sonra isə növbə ilə Əfkərliyə, Ucarlıya baxaraq, hamını bir-bir nəzərdən keçirdikdən sonra soruşdu: - Unutmayın, birinci sağ qalmağı bacarmalısınız, sonra döyüş tapşırığını yerinə yetirmək qalır. Xəritə heç bir halda itməməli, xarab olmamalıdır. Yansa belə külünü gətirib "Nizami hissəyə" təhvil verməlisiniz. Başqa digər variantların heç birini ağlınıza belə gətirməyin. Ən əsası hər şeyi şifahi olaraq yaddaşınızda saxlamağa çalışın. Siz seçilmişlərsiniz. Hər biriniz - sağ qalan sonuncu şəxs gəlib tapşırığın hansı səviyyədə yerinə yetirildiyini şifahi şəkildə, oriyentirlər üzrə izah etməyi bacarmalıdır. Sual var?

- Xeyr, yoxdur!

- İstiqamət, 11 nömrəli oriyentir - "Tək söyüd" olmaqla irəli! Əməliyyat başladı. Toplanış yeri düşərgədəki "Put söyüd" altı. - dedi və çevrilib, arxaya baxmadan düşərgəyə - "Put söyüd"ə tərəf addımlamağa başladı...

26.05.1994-cü il Ağdam rayonu, Yusifcanlı kəndi yaxınlığında Qarqar çayının sahilində - Xanqulu əyrisində saat 01:27, qrup bir kalon şəklində çayla üzüyuxarı "Tək söyüd"ə tərəf irəliləyir

- Bir kalon, bir kalon, çalışın addımlarınızı eyni yerə qoyasınız, hava çox qaranlıqdı, 5-6 addımdan çox məsafə saxlamayın. Uzağı 20 dəqiqəyə "Tək söyüd"ə çatacağıq. Çalışın silah çox səs eləməsin. Bir kalon, məsafə 5-6 addım. Arxaya ötürün. - Çavuş Qalalı demək olar ki, onunla yanaşı addımlayan Hüseynə dedi. Hüseyn də arxaya ötürdü. Pıçıltı ilə əsgərlərin bir-birinə ötürdüyü "bir kalon", "məsafə 5-6 addım", "çox səs eləməyin" nidaları zülmət gecənin bağrını bıçaq kimi kəsirdi. Qrup Qarqar çayının yeni yatağının - yerli əhalinin dilində desək, "Təzə Arqar"ın -  hündürlüyü ərazi boyu təxminən  5-15 metr arasında dəyişən sahil yamacı ilə irəliləyirdi. Xanqulu əyrisindən maili hamar başlasa da irəlilədikcə  gah sıldırım, gah maili, gah düzən olmaqla növbələşən, əvvəlcədən təyin olunmuş marşrutu "Tək söyüd"ə qədər qət etmək elə də çətin olmadı. Gündüzlər uzaqdan müşahidə etməkdən gözlərinə həkk olunmuş "Tək söyüd"ün siluetini gecənin qaranlığında 10-15 addımlıqdan sezmək elə də çətin olmadı. Əslində Qarqarın sahil yamacı mailliyini itirib düzənləşdikcə Hüseyn "Tək söyüd"ün yaxınlığında olduqlarını bir neçə dəfə xəbər vermişdi. Qrup ağaca çatıb dayandı. Ağaca ilk olaraq çavuş Qalalı toxundu. Sonra Hüseynlə ətrafı yüngülcə nəzərdən keçirib yoxladılar. Deyəsən ağacın üstündə quş var idi. Yuxarıdan səs gəlirdi. Yaxın ətraf camaatın və əsgərlərin dilində əzbər olan "Tək söyüd" sağlam ağac idi. Görünür nə vaxtsa su arxının kənarına kimsə bir çubuq basdırıb, o da sonralar belə boylu-buxunlu, böyük çətirli bir ağac olub. Ağacın dibi dərin çala kimi yer idi. Hüseyn Qalalıya əslində ağacın dərin arxın içində bitdiyini bildirdi. Təbii şərait işə yarayırdı. Qrup üzvləri, hamı gəlib çatdıqdan sonra ağacın altında, arxın içində hərə bir tərəfdə yerini rahatlayıb oturdu. Elə bu vaxt sanki hava qəfil işıqlaşdı. Elə bil kimsə Ayın üzərindən pərdəni götürdü. Hüseyn qeyri-ixtiyari: - "Bu heç yaxşı əlamət deyil" - dedi.

- Allahın işinə qarışmayacağıq ki, ... yer onun, göy onun...- Ucarlı dilləndi.

- Qurban olum Allaha, özü bilən məsləhətdir.  - Hüseyn cavab verdi.

- Kim siqaret çəkmək istəyir burada çəksin. Həm aydınlıqdı, həm də yer yaxşıdı. Arx dərindi kənardan görsənməz. - Çavuş Qalalı siqaret çəkənlərə xəbərdarlıq etdi. Sonra üzünü Hüseynə tərəf tutaraq:

- Ay Hüseyn danış görək bu kənddə nə var, nə yox? Bax elə bu ağacdan, buralardan, özündən danış. Onsuz da aydınlıqdı, hələlik hərəkət edə bilməyəcəyik. Görək, buludlar nə vaxt insafa gələcək. - dedi və göy üzünə boylandı.

- Danış, Hüseyn, danış. - Ucarlı dilləndi - bax bu söyüddən danış.

- Nə danışım e... Allah baisin evini yıxmasın, yazıqdı... Gül kimi yaşayırdıq. Bax, üzü o tərəfə buralara "8 hektar" deyirdilər. İndi gündüz görəcəksiniz; buralar hamısı üzüm bağlarıdr. Briqadiri də mənim qohumum Mustafa idi. Bax, bu ağacdan kəhrizə qədər val uzanır, düz "Şıxhəsən"ə qədr. Buralarda o qədər, üzüm yığmışıq, ot çalmışıq, heyvan otarmışıq... Bax bu ağacın üstündə oturub, o qədər dərs oxumuşam ki...

- Yaxşı oxuyurdun, Hüseyn? Bəs niyə instituta girmədin, əsgərə gəldin, hə? - Ucarlı marağını gizlədə bilmədi - bir də nə yaxşı Bakıya düşdün? Hamı "Urset"ə gedirdi axı əsgərliyə...

- Vallah sən də qəribə oğlansan e, Ucarlı. Heç hənanın yeridi? - Hüseyn də öz növbəsində təəccübünü gizlədə bilmədi. Bu vaxt anidən göy üzü işıqlandı. Hamı lap arxın dibinə uzandı.

- "Kristal" atdılar. - əsgərlərdən kimsə dilləndi.

- 10 gündən çoxdur atəşkəs elan olunub. Atmazlar. Bu nəsə başqa şeydi. - Çavuş Qalalı dilləndi.

- Hə, düz deyir, 14-ü atəşkəs olub. Say gör neçə gün eliyir. - Ucarlı yenə marağını gizlətmədi.

- Bu gün artıq 27-si, düz 13 gündür atəşkəs elan olunub.

- 13 gün? Baho bu 13 hardan çıxdı? Ay səni Ucarlı... Bax belə olanda adama deyərlər: "sənə deyən oldu keçəl ayın neçəsidir?" - Hüseynin ovqatı nəsə yaman təlx olmuşdu.

- Hələ ayın 26-sıdır. 12 gündür. - Professor dilləndi.

- Afərin, Əhmədli! - çavuş Qalalı anında reaksiya verdi. Elə bu vaxt yenə göyə nəysə atdılar. Hər yan ağappaq süd kimi oldu. Hüseyn məqamdan istifadə edərək: - Bax o yekə ağac var ha, o qovaq ağacıdır. Qobunun körpüsünün yanındadır. - deyə çavuş Qalalını məlumatlandırdı -  Qobunun körpüsü xəritədə var, amma ətrafı bağ olduğuna görə qovaq bilinmir.

- Bağ, yəni meşə? - Qalalı soruşdu.

- Biz bağ deyirik. Qobunun körpüsündən bu tərəfə - qovağa tərəf Kiçik bağ, körpüdən o tərəfə, yolun o biri üzünə Böyük bağ deyirik.

- Deyirdik - Ucarlı dilləndi.

- Elə indi də deyirik. - Hüseyn cavab verdi. Bu vaxt üçüncüsünü atdılar. Yenə aləm süd gölünə döndü.

- Bəlkə biliblər gəldiyimizi. - kimsə söz atdı.

- Yenə satdılar? - yenə kimsə söz atdı.

- Kürdəmir, sən sakit dur! - çavuş Qalalı iradını bildirdi və göstəriş verdi: - bir az seyrəlin, aralı-aralı uzanın, görək axırı necə olacaq? - dedi və özü də Hüseynlə birlikdə ağacın dibinə qısıldılar. Araya qısa müddətli sükut çökdü. Bu sükutu elə Qalalı özü pozdu:

- Hüseyn, doğrudan, yaxşı oxuyurdunsa, niyə instituta getmədin, əsgərə gəldin?

- Bax, o sənə ağac göstərdim ha, ondan bir az kəndə tərəf abidə var - "Şəhidlər abidəsi". 20 yanvar şəhidlərinin xatirəsinə kənd camaatı yığışıb özü qoyub o abidəni. 90-cı il mən məktəbi bitirirdim. Tarix oxuyurdum. Arzum tarixçi olmaq idi. Şəhidlərin qırxı günü o abidənin yanında böyük mitinq oldu. Hamı danışdı. Hərə bir söz dedi. Mən də o mitinqdən gələndən sonra bütün "SSRİ" tarixi kitabların töküb yandırdım. Qəbula da getmədim. Yaşım tamam olanda əsgərə çağırdılar. Getdim hərbi komissarlığa dedim ki, hara göndərirsiniz göndərin, amma mən mənim xalqımı güllə-baran edən orduda xidmət etməyəcəm. Məni apardılar komissarın yanına. Komissarın familiyası səhv eləmirəmsə Yusupov  idi. Qzax millətinə oxşayırdı. Heç bizlərə oxşarlığı yox idi.  O da soruşdu. Eyni cavabı verdim. Tapşırdı ki, məni Azərbaycanda saxlasınlar. Mən də qaldım burda. Əvvəl bir az "Nasosnu"da oldum. Sonra da ərizə yazıb gəldim bura. - dedi və sanki çiynindən ağır bir yük atmış kimi özünü rahat hiss etdi Hüseyn.

Ardı  var

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31