Qədim Oğuzun çağdaş Yunusu! YUNUS OĞUZ – 65.
12:20 SosialTəsadüfdənmi, yoxsa ilahi qismətdənmi, bilmirəm, düz 65 il bundan əvvəl Azərbaycanda ilk mətbuatın yarandığı gun, yəni "ƏKİNÇİ" qəzetinin "doğulduğu" gün qədim Oğuz elinin dilbər məkanlarından birində - Şirvan torpağında dünyaya bir oğlan uşağı gəldi. Kim bilir, bəlkə də valideynləri, yaxınları bu körpənin böyüyəndə mühəndis, ya müəllim, ya həkim, ya da hansısa başqa bir peşənin sahibi olacağını xəyal edirdilər. Amma hələ o zaman valideynlərinin, yaxınlarının heç ağıllarına da gəlməzdi ki, bu körpə Azərbaycan ədəbiyyatının ağır yükünü çiyinlərinə götürəcək, xalqının unudulmaqda olan tarixini xalqın özünə, təkcə elmi yazılarla deyil, həm də bədii əsərlər vasitəsilə yenidən qaytarmaqla, tarixi bir missiyaya imza atacaq...
Yunus Oğuzu 1988-ci ilin ortalarından tanıyıram. Qarabağ uğrunda savaşın ilk günlərindən "qələmini süngüyə çevirən" bu gənc qələm adamını tanıdıqca, onun daxilində qədim Oğuz elinin ağrı-acıları ilə yoğrulmuş bir dünyanın hayqırtısını duymamaq mümkün deyildi. Həmin illərdə çoxları kimi Yunus bəy də yazmaqdan çox (zatən istədiklərini yazmağa və yaymağa imkan da verilmirdi-T.N.) canlı ünsiyyətə, Vətən və Azadlıq uğrunda ayağa qalxan insanların mənən zənginləşməsinə yönəlik təbliğata daha böyük üstünlük verirdi. Yunus bəy o həqiqəti bilir və qətiyyətlə əmin idi ki, bir milləti qələbəyə, yenilməzliyə aparan yol milli özünəinamdan, milli özünüdərkdən və milli özünəgüvəncdən keçir. Əsrlər boyu məqsədli şəkildə milləti özündən, keçmişindən ayıran rus şovinizminin ideologiyası ilə "zəhərlənmiş" xalqın şüurunda inqilaba ehtiyac olduğunu dərk edərək də, meydanlarda, küçələrdə Xəlil Rza Ulutürklə, Əbülfəz Elçibəylə, Anarla, Sabir Rüstəmxanlı ilə, Firidun Cəlilovla və digər milli ruhlu ziyalılarla birgə gecə-gündüz həm Bakıda, həm o zaman od içində yanan Qarabağda, həm də qədim Oğuz elinin bir parçası olan Azərbaycanın digər əyalətlərində sadə kütlənin maarifləndirilməsində fədakarlıq göstərirdi...
Hələ o illərdə Yunus Oğuzun tez-tez işlətdiyi bir cümləni bu gün də xatırlayıram: "Mübarizəyə gedən yol beyinlərdən başlamalıdır. Əl, qol çəkicdi, onu idarə edən isə beyindir. Beyin istiqaməti düz tutmayanda, çəkic insanın özünə dəydiyi kimi, milli mübarizədə də yanlış istiqamət zərbənin özümüzə dəyməsinə gətirib şıxarar!"
Nə yazıqlar ki, milli hərəkatda olanların heç də hamısı Yunus bəy kimi düşünmürdü. Yunus Oğuz ona görə belə düşünür və belə deyirdi ki, onun mənəvi dünyasında millətinə zərər vuracaq hər hansı bir hərəkətə yer yox idi. Şəxsinə aid olan bütün mənafelərini millət naminə qurban verməyə hazır olanlar, o cümlədən Yunus Oğuz məhz belə düşünürdü və bu gün də belə düşünür. Elə ona görə bütün ömrünü qədim Oğuz dünyasının keçdiyi çeşməkeşli yola işıq salmağa və millətini bu yolu görmək üçün oxumağa, öyrənməyə və öyrətməyə çağırmaqdan usanmadı və usanmır...
Yunus Oğuz haqqında düşünəndə içimdən qeyri-ixtiyari bir sual doğur: bir insan bu qədər zəngin tarixi irsi necə araşdıra, öyrənə, yaddaşına həkk edə, öyrəndiklərini bədii dildə, oxunaqlı bir üslubda insanlara təqdim edə bilər? Türkün ən qədim qatlarına qədər gedib də, əldə etdiyi əvəzolunmaz tarixi inciləri toplayıb bizlərə türk etnosunun tarixini öyrədən bu və digər elmi kitabların müəllifinin "Atilla", "Nadir şah", "Təhmasib şah", "Cığır" və sair kimi mükəmməl bədii-tarixi romanlarla Oğuz törələrinə keçmişimizi tanıtması, onun daxilindəki milli özünüdərk idealına olan qırılmaz bağlılığın təzahürüdür. Bir vaxtlar siyasi fəaliyyətlə məşğul olarkən rəhbərlik etdiyi partıyanın "Milli Vəhdət" adlanması da, hesab edirəm ki, eyni yolun müxtəlif cığırlarını araşdırması və ən doğrusunu yəqin etməsi istəyindən başqa bir şey deyil. Bilmirəm, çağdaş elmi və bədii ədəbi simalar arasında Yunus Oğuz qədər zəngin və mükəmməl ədəbi irs yaradan ikinci yazar varmı? Mən tanımıram, tanıyan varsa, desin.
Bu günlər Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ərəfəsindəyik. Onunla birlikdə çağdaş mətbuatımızın - azad, demokratik Azərbaycanda azad mətbuatın inkişafında misilsiz xidmtləri olan Yunus Oğuzun 65 yaşı tamam olur. "Əkinçi"dən 85 il sonra doğulan Yunus Oğuz Müstəqil Azərbaycanın ən uzunömürlü və ən çox oxunan media resursuna - "Olaylar" qəzetinə və eyni adlı informasiya agentliyinə rəhbərlik etməklə qoca "Əkinçi"nin üzünü ağardan nəvələrdən oldu. Üzün hər zaman ağ, başın dik, vüqarın yenilməz olsun, Yunus bəy! Kim bilir 70-80 yaşlarına qədər bu millətə hələ nə qədər töhvələr bəxş edəcəksən!
Hörmətli Yunus bəy!
Əziz dostum!
Qədim Oğuz dünyasının çağdaş Yunusu!
Sizi 65 yaşınız münasibətilə deyil, bu 65 ildə millətinə, xalqına təmənnasız
xidmətinziin bəhrəsi olaraq yaratdığınız zəngin ədəbi-bədii və elmi irsin müəllifi
olaraq təbrik edir və hələ neçə on illər bu xalqa yeni-yeni elmi və bədii kitablar bəxş etməyinizi arzu edirəm.
Təhmasib Novruzov
Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri,
yazıçı-publisist