İndoneziya Prezidenti Trampın dəvəti ilə ABŞ-ə səfər edə bilər - ÖZƏL
16:56 Dünyaİndoneziya Prezidenti Prabovo Subianto bildirib ki, ABŞ prezidenti Donald Tramp onu Birləşmiş Ştatlara dəvət edib. Görüşün 2025-ci ilin sentyabr və ya oktyabr aylarında baş tutacağı gözlənilir. Olaylar.az xəbər verir ki, bu barədə "Tempo" portalı məlumat yayıb.
"Tramp dedi ki, ola bilsin sentyabr və ya oktyabrda", - deyə Prabovo açıqlamasında bildirib. İndoneziya lideri zarafatla əlavə edib ki, bir qədər tərəddüd keçirdiyini etiraf edib, çünki Tramp onu qolf oynamağa da dəvət edə bilər. "Mən qolfu çox pis oynayıram. Mənə fərdi dərslər lazımdır. Əvvəllər yaxşı oynayırdım, amma indi o qədər də yaxşı alınmır", - deyə o qeyd edib.
Qeyd edək ki, iyul ayının əvvəlində Donald Tramp bir sıra ölkələrin liderlərinə, o cümlədən İndoneziyaya məktub göndərərək 1 avqustdan əlavə gömrük rüsumlarının tətbiq olunacağını bəyan etmişdi. ABŞ-nin İndoneziya məhsullarına tətbiq edəcəyi tariflərin 32% səviyyəsində olacağı açıqlanmışdı.
İndoneziya hakimiyyəti isə bu rüsumların azaldılması müqabilində Amerika nefti, qazı və kənd təsərrüfatı məhsullarının idxalını artırmağa hazır olduqlarını bildirmişdi. Nəhayət, Tramp 15 iyul tarixində bəyan edib ki, ABŞ İndoneziya ilə ticarət sazişi imzalayıb və bu sazişə əsasən, İndoneziyadan idxal olunan məhsullara tətbiq edilən tarif dərəcəsi 32%-dən 19%-ə endiriləcək.