Fransa Ukraynaya yardımı Avropa silahları ilə göstərməkdə israrlıdır - ÖZƏL

Fransa Ukraynaya hərbi yardım məsələsində Avropa istehsalı silahların alınmasına üstünlük verir. Olaylar.az xəbər verir ki, bu barədə hökumət sözçüsü, Sofi Prima "Politico" nəşrinin yaydığı məlumatı şərh edərkən bildirib. Söhbət Parisin ABŞ silahlarını almaqdan imtina etməsindən gedir.
"Biz Ukraynaya yardımın müxtəlif yollarla göstərilməsini nəzərdən keçiririk. Amma burada əsas prioritetimiz məhz Avropa silahlarının alınmasıdır. Fransa bu məsələdə birmənalı və qətiyyətli mövqe tutur", - deyə Prima bildirib. Onun bu açıqlaması Yelisey sarayının sosial şəbəkə platforması X üzərindən yayımlanan hökumət brifinqində səsləndirilib.
Eyni zamanda, Sofi Prima "Politico"nun Fransa hökumətinin ABŞ silahlarını almaqdan imtina etməsi barədə məlumatını rəsmən təsdiqləməkdən imtina edib. "Hazırda məndə bu barədə məlumat yoxdur", - deyə o əlavə edib.
Qeyd edək ki, 14 iyulda ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər Avropa bu prosesin maliyyəsini qarşılayarsa, Vaşinqton Ukraynaya silah və hərbi texnika göndərməyə davam edəcək. Tramp onu da bildirib ki, bu koordinasiyanı NATO həyata keçirəcək. Əlavə olaraq, ABŞ Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı təxminən 100% həcmində idxal rüsumları tətbiq edəcək, əgər Moskva və Vaşinqton 50 gün ərzində Ukrayna ilə bağlı razılığa gəlməsə.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31