Xurafatın kölgəsində: Batil inancların həyatımıza təsiri

İnsan var olduqca onun ağlında izah olunmayan hadisələrə cavab axtarma ehtiyacı da mövcud olub. Bu ehtiyac bəzən elmi yollarla cavablandırılsa da, çox vaxt məntiqdən uzaq, emosional və ya mifik düşüncə tərzindən doğan inanclarla izah olunub. Məhz bu nöqtədə "xurafatlar" və "batil inanclar" meydana çıxır. Əsrlər boyu bu inanclar bəşəriyyətin davranışlarını, həyat tərzini və hətta ictimai qərarlarını formalaşdırıb.

Xurafat nədir? Batil inanc nədir?

Xurafat - elmi və məntiqi əsaslara söykənməyən, lakin geniş xalq kütləsi tərəfindən doğru qəbul edilən inanc və davranış formalarıdır. Batil inanc isə, adətən təbiət hadisələrini, baş verən xoş və ya pis hadisələri fövqəltəbii qüvvələrlə əlaqələndirən yanlış inanclardır.

Sadə dillə desək, əgər bir insan qara pişik yoldan keçdi deyə həmin gün başına pis bir iş gələcəyinə inanırsa, bu batil inancdır. Əgər biri "13-cü gün"də evlənməyin uğursuz olduğunu düşünürsə, bu da xurafatdır.

Xurafatların kökü insanlığın ilkin mərhələlərinə qədər uzanır. Qədim insanlar təbiət hadisələrini - ildırım, zəlzələ, quraqlıq, xəstəlik - anlaya bilmədikləri üçün onları tanrılar, ruhlar və cinlərlə əlaqələndiriblər. Məsələn: Qədim Misirdə Nil çayının daşması tanrıların razılığı kimi qəbul olunurdu. Orta əsrlərdə Avropada vəbaya "ilahi cəza" kimi baxılırdı. Türk və Şərq mifologiyalarında isə müəyyən canlıların - bayquşun, qarğanın və ya qurdun - pis və ya yaxşı niyyətli işarələr olduğuna inanılırdı. Bu inanclar bir zamanlar qoruyucu funksiyaya da malik idi - təhlükədən qorunmaq, izaholunmaz hadisələri sadə şəkildə başa düşmək cəhdi idi.

Psixoloqlar bildirir ki, batil inancların əsas səbəbi təhlükə və qeyri-müəyyənlik qarşısında nəzarət hissi əldə etməkdir. Yəni insan, təsir edə bilmədiyi hadisələr qarşısında özünü gücsüz hiss etdikdə, bu hadisələri nəzarət altında saxlamaq üçün xurafata sığınır. Məsələn: İmtahandan əvvəl xüsusi paltarı geyinmək. Əl ilə taxta döymək. Uğur gətirdiyinə inanılan bir əşyanı daşımaq. Bu davranışlar insana sanki "mən nəyisə idarə edə bilirəm" hissi verir və bu da daxili rahatlıq yaradır. Plasebo effekti kimi, insan inandıqda psixoloji rahatlıq hiss edir.

Cəmiyyətlərdə xurafatlar təkcə fərdi davranışlara deyil, eyni zamanda ictimai münasibətlərə də təsir göstərir. Məsələn: Yeni evə köçəndə duz səpmək. Gəlinin toy günü ağlaması "uğurlu ailə həyatı" kimi qəbul olunur. Evdə güzgünün sınması "uğursuzluq" sayılır. Bu kimi inanclar bir növ sosial normaya çevrilir. İnsanlar bəzən inanmadıqları halda belə bu qaydalara əməl edirlər ki, "birdən nə olar" qorxusu yaranmasın.

Xurafatlar bəzən cəmiyyətin inkişafına ciddi əngəl yarada bilir:

Təhsildən yayınma: "Qızlar oxusa ər tapmaz", "Qadınların çox oxuması yaxşı deyil" kimi inanclar qızların təhsil almasına mane olur.

Sağlamlıqdan yayınma: "Həkimə getmək əvəzinə dua yazdırmaq", "Qaraçıların duaları ilə sağalma" kimi xurafatlar sağlamlıq baxımından təhlükəlidir.

İqtisadi qərarlar: Uğursuz hesab edilən günlərdə iş görməmək, sərmayə qoymamaq kimi qərarlar iqtisadi həyat üçün zərərli ola bilər.

Texnologiyanın, elmin və maarifçiliyin inkişafına baxmayaraq, bu gün də xurafatlara inananların sayı az deyil. İKT mütəxəssisi ola bilər, amma kompüterə "pis göz" dəyəcəyindən qorxur. Doktorluq dərəcəsi olan biri hələ də "gözdəymə"yə inana bilər.

Sosial media da xurafatların yayılmasına şərait yaradır: 

"Bu duanı paylaş, 24 saata arzun gerçək olsun."

"Bu fotoya ürək qoy, uğurun artsın."

İronik görünsə də, bu davranışların arxasında psixoloji ehtiyaclar dayanır: qəbul olunmaq, ümid etmək, qorxudan qorunmaq.

Mövzu ilə bağlı ilahiyyatçı Rüfət Qarayev Olaylar.az-a danışıb. İlahiyyatçı qeyd edib ki, İslamda əsas meyar Quran və sünnət olduğundan, bu çərçivəyə zidd olan xurafat və batil inanclardan çəkinmək vacibdir:

"İslam dininə görə insan Allaha inanmalı və Allah Rəsulunun sünnətini yaşamalıdır. Quran və sünnətin xaricində olan bidətlər Quran və sünnətlə ziddiyyət təşkil edirsə bunlardan mütləq mənada uzaq durmağa ehtiyac vardır. İnsan yeniliyə meyilli varlıqdır. Lakin hər hansı bir yenilik edirsə etsin, həmin yenilik İslamla ziddiyyət təşkil etməməli və etdiyi əməl Qurana və sünnətə zidd olmamalıdır. Bunun üçün də gərək İslamı müəyyən qədər dərindən öyrənərək Allah Rəsulunun (s) və Əhli-beytin (ə) həyatından xəbərdar olaq. Əgər bir müsəlman İslamı gözəl bilərsə heç vaxt xurafata meyl etməz, yanlış fikir və düşüncələrdən uzaq dayanar.

Təbii ki, bizim xalqın özünə məxsus adət və ənənələri vardır. Bunlar özlüyündə günah əməllər deyilsə bu kimi işlərin bir qəbahəti yoxdur. Amma adət və ənənələr inanc yerinə keçər, insan Allahı unudaraq öz batil inanclarına önəm verərsə gərək bir mənalı olaraq bu kimi əməllləri sürətli şəkildə tərk etsin".

İlahiyyatçının sözlərinə görə, İslamda bütün günlər dəyərlidir, Cümə isə duaların qəbul olunduğu xüsusi gün kimi seçilir və batil inanclardan uzaq duraraq, Allaha yönəlmək tövsiyə olunur.

"İslam dininə görə bütün günlər əziz və dəyərlidir. Günah etmədiyin günlər bayram, Allaha ibadətlə keçirdiyin hər saat və dəqiqə isə çox böyük əhəmiyyətə malikdir. Cümə günləri isə günlərin şahı hesab olunur. Çünki Cümə günündə xüsusi bir saat vardır ki, o saatda dualar geri çevrilməz. Bu da həmin günü daha da özəl və dəyərli edir. Bunun xaricində günləri məzəmmət etmək, aylara nəs aylar deyib faydalı işləri tərk etmək məqbul əməl hesab olunmur.

Yaxşı olar ki, hər bir insan özü Allaha yönələrək dua etsin. Yaxudda müsəlmanlar bir-birləri üçün dua etsinlər. Bəzən elə istisnavi hallar olur ki, hər hansısa yazılmış duanı da üzərində gəzdirmək məcburiyyətində qalırsan ki, bu da İslamda yanlış əməl hesab olunmur".

Rüfət Qarayev  əlavə edib ki, xurafat insanların uydurduğu əməllərdir və dinimizi düzgün öyrənən kəs bu cür batil inanclardan uzaq durmalıdır.

"İslam dinində xurafat deyilən bir şey yoxdur. Xurafat insanların sonradan icad etdiyi əməllərdir. İslamı doğru bilən insan xurafat əməllər etməz və bu kimi işlərdən uzaq dayanar. Bunun üçün də gərək dinimizi gözəl öyrənək.

Düşünürəm ki, din xadimləri bu məsələlərlə bağlı kifayət qədər maarifləndirmə işləri aparır və aparmağa da davam edirlər. Lakin təəssüflə qeyd etməliyəm ki, bəzi insanlar xurafatı həqiqətdən üstün bilir və öz batil düşüncələrinə davam etməkdə israrlı davranırlar. Amma ümidvaram ki, gələcək illərdə daha böyük nəaliyyətlər əldə edəcəyimizin şahidi olacağıq".

Ahəng Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin rəhbəri, "Ahəng psixoloji inkişaf və dəstək" ictimai birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova isə bildirib ki, xurafat və batil inanclar psixoloji narahatlıqlara səbəb ola bilər, buna görə də uşaqlıqdan düzgün maarifləndirmə vacibdir:

"Ümumiyyətlə, insanı həyata bağlayan müəyyən inanclar mövcuddur. Bunlar ya dini inanclar, ya da uşaqlıqdan öyrədilmiş düşüncə və davranış modelləri ola bilər. Belə inanclar bəzən insanın motivasiyasını artırır, ona psixoloji dayaq olur. Ancaq bəzi hallarda batil inanclar psixoloji problemlərə də yol aça bilir.

Bəzi insanlar bu cür inanclara ifrat dərəcədə bağlanır və onları həyatlarının ayrılmaz hissəsinə çevirirlər. Məsələn, magiya ilə əlaqəli rituallar və ya dinə zidd olan davranışlar zamanla insanın həyat tərzinə çevrilə bilər. Belə vəziyyətlər psixologiyada "obsessiv-kompulsiv pozuntu" kimi tanınır və bu, ciddi psixi narahatlıq hesab olunur.

Uşaqlıqdan bizə bəzi inanclar aşılanıb. Məsələn, "qara pişik yolunu kəsərsə, gün uğursuz keçəcək" kimi düşüncələr buna nümunədir. Əgər insan bu kimi inanclara həddən artıq önəm verirsə və hər davranışını buna əsaslandırırsa, həmin inancın təsiri daha da güclənir. Əksinə, əgər insan bu düşüncələrə əhəmiyyət verməzsə, diqqətini daha rasional məsələlərə yönəldərsə, bu inancların təsiri azalır.

Uşaqlıqda formalaşan bu düşüncə modelləri bizə ailədən miras qalır və zamanla biz də onları qəbul edib öz uşaqlarımıza ötürürük. Beləliklə, batil inanclar bir nəslin həyat tərzindən digərinə ötürülür və zamanla daha da möhkəmlənir.

Düşünürəm ki, psixoloji cəhətdən sağlam və maarifləndirilmiş insan bu cür batil inanclardan uzaq durmağa çalışmalıdır. Bunun üçün isə ilk növbədə özümüzü və ətrafımızdakı insanları - ailə üzvlərimizi, dostlarımızı - bu mövzuda maarifləndirməliyik. Çünki bu inancların həyatımıza nüfuz etməsi gələcəkdə obsesiv-kompulsiv pozuntulara və digər psixi narahatlıqlara səbəb ola bilər".

Xurafatların qarşısını almağın ən effektiv yolu təhsil və maarifləndirmədir. İnsanlara təbiət hadisələrinin, tibbin, psixologiyanın, insan beyninin necə işlədiyini izah etmək, düşünməyə təşviq etmək vacibdir.

Valideynlər övladlarına "pişik keçdi, geri qayıt" yerinə "diqqətli ol, təhlükə ola bilər" deməlidirlər.

Media, məktəblər, sosial platformalar insanlarda tənqidi düşüncə bacarığını formalaşdırmalıdır.

Xurafatlar və batil inanclar insan tarixinin, mədəniyyətinin və psixologiyasının bir parçasıdır. Onları tamamilə silmək mümkün olmasa da, onların zərərli təsirlərini azaltmaq və rasional düşüncəni təşviq etmək mümkündür. İnsanlar qorxularına qarşı güvən axtararkən bu inanc formalarına yönəlsələr də, maarifləndirmə yolu ilə onların diqqətini elmə, düşüncəyə və obyektiv gerçəkliyə yönəltmək mümkündür.

Unutmayaq ki, inanmaq insanidir, amma düşünmək insana xas olan ən ali xüsusiyyətdir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31