Milli dəyərlərimizin ipək nəbzi – Kəlağayı
20 İyun 20:30 SosialKəlağayı - Azərbaycan qadınının ən dəyərli geyim ənənəsindən biri. İpəkdən toxunan, əl işinin incəliyini daşıyan bu parça, sadəcə baş örtüyü deyil, həm də tariximizin, mədəniyyətimizin, qadın kimliyimizin simvoludur. Hər naxışında qədim bir hekayə, hər rəngində bir duyğu var. Kəlağayı - hər azərbaycanlı qadının yaddaşında iz qoyan, ipəkdən toxunan bir mirasdır. Keçmişdə nənələrimizin, analarımızın başında olan kəlağayı, təkcə estetik zövq deyil, həm də sosial statusun, ailənin hörmətinin göstəricisi idi. Toyda bəyaz, yasda tünd rənglərdə bağlanan kəlağayı, qadının iç dünyasını, yaşadığı məqamı sözsüz ifadə edirdi. Bu ipək parça həm sevincin, həm də hüznün şahidi olub. Sandıqlarda qorunan, nəsildən nəsilə ötürülən bu parçalar ailə yadigarı sayılır, bəzən bir nəsilin ruhunu daşıyırdı.
Lakin zaman keçdikcə, həyat tərzi dəyişdikcə, şəhərləşmə və modernləşmə kəlağayı ənənəsinin də unudulmasına səbəb oldu. Gündəlik həyatın sürəti, geyim tərzindəki dəyişikliklər, kütləvi istehsal və qlobal modanın təzyiqi bu ənənəni arxa planda qoydu. Amma hər nəsildə onu hələ də sevən, anlayan, dəyər verənlər də tapılır. Bu gün - kəlağayı sadəcə keçmişin izi deyil. O, yenidən dirçəlir. Bir neçə fədakar sənətkar ipəkdən naxışa qədər hər mərhələdə kəlağayını yaşatmaq, onu müasir dizaynlara uyğunlaşdırmaq üçün çalışır. Artıq kəlağayı təkcə baş örtüyü kimi deyil, geyimlərin bir detalı, aksessuar, hətta səhnə kostyumu kimi də qarşımıza çıxır. Bu dəyişiklik kəlağayının ruhunu itirmədən, onun yeni nəsillə danışa bilməsinin yoludur. Çünki hər nə qədər forma dəyişsə də, bu parçanın yükü dəyişmir - o, bir xalqın kimliyini, qadının daxili dünyasını və mədəni yaddaşını daşıyır. Bəlkə də buna görədir ki, kəlağayıya toxunan hər kəs, istər dizayner olsun, istər alıcı, istər sadəcə tamaşaçı - onun səsindəki sakitliyi, ipəyindəki zərifliyi, naxışındakı dərinliyi hiss edir.
Kəlağayı yaşadıqca, Azərbaycan qadınının tarixi də susmur.
Kəlağayının həm tarixini, həm də müasir dizaynla necə yaşadıldığını daha yaxından anlamaq üçün sənət dünyasının öncül simalarından olan Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Cizgi brendinin yaradıcısı dizayner Gülnarə Xəlilova ilə söhbətləşdik. O, bu qədim sənətin həm ruhunu, həm də çağdaş üslubunu necə qoruduğunu danışdı.
- Gülnarə xanım, kəlağayı deyəndə ilk olaraq nə yadınıza düşür? Bu parçanın sizdə oyatdığı şəxsi və milli duyğuları necə ifadə edərdiniz?
-Kəlağayı deyəndə mənim gözümün önünə nənəmin səliqə ilə qatlayıb sandığa qoyduğu ipək parçalar gəlir. Bu, təkcə bir baş örtüyü deyil, eyni zamanda qadın zərifliyinin, ailə dəyərlərinin və milli kimliyin rəmzidir. Onun toxunuşunda həm nostalji, həm də ruhumu oxşayan bir güc var.
- Sizcə, kəlağayı yalnız bir baş örtüyüdür, yoxsa Azərbaycan qadınının kimliyini daşıyan bir simvoldur?
Kəlağayı, şübhəsiz ki, qadının sadəcə geyimi deyil - o, onun düşüncə tərzini, zərifliyini və cəmiyyət içindəki yerini simvolizə edən bir mədəni koddur. Bu parça susaraq çox şey danışır - ənənədən güc alan qadın obrazını yaşadır.
- Kəlağayının tarixi kökləri çox dərindir. Amma sizcə, bu ənənə niyə müəyyən dövrlərdə unuduldu?
-Sürətlə dəyişən həyat tərzi və sovet dövründəki mədəni basqılar nəticəsində kəlağayı müəyyən dönəmlərdə gündəlikdən qismən silindi deyərdim. Çünki uşaqlıqdan nənələrimin başında hər zaman kəlağayı görmüşəm. Qadın geyimi sadəcə modaya yox, ideoloji tələblərə də tabe idi. Amma yaddaşlardan heç zaman tam silinmədi.
-Siz kəlağayını müasir dizaynda canlandıran azsaylı sənətkarlardansınız. Bu ideya haradan yarandı və hansı çətinliklərlə qarşılaşdınız?
-Kəlağayını ilk dəfə geyimə çevirmək ideyası ipək parçanı kəsəndə içimdə yaranan narahatlıq ilə başladı - onu "pozmaq" istəmirdim. Amma sonra anladım ki, onu yaşatmaq üçün bəzən formasını dəyişmək lazımdır. Çətinliklər çox oldu - həm texniki, həm də cəmiyyətin qəbul etməsi baxımından. Amma hər bir tikilən libasla bu hissi inama çevirdim.
-Kəlağayı müxtəlif bölgələrdə fərqli naxış və rənglərlə toxunurdu. Bu regional müxtəlifliyin modadakı yeri nə qədər qorunur və sizcə necə yaşadılmalıdır?
-Bu müxtəliflik Azərbaycanın vizual xəritəsidir. Hər bölgənin rəngi, naxışı, kompozisiyası onun ruhunu daşıyır. Bu xəzinəni yaşatmaq üçün dizaynerlər müasir formalarla regional motivləri birləşdirməli, həm də onların mənalarını izah etməlidir - sadəcə vizual element kimi yox, mədəni mətn kimi.
-Kəlağayının istehsal prosesi - ipəkdən naxışa qədər - özlüyündə bir sənətdir. Bu prosesi yaşatmaq üçün hansı addımlar atılmalıdır?
-Ən vacib addım - ustalıq məktəblərinin yaradılması və bu sənətin gənclərə ötürülməsidir. Həm də müasir texnologiyalarla bu prosesi sənədləşdirmək, sənətkarların işini tanıtmaq lazımdır. Bu bir sənət zənciridir - ipəkçidən rəssama qədər hamının əmək yolu görünməlidir.
-UNESCO-nun kəlağayını qeyri-maddi mədəni irs siyahısına daxil etməsi sizcə nə dəyişdi? Bu qərar sadəcə prestijdir, yoxsa real təsiri də oldu?
Bu addım çox vacib idi. Prestijlə yanaşı, beynəlxalq diqqəti və dəstəyi də artırdı. Bu qərardan sonra insanlar kəlağayıya daha çox maraq göstərdi, sərgilər və layihələr artdı. Amma bu marağın davamlı olması üçün arxasında real işlər durmalıdır.
- Gənc nəsil kəlağayını necə qəbul edir? Siz onların marağını cəlb etmək üçün hansı yolları sınayırsınız?
-Gənclər dəyişiklik istəyir - onlar ənənəyə toxunmaq istəyirlər, amma onu öz dillərində. Mən kəlağayını onların gündəlik tərzinə uyğunlaşdırmağa çalışıram: libaslarda, çantalarda aksesuar kimi. Onlarla bir dil tapanda kəlağayı da onlara doğmalaşır.
-Sizcə, kəlağayının xaricdə tanıdılması üçün yetərincə iş görülürmü? Əgər sizə tam sərbəstlik verilsəydi, bu istiqamətdə hansı layihəni reallaşdırardınız?
-Düşünürəm ki, dövlətimiz bu istiqamətdə də bir çox işlər görür. Xaricdə kəlağayı hələ də az tanınır. Mən Azərbaycanımı dünyada layiqincə təbliğ edən bir dizayner kimi bunun üçün əlimdən gələni edirəm. Mən yaradıcı insanam və bu mövzuda da tam sərbəstəm. 2004-cü ildən başlayaraq kəlağayıdan geyimlər hazırlayıram. Əlbəttə ki, bunu daha çox səhnə geyimlərində və kolleksiyalarımda istifadə edirəm. Kəlağayıdan yaratdığım kolleksiyalarımı beynəlxalq moda həftələrində və festivallarda təqdim edirəm. 2019-cu ilin noyabrında Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Kəlağayının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 5 illik yubileyinə həsr olunmasına xüsusi olaraq Azərbaycan Kəlağayı ilə birgə möhtəşəm tədbir təşkil etdik. Bu tədbirdə ilk dəfə olaraq o gün üçün hazırlanmış "İpək Sərvət" kolleksiyamı təqdim etdim. Bu kolleksiya kəlağayıdan hazırlanmış üst geyimlərini əhatə edirdi və ölkə mediasında geniş işıqlandırıldı, böyük maraqla qarşılandı.
- Bir cümlə ilə desəniz: Kəlağayı nədir?
Kəlağayı - ipəkdə toxunmuş bir millətin yaddaşı və qadın ruhunun sükutla danışan səsidir.
Zeynəb Mustafazadə