Türkiyə sərhədindən sonra İran sərhədi: Ermənistan Rusiyanın qoşunlarını tam çıxara bilər- ÖZƏL

Ermənistan-Türkiyə sərhədində uzun illər davam edən Rusiya hərbi mövcudluğuna son qoyulub. 2025-2026-cı illərdə mərhələli şəkildə həyata keçirilən qərar nəticəsində Rusiya hərbçiləri sərhəd-keçid məntəqələrindən çıxarılıb və nəzarət tam şəkildə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına verilib. Proses ilk olaraq 2025-ci ilin yazında "Marqara" keçid məntəqəsində başlayıb, daha sonra "Axurik" məntəqəsində də eyni dəyişiklik baş tutub. Bundan əvvəl isə Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhəd xəttindən çıxarılıb. Beləliklə, Ermənistan müstəqillik dövründə ilk dəfə olaraq Türkiyə ilə sərhədin mühafizəsini tam şəkildə öz milli sərhəd xidmətinə həvalə etmiş olub.
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib: 
"Ermənistan Rusiyanın sərhəd qoşunlarının İran sərhədindən çıxarılması barədə qərar qəbul etməli olacaq. Çünki İrəvan artıq Rusiya qütbündən Qərbə tərəf istiqamət alıb. Zəngəzur dəhlizinin istifadəsi zamanı burada Rusiya əsgərlərinin olması məqbul görünmür. Əgər Ermənistan bunu Türkiyə ilə sərhədlərində təmin edibsə, görünür İranla sərhəddə də təmin edəcək. Ancaq hazırda İranla ABŞ və İsrailin müharibə etdiyi ərəfədə İrəvanın belə qərar qəbul etməsi ABŞ-ın mövqeyindən asılıdır. Əgər ehtiyat olunarsa, Ermənistana tövsiyə edilə bilər ki, qoşunları tezliklə çıxarsın. Daxili razılaşmalar nəticəsində istənilən vaxt Ermənistan Rusiya sərhəd qoşunlarının İran sərhədindən çıxarılması haqda qərar verə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31