Əsl bazarlıq harada başlanır? – Azərbaycanda “Second hand” mədəniyyəti genişlənir
20 İyun 22:50 SosialBazarlıq - bəziləri üçün ehtiyac, bəziləri üçün isə bir az da olsa terapiyadır. Alış-veriş, çox vaxt yalnız bir köynək almaq deyil, həmin günün ovqatını dəyişmək, ruh halını yaxşılaşdırmaq və ya özünü mükafatlandırmaq üçün bir vasitəyə çevrilir. İnsanlar mağazalara təkcə geyim almağa deyil, bəzən yorğunluqdan, darıxmaqdan, sosial təsirlərə tab gətirməyərək də daxil olurlar. Və əlbəttə ki, hər dəfə çıxışda bir torba da əllərində olur.
Bazarlıq. Bu söz bir çox insanda sevinc hissi doğurur. Yeni paltar, yeni ayaqqabı, bəlkə də özünü yenidən tapmaq arzusu... Amma maraqlısı budur ki, hər kəs öz büdcəsinə və zövqünə uyğun nəyisə almaq üçün yollara düşür.
Məkan fərq eləmir - böyük ticarət mərkəzlərindən tutmuş bazarlara qədər, əsas odur ki, "əlverişli qiymətə, gözəl bir şey" tapılsın. Amma bu gün artıq bazarlıq anlayışı dəyişir. Əgər əvvəllər "yeni" olan qiymətli sayılırdısa, indi "fərqli və nadir olan" daha çox maraq doğurur. Məhz bu dəyişiklik bizə ikinci əl geyim anlayışını gətirdi. Daha doğrusu - "second hand" mədəniyyətini. Son illərdə Azərbaycanda da "second hand" - yəni ikinci əl geyim mədəniyyəti yeni nəfəs qazanmağa başlayıb. Uzun illər "köhnə paltar" anlayışı ilə tənqid edilən, bəzən hətta lağ mövzusu olan bu mağazalar bu gün artıq gənclərin alternativ bazarlıq məkanıdır. Səbəblər isə çoxdur: unikal tərz axtarışı, büdcəyə qənaət, ekoloji şüur və bəzən də brend sevgisi.
Əvvəllər "köhnə paltar" deyəndə adamın dodağı büzülürdü. Amma indi vəziyyət fərqlidir. İndi insanlar bilərəkdən ikinci əl mağazalara girir, orada saatlarla vaxt keçirir, axtarır, tapır, sevinir və paylaşır. "Second hand" geyimə marağın artması təkcə qənaətlə bağlı deyil. Gənclər öz tərzlərini yaratmaq istəyirlər. Eyni brendin eyni modeli ilə gəzən minlərlə insan arasında fərqlənmək çətindir. Amma bir zamanlar kimsənin diqqət etmədiyi, köhnə bir mağazada küncdə gözləyən bir pencək - bəlkə də sənin tərzini tamamlayan əsas detal ola bilər. Elə bu "tapıntı" hissi, insanın içindəki "xəzinə ovçusu"nu oyadır.
İkinci əl geyim mağazaları artıq gizli və utanılmalı yerlər deyil. Onlar şəhərin mərkəzində, sosial şəbəkələrdə, hətta ən dəbli küçələrdə yer tutur. İnsanlar artıq bu yerləri təkcə ucuzluğa görə yox, həm də fərqlilik axtarışına görə seçirlər. Düzdür, bu mədəniyyət hələ hamı tərəfindən qəbul olunmayıb. Hələ də "köhnə geyim geyinmək" deyə alçaldıcı tonda danışanlar var. Amma görünən odur ki, yeni nəsil bu qəlibləri sındırır. Onlar artıq geyimi qiymətinə görə yox, özlərini necə ifadə etdiyinə görə seçirlər.
Bir zamanlar "ikinci əl geyim" anlayışı insanlarda ya kasıblıq, ya da utanc hissi yaradırdı. İndi isə bu anlayış dəyişir - "second hand" dükanlarına maraq artıb, gənclər arasında trendə çevrilib. "Unikal tapıntılar", "vintage dəbli parçalar" - artıq bu sözlər yeni nəsil istehlakçının lüğətindədir. Bəs bu dəyişiklik haradan qaynaqlanır? Moda, iqtisadiyyat, yoxsa ekoloji şüur? Daha ucuz, daha unikal və bəzən daha keyfiyyətli. Bəs bu marketinq baxımından ikinci əl bazarının xüsusiyyətləri və əsas hədəf kütləsi necədir?
Marketoloq Bəylər Əlizadənin fikrincə, ikinci əl geyimlər həm cibə, həm planetə faydalı seçimdir:
"Azərbaycanda "second hand" mədəniyyətinin genişlənməsi bir neçə faktorla bağlıdır.
İqtisadi səbəblər ön plandadır - insanların böyük bir hissəsi artıq daha münasib qiymətə geyim tapmaq istəyir. Digər tərəfdən isə, xüsusilə gənclər arasında bu mədəniyyətə maraq həm fərqli, unikal geyimlər tapmaq istəyi, həm də ekoloji düşüncələrlə bağlıdır."Fast fashion"a alternativ kimi daha şüurlu istehlak modelinə keçid var.
Marketinq baxımından bu sahənin əsas auditoriyası 18-30 yaş arası gənclərdir. Onlar həm büdcəyə, həm də fərdi üsluba önəm verirlər. Instagram və digər sosial platformalarda ikinci əl geyimlər estetik vizuallarla təqdim olunur, bu da satışa müsbət təsir göstərir. Belədə gənclər də münasib qiymətə daha çox geyimlər əldə edə bilirlər.
Ən effektiv strategiyalardan biri "lookbook" paylaşımı, real müştəri şəkilləri və sadəcə satış yox, bir həyat tərzi kimi təqdimatdır. Yerli olaraq artıq bəzi mağazalar daha peşəkar görünüşlü butiklərə çevrilir və bu istiqamətdə pozitiv dəyişikliklər hiss olunur.
Gələcəkdə bu sahənin daha da böyüyəcəyini düşünürəm. Yerli brendlər üçün bu həm rəqabət, həm də ilham mənbəyi ola bilər.
Sosial media və tərzini paylaşmaq davranışı artdıqca daha çox çeşidə, daha unikal geyimlərə ehtiyac duyulur. Bu kütlə də daha çox gənclər olduğu üçün bu istək onların aylıq qazancı ilə üst-üstə düşmür. Yəni hər dəfə yeni geyim almaq çətinlik yaradır. Belədə onlar da ikinci əl geyimlərə üstünlük verirlər".
Bütün bu deyilənlər bir həqiqəti ortaya qoyur: artıq geyim almaq sadəcə "nəyim yoxdursa onu alım" düşüncəsindən çıxıb. İnsanlar indi özünü ifadə etmək, bir fərqlilik yaratmaq, eyni zamanda cibini və planetimizi qorumaq kimi bir çox fərqli səbəblərlə alış-veriş edirlər. "Second hand" mağazası, bir çoxları üçün sadəcə paltar satılan yer yox, həm də öz tərzini yenidən kəşf etmək üçün bir məkandır. Orada tapılan geyimlərin bəziləri heç vaxt Azərbaycanda satışda olmayıb, bəziləri illərin retro tərzini daşıyır. Sanki hər paltarın bir xatirəsi, bir səsi var.
Sosial mediada isə bu mədəniyyət artıq çoxdan estetik bir axıma çevrilib. İnsanlar geyindiklərini sadəcə göstərmək üçün yox, öz həyat tərzlərini paylaşmaq üçün vitrinə çevirirlər. "Second hand" artıq kasıblıqla yox, kreativliklə assosiasiya olunur. Geyimlər sənin kim olduğunu danışır, amma bu dəfə qiyməti ilə yox, hekayəsi ilə.
Amma bu qədər cazibədar görünən bu mədəniyyətin başqa bir tərəfi də var ki, onu görməzdən gəlmək olmaz.
Məsələnin başqa bir tərəfi isə - sağlamlıqla bağlıdır. Dermatoloq Tünzalə Əzizli qeyd edib ki, ikinci əl paltarlarla birbaşa təmas zamanı müxtəlif yoluxucu və allergik dəri xəstəliklərinə tutulmaq mümkündür:
" Təbii ki, ikinci əl paltarların istifadəsi müəyyən risklər daşıyır. Bu cür geyimlər sağlamlıq üçün təhlükə yarada bilər. Belə ki, ikinci əl paltarlarla birbaşa təmas zamanı müxtəlif yoluxucu və allergik dəri xəstəliklərinə tutulmaq mümkündür. Xüsusilə, qoturluq, göbələk infeksiyaları, dermatit və digər dəri problemləri bu siyahıya daxildir. Bu xəstəliklərin bir çoxu insandan insana asanlıqla keçə bilir, xüsusilə də paltarlar lazımi şəkildə təmizlənmədikdə.
Ona görə də tövsiyə edirik ki, imkan daxilində belə geyimlərdən uzaq durmaq lazımdır. Əgər hansısa maddi və ya sosial səbəblərdən dolayı bu geyimlərin istifadəsi qaçılmazdırsa, o zaman bəzi vacib gigiyenik tədbirlər mütləq şəkildə görülməlidir. Alınan geyim geyinilməzdən əvvəl mütləq olaraq yaxşıca yuyulmalı, mümkün qədər yüksək temperaturda ütülənməli və dezinfeksiya olunmalıdır. Bu, profilaktik baxımdan vacibdir və bir çox risklərin qarşısını ala bilər.
Bununla belə, hər iki halda əsas tövsiyə budur: ikinci əl geyimlərdən istifadə edərkən sağlamlıq məsələlərini nəzərə almaq və mümkün qədər bu cür riskli mənbələrdən uzaq durmaq lazımdır".
Əslində ikinci əl paltar məsələsi təkcə geyim seçimi ilə bağlı deyil - bu, bir tərəfdən maddi durumun, digər tərəfdən isə istehlak vərdişlərimizin, sağlamlıqla bağlı biliklərimizin və hətta estetik anlayışımızın göstəricisidir. Bir geyimin qiyməti ucuz ola bilər, amma onun daşıdığı risklərin "bahası" bəzən çox gec üzə çıxır. Cəmiyyətin bir qismi üçün bu seçim zərurətdən doğursa da, hər kəs bilməlidir ki, ikinci əl paltarlar təkcə keçmiş sahibinin izlərini yox, eyni zamanda müəyyən təhlükələri də daşıya bilər. Bu səbəbdən də istər şəxsi gigiyena baxımından, istərsə də ümumi maariflənmə baxımından bu mövzuya səthi yanaşmaq olmaz.
Unutmayaq: paltar görünüşümüzü formalaşdırır, amma sağlamlığımız həyatımızı. Və heç bir tərz - nə qədər "unikal" və ya "ekoloji" olsa da - sağlamlıqdan önəmli deyil. İkinci əl geyimi seçərkən də bu sadə, amma mühüm prinsip yaddan çıxmamalıdır.
Zeynəb Mustafazadə