Trampın “İranın xəritəsi dəyişə bilər” eyhamı: Geosiyasi ismarıc, yoxsa psixoloji təzyiq? – ÖZƏL

ABŞ Prezidenti Donald Trampın jurnalistlərlə söhbətində İranın xəritəsinin dəyişə biləcəyini istisna etməməsi təsadüfi səslənmiş ifadə sayıla bilərmi?

Mövzu ilə bağlı türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı Olaylar.az-a danışıb. Türkoloq bildirib ki, bu cür fikirlər beynəlxalq siyasətdə adətən iki məqsədə xidmət edir: birincisi - rəqibə siyasi-psixoloji ismarıc vermək, ikincisi isə mümkün geosiyasi ssenarilərin "sözlə sınaqdan keçirilməsi"dir. Əgər məsələni daha geniş kontekstdə götürsək, Trampın dediyi cümlə bir neçə güman, ssenari yaxud plana bağlıdır.
Birincisi - siyasi sistemin dəyişməsinin nəzərdə tutulduğunu düşünək. Beynəlxalq siyasətdə "xəritənin dəyişməsi" ifadəsi bəzən siyasi sistemin transformasiyasını ifadə edən metafora kimi işlədilir. Başqa sözlə, Vaşinqton Tehrandakı mövcud rejimin zəifləməsi və ya transformasiyası gümanını nəzərdə tuta bilər. Bu halda "başqa İran" dedikdə, daha fərqli siyasi kursu olan bir dövlət modeli nəzərdə tutulmuş sayılır.
İkinci güman - regional və etnik faktorlarla bağlıdır. Bəlli olduğu üzrə İran çoxmillətli və mürəkkəb etnik struktura malik ölkədir. Bu ölkədə azərbaycanlılar başda olmaqla türksoylu xalqlar, bəluclar, ərəblər, kürdlər, əlbəttə, farslar və digər xalqlar yaşayır. Geosiyasi gərginliklərin kəskinləşdiyi hallarda böyük dövlətlər bəzən bu etnik palitranı geosiyasi faktora çevirməyə çalışır. Trampın sözləri bir çox analitikin vurğuladığı "federal və ya parçalanmış İran" ssenarisinə eyham kimi də yozula bilər. Üçüncüsü - söhbət sadəcə strateji təzyiqdən gedə bilər.
Bəzən belə açıqlamalar gerçəkçi planın elanından çox, qarşı tərəfi psixoloji olaraq sıxışdırmaq məqsədi daşıyır. Sərt sözlər və böyük iddialar vasitəsilə rəqibi danışıqlar masasına daha zəif mövqedə gətirmək. ABŞ siyasətində özəlliklə Trampın ritorik üslubunda bu üsul tez-tez istifadə olunur.

Ekspert qeyd edib ki, bununla yanaşı, bir önəmli məqamı da unutmaq olmaz: Yaxın Şərqdə dövlət sərhədlərinin dəyişməsi son dərəcə riskli və zəncirvari nəticələr doğuran prosesə çevrilə bilər. Tarix göstərir ki, bölgədə hər hansı xəritə dəyişikliyi yalnız bir ölkənin deyil, bütün bölgənin siyasi dəngəsini sarsıda bilər. Bu baxımdan Trampın sözlərini hələlik konkret planın elanından daha çox geosiyasi ismarıc və diplomatik təzyiq vasitəsi kimi dəyərləndirmək daha doğru olardı, lakin belə açıqlamalar bizə bir həqiqəti də xatırladır: Yaxın Şərqdə siyasi proseslər elə mərhələyə gəlib ki, artıq xəritələrin özü də müzakirə mövzusuna çevrilir...
Trampın dediyi bir qısa cümlənin arxasında böyük bir sual dayanır: Yaxın Şərqin gələcək siyasi xəritəsi necə olacaq?
Bu sualın cavabını isə yalnız Vaşinqtonda axtarmaq olmaz; o cavab elə Tehranın özündə, Təbrizdə, Ankara, Bakı və digər regional paytaxtlarda qəbul ediləcək qərarlardan, yanaşmalardan asılı olacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31