“Boş qalan stullar”- İnsanlar niyə artıq bir-birini ziyarət etmir?
20 İyun 19:50 SosialSon illərdə cəmiyyətimizdə müşahidə olunan sosial dəyişikliklərdən biri də insanlar arasında ziyarət ənənəsinin zəifləməsidir. Vaxtilə ailələr arasında mövcud olan sıx ünsiyyət, qohumların və dostların bir-birinə baş çəkməsi artıq nadir hallara çevrilib. Bu, təkcə fərdi münasibətlərin deyil, eyni zamanda ümumi sosial mühitin də transformasiyaya uğradığını göstərir.
Əvvəllər ailələr arasında münasibətlər daha sıx idi, xüsusilə kənd və kiçik şəhər mühitində ziyarətlər bir adət, hətta sosial və mənəvi borc kimi qəbul olunurdu. İnsanlar həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olurdu. Bu gün isə "zəng edərəm", "bir gün görüşərik" kimi ifadələr real ziyarətləri əvəzləyib. Nəticədə stullar boş qalır, süfrələr paylaşılmır, münasibətlər isə yalnız virtual səviyyədə davam etdirilir.
Bu dəyişimin əsas səbəblərindən biri texnologiyanın həyatımıza sürətlə daxil olması və sosial münasibətlərə təsiridir. Smartfonlar, sosial media və müxtəlif mesajlaşma platformaları əvvəllər yalnız canlı ünsiyyət vasitəsilə qurulan əlaqələri rəqəmsal məkana köçürdü. İnsanlar bir-birinin gündəlik həyatından "xəbərdar" olduqları üçün artıq görüşməyə və ziyarətə ehtiyac duymadıqlarını düşünürlər.
Sosioloqlar bildirirlər ki, texnologiya bir tərəfdən ünsiyyəti asanlaşdırsa da, digər tərəfdən insani təması zəiflədir. Canlı ünsiyyət zamanı yaranan emosional bağlar, mimika, jestlər və səmimi münasibətlər ekran arxasında itib gedir. Virtual münasibətlər isə adətən səthi və qısamüddətli olur.
Ziyarətlərin azalmasının digər bir səbəbi urbanizasiyadır. Şəhər həyatının sürətli ritmi, iş qrafiklərinin sıxlığı, uzun məsafələr və nəqliyyat problemləri insanlara bir-birini ziyarət etməyə vaxt və imkan buraxmır. Bununla yanaşı, müasir insan daha çox fərdi rahatlığa üstünlük verir. "Öz dünyasında yaşamaq" modeli sosial münasibətləri geri plana keçirir.
Qonşuluq münasibətləri də zəifləyib. Bir vaxtlar bir binada yaşayan insanlar bir ailə qədər yaxın idisə, indi eyni blokda illərlə bir-birini tanımayan, salamlaşmayan insanlar yaşayır. Bu, cəmiyyətin fərdiləşdiyini və birgəyaşayışın ruhən zəiflədiyini göstərir.
Ziyarət yalnız sadə bir görüş deyil, həm də milli-mənəvi dəyərdir. Azərbaycanda illərlə formalaşan qonaqpərvərlik, qohumluq münasibətləri və sosial dəstək sistemi bu ənənəyə əsaslanırdı. Bu gün isə bəzi dəyərlər kölgədə qalır, yeni nəsillər üçün artıq bu ənənələr həyatın prioritetləri arasında deyil. Bəzi hallarda isə insanlar öz daxili problemlərinə qapanır, sosiallaşmaq istəmir, ya da sosial münasibətlərin "maskalı" olmasından yorulub geri çəkilir. Nəticədə tənhalıq artır, sosial dəstək azalır, insanlar yalnızlaşır.
Psixoloq Sibel Piriyeva qeyd edib ki, insanlar ziyarətdən yox, vaxtın azlığından uzaqlaşır :
"Son zamanlar elm və texnologiya o qədər sürətli şəkildə inkişaf etdi ki... Düzdür, 18-19-cu əsrlərdə də inkişaf var idi, amma o dövrlərdə inkişafda çeşid az idi, yəni bir-iki nümunə üzərində gedirdi. Məsələn, bu, televizora, telefona aid idi. Amma 21-ci əsrə baxanda çeşid nə qədər çoxdur! Təhsildə də, tibbdə də, texnologiyanın inkişafı sahəsində də müxtəlif istiqamətlərdə inkişaf getdiyi üçün yeni formalar yaranır. Bu da insanların maraq dəyərlərinə birbaşa təsir edir.
Bu, obraz olaraq da, geyim olaraq da, seçim olaraq da belədir. Yəni maraq dəyərləri bir-birindən fərqləndiyi üçün insanlar müxtəlif formalarda davranmağa başlayırlar. Bu səbəbdən də əvvəlki illərlə müqayisələr yaranır. İndiki dövrdə insanların bir-birini ziyarət etməməsinin birinci səbəbi psixoloji baxımdan maraq dəyərlərinin dəyişməsidir. Artıq öncəlik bir-birini ziyarət etmək deyil; insanlar daha çox özlərinin inkişafına, şəxsi inkişafa, təhsilə, maddi maraqlara üstünlük verirlər.
İkinci səbəb isə sosial faktorlardır. Burada da əsas rolu texnologiyanın və elmin inkişafı oynayır. İnsanlar daha çox virtual ünsiyyətə üstünlük verirlər. Çünki beyin elə bir mexanizmdir ki, bizi həmişə rahatlığa səsləyir. Yəni beyin bizi komfort zonaya yönəldir. Hazırda telefon bizim üçün həm sosial ünsiyyət, həm də sosial əlaqə baxımından ən rahat vasitədir. Bu səbəbdən insanlar artıq vizual görüşlərə üstünlük vermirlər. Yəni, ev görüşləri azalıb. Baxmayaraq ki, vizual görüşlər hələ də olur, amma artıq bu görüşlər evlərdə yox, daha çox kafelərdə, restoranlarda, mənzərəli yerlərdə baş tutur. İnsanlar yeni yerlər kəşf etmək istəyirlər.
İnkişaf bizə yeni şeylərə can atma ehtiyacı yaradır. Yeni bir telefon çıxanda, yaxud yeni bir geyim markası satışa çıxanda insanlar ona doğru qaçır. Yeniliklərə üstünlük veririk. Bu səbəbdən də evdə görüşmək, ev ziyarətləri azalıb. Amma evdən kənar, başqa məkanlarda görüşlər daha çox baş verir. Yəni insanlar hələ də görüşürlər, sadəcə, mühit dəyişib. Bu, bütün yaş qruplarında müşahidə olunur. Amma əgər psixoloji baxımdan yaş dövrlərinə böləcək olsaq, deyərdim ki, 35 yaş və yuxarı olan insanlar gənclərə və yeniyetmələrə nisbətən evdə görüşməyə daha çox üstünlük verə bilərlər. Çünki onların uşaqlıqları və gənclik dövrləri 20-ci əsrə təsadüf edir. O dövrdə ev görüşləri daha sıx şəkildə baş verirdi. Bu davranış onlarda artıq formalaşıb, yəni kənarda oturmaq vərdişindən daha çox evdə toplaşmağa öyrəşiblər. Bu vəziyyət emosional uzaqlıq kimi deyil, insanların daha çox məşğul olması kimi dəyərləndirə bilərik. Çünki insanlar doğrudan da zamanla mübarizə aparırlar, günlərini dəyərləndirməyə çalışırlar. Ən çox eşidilən səbəb isə budur: "Vaxtımız yoxdur."
Ona görə də bunu emosional uzaqlıq kimi qiymətləndirmək olmaz. Sadəcə, həyat tempi çox sürətlənib. Amma Azərbaycan mentalitetində xeyir işlərdə, şər işlərdə, gözəl günlərdə evə gedilən ziyarətlər hələ də qalır. Yaxşı ki, bu adətlərimiz hələ də mövcuddur. Bu adətlərin sayəsində ev ziyarətləri hələ də davam edir. Yəni tamamilə yox olmayıb. Azalsa da, bu adətlərimiz onu qoruyub saxlayır".
Ziyarətlərin azalması müasir dünyanın qaçılmaz reallığıdır. Texnologiyanın sürətli inkişafı, fərdi maraqların müxtəlifliyi və həyat tempinin artması insanları fiziki görüşlərdən uzaqlaşdırıb. İnsanlar artıq daha çox virtual əlaqəyə üstünlük verir, çünki, psixoloqun dediyi kimi, "beyin bizi həmişə rahatlığa səsləyir." Bu, emosional soyuqluq yox, zamanla və rahatlıqla bağlı adaptasiyadır. Lakin ənənələrimiz hələ də yaşamaqdadır və xüsusi günlərdə, xeyir-şər məclislərində ziyarətlər davam edir. Boş qalan stullar sadəcə fiziki yoxluq deyil, dəyişən həyat tərzimizin, yeni sosial reallıqlarımızın əksi olaraq qalır. Gələcəkdə isə əsas məsələ, texnologiyanın rahatlığını insan münasibətlərinin isti və dəyərli toxuması ilə uzlaşdırmaqdır.
İnsanların bir-birini ziyarət etməməsi - texnologiyanın inkişafı, şəhər həyatının gərginliyi və fərdiləşmənin artması ilə izah olunsa da, bu, cəmiyyətin mənəvi toxumasının zəifləməsinə səbəb olur. Boş qalan stullar təkcə fiziki yoxluq deyil, həm də emosional boşluğun göstəricisidir. Bəlkə də, bəzən bir zəng, bir görüş, bir ziyarət bir insanın ruhuna nəfəs verməyə kifayət edir...
Zeynəb Mustafazadə