Avropa İttifaqında mobil cihazlarla bağlı yeni qaydalar qüvvəyə minib
20 İyun 19:34 DünyaAvropa İttifaqında mobil cihazlara dair ekodizayn qaydaları qüvvəyə minib.
Olaylar xəbər verir ki, yeni tələblər mobil cihazların daha uzun müddət istifadə olunmasını və təmirinin asanlaşdırılmasını nəzərdə tutur.
Belə ki, smartfon və planşet istehsalçıları artıq satışda olmayan modellər üçün ən azı yeddi il ərzində batareya, kamera və enerji doldurma vasitəsi kimi əsas ehtiyat hissələrini təqdim etməlidir. Ehtiyat hissələr sifariş edildikdən sonra 5-10 iş günü ərzində çatdırılmalıdır. Bundan əlavə, istehsalçılar cihazın satışdan çıxarılmasından sonra ən azı beş il ərzində təhlükəsizlik və əməliyyat sistemi yeniləmələrini təmin etməlidirlər.
Yeni qaydalara əsasən, cihazlar yalnız rəsmi emalatxanalarda deyil, həm də müstəqil ustalar və istifadəçilər tərəfindən də adi alətlərlə təmir edilə biləcək.
Qaydalar çərçivəsində yeni enerji etiketi də tətbiq olunacaq. Etiketdə cihazların enerji səmərəliliyi A-dan G-yə, təmir edilə bilmə səviyyəsi isə A-dan E-yə qədər dərəcələndiriləcək. Etiketdə batareyanın tam dolu vəziyyətdə neçə saat işlədiyini və hansı dövrə qədər ilkin tutumunun 80 faizini saxladığı da göstəriləcək. Eyni zamanda, cihazın zərbəyə davamlılığı barədə məlumat da təqdim ediləcək.
Etiketlərin mağazalarda və onlayn satış platformalarında məhsulun yanında aydın görünəcək şəkildə yerləşdirilməsi məcburidir. Noutbuklar üçün bənzər etiket sisteminin 2028-ci ildən tətbiqi planlaşdırılır.
Bəzi ehtiyat hissələrin qiymətlərinin tənzimlənməməsi kimi açıq qalan məsələlərə baxmayaraq, qaydalar ətraf mühitin qorunması istiqamətində mühüm addım hesab olunur. Belə ki, yeni qaydaların tullantıların azalmasına və resurslardan səmərəli istifadəyə töhfə verəcəyi gözlənilir.