"Azərbaycan beynəlxalq hüququ müdafiə edən nümunəvi dövlətdir” – Oqtay Qasımov- ÖZƏL
16:52 SiyasətŞuşada "Yeni dünya nizamı" konfransına müraciət edən Prezident İlham Əliyev bildirib ki, geosiyasi risklərin artdığı şəraitdə müstəqillik və suverenliyin qorunması həyati əhəmiyyət daşıyır. O, Azərbaycanın 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı ilə ərazi bütövlüyünü bərpa etdiyini, Qoşulmama Hərəkatına sədrliyi zamanı ədalət və beynəlxalq hüququ müdafiə etdiyini vurğulayıb.
Politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan beynəlxalq hüququ müdafiə edən nümunəvi dövlətdir:
"Azərbaycan Prezidentinin verdiyi mesajlar uzun illərdir səsləndirilir və xüsusilə də son 5 ildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsindən sonra bu istiqamətdə fəallığı ciddi şəkildə artıb. Azərbaycan həm müxtəlif regional, həm də qlobal təşəbbüslərlə çıxış edir, eyni zamanda müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və müzakirə şəraiti yaratması ilə seçilir.
Azərbaycanın dəyişməz prinsipial mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüquq və ədalət prinsipləri əsas götürülməlidir, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməlidir və problemlər danışıqlar yolu ilə həll olunmalıdır. Hərbi vasitələrdən mümkün qədər az istifadə olunmalıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, 5 ildə Azərbaycanın həm regional, həm də qlobal səviyyədə müxtəlif təşəbbüslərlə çıxış etməsi ölkənin imicinə müsbət təsir edən amillərdəndir. Bu gün də səslənən fikirlər həm region ölkələri, həm də regiondan kənarda olan dövlətlər üçün bir nümunə kimi çıxış etməlidir. Hazırda beynəlxalq vəziyyət kifayət qədər gərgindir, qlobal risklər artmaqdadır. Nəzərə alsaq ki, hazırda dünya eyni vaxtda iki qlobal miqyaslı savaşla üz-üzədir - Rusiya-Ukrayna və İsrail-İran qarşıdurmaları - bu, ümumilikdə dünyada təhlükəsizliklə bağlı riskləri kifayət qədər artırır. Azərbaycan isə məhz bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Hesab edirəm ki, ümumilikdə Azərbaycanın səsləndirdiyi konstruktiv fikirlər beynəlxalq hüququ dəstəkləyən dövlətlər üçün qəbul ediləcək bir mesaj sayıla bilər".
Zeynəb Mustafazadə