İşıqlı şəhərin kölgə qəhrəmanları - Aysel Oğuz yazır
2 May 2025 16:29 SosialAysel Oğuz
Bilirsiniz, mən sadə insanların böyük hekayələrinə inanan biriyəm. Hər gün səhərlər şəhər oyananda, biz oyanmadan oyaq olan insanlar var. Onlar haqda qəzetlər yazmır, sosial şəbəkələrdə "trend"ə düşmürlər, həyatları filmlərə çevrilmir. Amma yaşadığımız bu nizamın, bu sükutun, bu sabitliyin arxasında sözsüz ki, məhz onların da izi var. Onlar səssiz qəhrəmanlardır, lal kölgələrdir: şəhərdə - adları çəkilməyən, amma həyatı bir sütuntək daşıyanlardır. Vətən uğrunda canfəda olan şəhidlərimizin ruhuna təşəkkür edib başqa qəhrəmanlardan danışacam...
...Uşaqlıqda qəhrəmanlar deyəndə bir kəndi canavar sürüsündən xilas edən ovçu, ya da nə bilim uşaqcasına utopik səslənsə də bir "Superman" və s. yada düşərdi. Lakin böyüdükcə anlayırsan ki, qəhrəmanlıq təkcə qəfil hadisələrdə cəsarət göstərmək deyil. Bəzən də qəhrəman olmaq - hər gün eyni işə getməkdir, yorğun ayaqlarla, heç kimin görmədiyi zəhmətlə...Hər səhər bir məktəbin pilləkənlərini silən qadın, axşamlar körpüləri yoxlayan mühəndis, ya da səhər tezdən çörək bişirib dükana çatdıran fırınçı - bunlar hər biri səssiz, "kölgə" qəhrəmanlardır.
Bir dəfə səhərə yaxın saat beş olardı, yuxum qaçmışdı. Pəncərədən baxanda gördüm ki, bir küçə süpürən "qadın kölgə" arxasınca bir torba dolusu yarpaq çəkir. Sakitlik idi. Heç kim onu görmürdü. Amma onun bildiyi tək şey var idi: səhər şəhər təmiz görünməlidir. Nə dərəcədə romantik gəlsə də, bu səhnədə məni düşündürən bir şey var idi: o insanın varlığı hamımızın rahatlığı üçün lazımdır, amma biz onu nədənsə tanımırıq, görməzdən gəlirik.
Bu yazını yazarkən fikirləşdim: bəlkə də biz qəhrəman anlayışını yenidən düşünməliyik. Bəlkə qəhrəman olmaq, sadəcə düzgün yaşamaqdır - başqasına yük olmadan, heç kimdən təşəkkür gözləmədən, əlindən gələni etməkdir? Hətta və bəlkə də, əsl qəhrəmanlıq budur.
Əslində, səssiz qəhrəmanlar hər yerdədir. Məsələn, bir müəllim illərlə rayon məktəbində, soyuq sinifdə dərs deyir. Şagirdlərindən biri oxuyur, həkim olur, gəlir şəhərə. O müəllimin adı heç yerdə çəkilmir, amma o həmin "kölgə" cəmiyyətin təməl daşlarından biridir.Ya da bir ana - həyat yoldaşını itirir, üç övladı ilə bir başına qalır. Hər gün işə gedir, axşam yemək bişirir, övladların dərslərinə kömək edir. Onun üçün heç medal verilmir. Amma o ailəni dağıtmamaq, övladlarına istinad olmaq məgər qəhrəmanlıq deyil?
Dünyanın diqqəti bəzən qışqıranlara, özünü göstərənlərə yönəlir. Amma həyat səssizlərin çiynində gedir. Onlar dağ qaldırmır, amma gündəlik çətinliklərə sinə gərir. Onlar televiziyada danışmır, amma övladlarına ədaləti, dürüstlüyü, zəhməti öyrədir. Bu, təkcə şəxsi həyatın deyil, bütöv bir cəmiyyətin möhkəmliyinin təməlidir.
Bəzən fikirləşirəm: bəlkə bir gün belə insanların adları heç olmasa bir divara yazıla bilər. Və ya biz - oxuyanlar, yazanlar - onların hekayələrini danışa bilərik. Hər kəsin tanıdığı qəhrəmanlara ehtiyacımız var, bəli. Amma daha çox ehtiyacımız olan hər gün bizim üçün bir iş görən, amma adı heç yerdə çəkilməyən insanlardır.
Sənin də həyatında belə bir səssiz qəhrəman varsa ona bir təşəkkür et. Bu bəzən bir cümlə, bəzən bir baxış ola bilər. Amma inan, o təşəkkür bəzən bir insanın aylarla daşıdığı yorğunluq daşını bir anda yüngülləşdirə bilər, çünki qəhrəmanlıq təkcə qəhrəmanlıq etmək deyil. Qəhrəmanlıq - yaşamaqdır, yaşatmaqdır. Səssiz, lakin bütöv bir vicdanla.
Bəzən özümə sual verirəm: "Mənim ətrafımda belə səssiz qəhrəman varmı?" Cavab düşünmədən gəlir.Əlbəttə var. Həm də çoxdur.
Məsələn, nənəmin qonşuluğunda yaşayan bir kişi var - 30 ildir eyni işə gedir. Fəhlə işləyir. Heç vaxt şikayət etdiyini eşitməmişəm. Gecələr evinin pəncərəsindən bir zəif işıq sızır - yəqin ki, nəvələri üçün nəsə hazırlayır. Hər bayram günü birinci onun əlində ovuc dolu konfet görürəm - uşaqların hamısına paylayır. Onun adı heç yerdə yazılmayıb, amma bu şəhərdə neçə uşağın yaddaşında onun mehriban siması qalıb.
Və ya mənim müəllimim - orta məktəbdə bizə tarixi öyrədən bir qadın. Çox sərt idi. Amma indi düşünürəm ki, bizə yalnız dərsi deyil, nizam-intizamı da öyrədirdi. Öz ailəsində böyük bir yük daşıyırdı - xəstə övladı, səssiz çətinlikləri var idi. Amma məktəbdə daim dik durardı. Onun bizə təlqin etdiyi səbr, məsuliyyət - bu gün yazını yazmağıma qədər gələn bir yolun təməlidir.
Bəzən düşünürəm ki, bu insanlar haqqında heç nə yazılmasa, onlar yoxmu sayılacaq? Axı tarix kitabları yalnız savaşlarda qalib gələnləri yazır. Bəs evində qalib gələnlər? Öz acısına, səssizliyinə, imkan darlığına baxmayaraq başqalarına güc verənlər? Onlar necə?
Yazının əvvəlində səssiz qəhrəmanları tanımaqdan, görməkdən danışdım. İndi isə anlayıram: onları yalnız görmək kifayət deyil. Biz onlardan öyrənməliyik. Çünki cəmiyyətin alt qatında, gözə görünməyən o təbəqədə ən möhkəm, ən təmiz təcrübələr gizlənib. Onlar nə qədər diqqətdən kənarda olsalar da, bizim həyatımıza, düşüncəmizə iz salırlar.
Mən bu yazını yazmaqla bir növ borcumu ödəmək istəyirəm. Öz həyatımda iz buraxan, mənə həyatı öyrədən, heç zaman "qəhrəmanam" deməyən insanlara bir təşəkkür kimi.
Əgər bir gün bu yazı birinin ürəyinə toxunarsa, bir oxucu ayağa qalxıb anasına, atasına, müəlliminə, ya da qonşusuna baxıb, sadəcə "çox sağ ol" deyərsə - bu yazının məqsədi yerinə yetmiş sayılacaq.
Çünki bəzən bir cümlə, bir baxış, bir səssiz təşəkkür bir ömrün yükünü yüngülləşdirə bilər.
Və sonda: bu dünya hər kəsin adının çəkilməsini gözləməz. Amma biz yazaraq, danışaraq, xatırlayaraq səssiz qəhrəmanlara layiq olduqları hörməti göstərə bilərik.
Çünki onlar var - biz danışmasaq da.
Və bəlkə bizdən biri də - elə onlardan biridir...
Düşünürəm ki, bəlkə biz hamımız bir növ səssiz qəhrəman olmağa namizədik. Həyat hər kəsə bərabər imkan vermir, amma hər kəsə birini qorumaq, saxlamaq, düşünmək fürsəti verir. Qəhrəmanlıq, bəlkə də, gündəlik həyatın içində seçimlərimizlə ortaya çıxır - kiməsə haqqını tapşırmaq, yol vermək, səhv etdiyini qəbul etmək, bağışlamağı bacarmaq...
Hərdən avtobusda yorğun bir yaşlını görəndə yer vermək sadə görünür, amma o jest bəzən bir insanın bütün gününün təsəllisinə çevrilir. Dükanda çalışan kassir səhv etdikdə, onu danlamaq yox, anlayışla yanaşmaq da qəhrəmanlıqdır. Çünki güc sahibi olanda mərhəmət göstərə bilmək hər adamın işi deyil.
Bu yazını oxuyan hər kəsə bir sual ünvanlamaq istəyirəm: sənin həyatında səssiz qəhrəman kimdir? Kim sənə heç fərqinə varmadan güc verib? Kim səni qırmadan dəyişdirib? Kim sənə bir cümlə ilə yol göstərib? Bəlkə müəllimin, bəlkə nənən, bəlkə sadəcə bir dəfə təsadüf etdiyin bir yad adam...
Dünya böyük qəhrəmanlıq dastanları ilə doludur. Amma elə bil əsl güc səssiz olanlardadır. Onlar özlərini göstərmədən, barmaq uzatmadan, sadəcə varlıqları ilə həyatın ritmini saxlayırlar. Bəlkə də buna görə biz bu gün rahat yaşayırıq - çünki bir yerdə kimsə var ki, heç gözləmədən, heç qarşılıq ummadan, yalnız öz vicdanına söykənərək həyatın yükünü çəkir.
İnanıram ki, bir gün bu səssiz qəhrəmanlar da tanınacaq. Onların adı heykəllərdə olmasa da, bizim xatirələrimizdə, övladlarımıza verdiyimiz dəyərlərdə yaşayacaq.
Yazını bir kəlmə ilə bitirmək istəyirəm: "Təşəkkür edirəm."
O səssiz, görünməyən, adı çəkilməyən, amma hər gün bizi yaşadan insanlara...
P.S. Sənə yazıyla nələrisə çatdıra bildimsə, müəllifə də qəlbində təşəkkür etməyi unutma...