Ənənə: dəyərlər toplusu, yoxsa geridəqalmışlıq?

"Bizdə belədir" deyib dəyişməkdən imtina etməyin görünməyən təhlükəsi

Cəmiyyət olaraq hər birimiz gündəlik həyatımızda "ənənə", "bizdə belədir", "bu, adətə ziddir" kimi ifadələri ya öz dilimizdən eşitmişik, ya da bizə deyilib. Bu cümlələr çox zaman bir davranışı izah etmək, dəyişiklik ehtimalına qarşı müqavimət göstərmək üçün işlədilir. Amma bu ifadələrin arxasında dərin bir sual dayanır: "Ənənə" bizi inkişafdan saxlayırmı?

Bu sual birmənalı cavab istəmir. Çünki ənənə həm qoruyucu, həm də məhdudlaşdırıcı funksiyaya malikdir. Bəzən bizi kimliyimizlə birləşdirir, bəzənsə bizi geridə saxlayır.

Ənənə - keçmiş nəsillərdən gələn düşüncə, davranış, adət və mədəni miras toplusudur. O, bir xalqın kimliyinin, kollektiv yaddaşının daşıyıcısıdır. Qədim folklor, toy adətləri, geyimlər, ailə münasibətləri, hətta qonaqlıq mədəniyyəti belə bu anlayışın tərkib hissəsidir. Ənənə bizi başqalarından fərqləndirən, mədəniyyətimizi qoruyan əsas sütunlardan biridir. Amma burada vacib bir məsələ var: ənənə həyatın özü kimi dinamik olmalıdır.

Əgər ənənə zamanla yenilənmirsə, bu, bir növ "mədəniyyət qəlibi"nə çevrilir. Bu qəlib isə insanları eyni şəkildə düşünməyə, eyni şəkildə davranmağa məcbur edir. Misal üçün, bir çox cəmiyyətdə qadınların işləməməsi, tənqidə qapalı ailə münasibətləri, azad fikirli gənclərə qarşı sərt münasibət "bizdə belədir" ifadəsi ilə əsaslandırılır. Ən böyük problem isə buradadır: ənənəyə pərdələnmiş dəyişiklik qorxusu.

Bu qorxu cəmiyyətin yaradıcılığını, intellektual inkişafını, innovasiyanı boğur. "Niyə bu belədir" sualı veriləndə cavab əvəzinə "çünki belə gəlib, belə gedir" deyilir. Beləliklə, təfəkkür dayanır, şablonlar hökmran olur.

Təhsil sistemimizdə də bu məsələ özünü göstərir. Əzbərçilik, müəllim avtoritetinin tənqidə bağlanması, sinifdə müzakirə mədəniyyətinin olmaması bir çox hallarda "bizim sistem belədir" anlayışı ilə əsaslandırılır. Gənclər yeni metodlardan istifadə etmək istəyəndə, ya gülüş obyektinə çevrilirlər, ya da müqavimətlə qarşılaşırlar.

Ənənəvi düşüncə bəzən elə bir səviyyəyə çatır ki, gənclərin sual verməyi, mübahisə etməyi "ədəbsizlik" kimi qəbul olunur. Halbuki bu, intellektual inkişafın təməl şərtlərindən biridir.

Cəmiyyətdə fərqli görünən, fərqli düşünən insanlar - xüsusilə qadınlar və gənclər - çox zaman ənənə adı ilə sıxışdırılır. İş həyatında qadınların qarşısına qoyulan "əvvəl ailə, sonra karyera" tələbi, gənclərin sənət seçimlərinə qarşı çıxmaq ("kişi uşaq musiqiçi olar?") və ya fərqli geyim tərzlərini qəbul etməmək kimi hallar bu qəliblərin nəticəsidir.

Burada təhlükəli bir paradoks yaranır: Ənənə fərqliliyə qarşı dözümsüzlük yaradır və dəyişməni "təhlükə" kimi qavrayır. Halbuki inkişaf fərqliliklə başlayır. Müasir dünyanın bütün ixtiraları, bədii yaradıcılığı və sosial irəliləyişləri fərqli düşünənlər sayəsində baş verib.

Dünyanın inkişaf etmiş ölkələrində də ənənələr var. Lakin onların uğuru bu ənənələri zamanla yeniləyə bilmələrindədir. Məsələn, Yaponiyada minillik ənənələr qorunur, amma texnologiya, təhsil və iş mühiti müasir düşüncə ilə uzlaşdırılıb. Skandinaviya ölkələri ailə dəyərlərini qoruyaraq gender bərabərliyini həyata keçiriblər. Bu, o deməkdir ki, ənənəni dəyişdirmədən yeniləmək mümkündür - əgər istək və iradə varsa.

Ənənə ilə inkişaf bir-birinə zidd anlayışlar deyil. Əslində, onlar bir-birini tamamlaya bilər - əgər cəmiyyət tənqidi düşünməyi bacarırsa. Dəyərlər qorunaraq, həyat tərzi dəyişə bilər. Məsələn, ailəyə hörmət prinsipi saxlanıla bilər, amma bu, qadının işləməsinə və azad qərar verməsinə mane olmamalıdır. Vətənpərvərlik ruhu qalmalıdır, amma bu, başqa xalqlara qarşı düşmənçilik anlamına gəlməməlidir.

Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev Olaylar.az-a danışıb. Sosioloqun fikrincə, "Ənənə" bizi kimliyimizə bağlasa da, ona toxunulmazlıq qazandırmaq bəzən inkişafımızın qarşısını alan görünməz zəncirə çevrilir:

""Ənənə" sözü qulağa doğma, isti gəlsə də, bəzən də zəncir rolu da oynaya bilir. Bir çox cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da "bizdə belədir", "biz belə görmüşük" kimi ifadələr dəyişikliklərin önünə sədd çəkən düşüncə divarına çevrilə bilir. Ənənələr status-kvonu qoruyur, bəli, amma bəzən elə bu qoruma özü tıxanma yarada bilir. 

Müasir dövrümüzün ən sanballı sosioloqlarından sayılan Entoni Qiddens deyir ki, müasirlik daim öz ənənələri ilə üz-üzə qalır. Bir tərəfdə keçmişin "sabitliyi" dayanırsa, o biri tərəfdə gələcəyin "dinamikası" durur. Ənənə özü-özlüyündə kollektiv yaddaşımızdır, cəmiyyətin yadda saxlamaq istədiyi davranış kodlarıdır. Və heç də pis bir şey deyil. Burada problem ənənələr toxunulmazlıq statusu alanda ortaya çıxır. "Belə gəlibsə, belə də getməlidir" düşüncəsi ilə yaşayan toplum öz-özünü təkrar edən bir mexanizm kimi çalışır və bu, sosial təkamülə əngəl yaradır. 

Azərbaycan cəmiyyətindəki "bizdə belədir" yanaşması bəzən gənclərin fərqli düşüncə tərzini ya gülüş hədəfinə, ya da təzyiq obyektinə çevirir. Bunun nəticəsində yenilik qorxulu bir şey, fərqlilik isə təcrid olunacaq bir şey kimi görülür. Bu da gənclərin potensialını boğur və sosial innovasiyanı ləngidir. Fərqli düşünən gənclər ya uyğunlaşmaq məcburiyyətində qalır, ya da "gözdən iraq" bir həyat tərzi seçir".

Balansı necə qurmaq olar? 

"Əslində cavabı sadədir. Ama icrası çətindir. Ənənə hörmətlə xatırlanmalı, bir dərs kimi, mədəni miras kimi ələ alınmalı, amma eyni zamanda sorğulanmalı, toxunulmaz qəbul edilməməlidir. Nəticədə, cəmiyyət elə bir sosial orqanizmdir ki, yaşamaq üçün dəyişməli, adaptasiya etməlidir. Dəyişmək üçün isə özünüanaliz, özünüsorğulama mütləqdir".

"Bizdə belədir"lə deyil, "niyə belədir?"lə yaşamaq zamanıdır

Sonda bu sualı cəmiyyət olaraq özümüzə verməliyik: biz ənənənin daşıyıcısıyıq, yoxsa qurbanıyıq? Əgər ənənə bizi suallar verməkdən, dəyişməkdən, özümüzü tapmaqdan çəkindirirsə, deməli, biz artıq inkişaf yolunda deyil, dövranın içində fırlanan qapanmış dairədəyik.

"Bizdə belədir" deməklə yox, "niyə belədir" deyə soruşmaqla cəmiyyətlər irəli gedir. Ənənəyə kor-koranə itaət yox, onu sevərək və anlayaraq yeniləmək inkişafın açarıdır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31