Azərbaycan mətbuatı yeni mərhələnin astanasında

Müsəlman Şərqində erkən milli  mətbuatın yaradılması və inkişafı, hələ 19-cu əsrin sonuncu rübündə bir sıra maarifpərvər ziyalıların fəaliyyəti ilə başlamışdır.  Məhz həmin ziyalılar sırasında olan ictimai xadim Həsən bəy Zərdabinin əsasını qoyduğu  "Əkinçi" qəzeti  anadilli mətbuatımızın formalaşmasında, eyni zamanda xalqımızın milli təfəkkür və özünüdərk proseslərinin sürətli şəkildə formalaşmasında böyük rol oynamışdır.

1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək fəaliyyət göstərən "Əkinçi" xalqımızın milli oyanışında, milli məfkurənin formalaşmasında misilsiz rol oynayıb. Onun açdığı yolu sonradan "Ziya", "Kəşkül", "Kaspi", "Molla Nəsrəddin", "Həyat", "Açıq söz" kimi milli qayəli jurnal və qəzetlər davam etdirib.

Mətbuatımızda növbəti inkişaf mərhələsi  20-ci əsrin birinci rübünə təsadüf edir. Hansı ki, artıq ziyalılarımızın danılmaz fəaliyyəti ilə Azərbaycan dövləti öz müstəqilliyini əldə etmiş  və Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdı. Bu dövr 1918-1920- ci illəri əhatə edir. Həmin illərdə mətbuatda olan canlanma bir qədər siyasi fazada özünü qabarıq şəkildə göstərir,  ziyalılar yazıları,  nəşr olunan qəzetlər isə öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesində fəal iştirak etməklə yanaşı, xalq arasında istiqlal ideyalarını yayır, xüsusən milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində misilsiz xidmətlər göstərirdilər.

Sonraki dövr, yəni 90-cı illərə qədər davam edən sovet hakimiyyəti dövründə  Azərbaycan mətbuatı kommunist ideologiyasının  təsiri altında fəaliyyət göstərsə də öz milli-mənəvi ənənələrini qoruyub saxlaya bildi.

Mətbuatımızda sovet dövrü məhz Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bitdi və bunun nəticəsində milli mətbuatın formalaşması və  inkişafı üçün geniş imkanlar yarandı. Başlıca olaraq 1993-cü ildə media sahəsində aparılan islahatlar nəticəsində ümummilli lider Heydər Əliyev mətbuatda olan söz və  məlumat azadlığını məhdudlaşdıran qanunları ləğv etdi. Və media sistemində yeni qanunların   qəbul edilməsi üçün fəaliyyətlərə başlanıldı. Beləliklə "KİV haqqında qanun" qəbul olundu. 

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil  Azərbaycanın Konstitusiyasında da mətbuata verilən qiymət öz əksini tapdı: "Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir".

Ulu Öndər Heydər Əliyev informasiyanın insanlar üçün nə dərəcədə önəmli olduğunu və onların bir amala, məqsədə yönəldilməsində səfərbəredici bir rola malik olduğunu bildiyi üçün mətbuata və jurnalistlərə xüsusi həssaslıqla yanaşır  və daim diqqət göstəriridi.

Bu dahi şəxsiyyət, həmçinin milli media ənənələrini zənginləşdirən üç mühüm prinsip müəyyənləşdirmişdi: dövlətçiliyə xidmət, azərbaycançılıq ideologiyasının təbliği və ümumbəşəri dəyərlərə hörmət.

Ulu Öndər Heydər Əliyev tərəfindən mətbuatın maddi-texniki və maliyyə bazasını möhkəmləndirmək üçün mühüm qərarlar qəbul edildi, güzəştlər tətbiq olundu. Qəzet kağızına əlavə dəyər vergisi ləğv edildi, KİV-in iqtisadi müstəqilliyinə təminat məqsədilə bir sıra qəzetlərə uzunmüddətli və güzəştli kreditlər verildi. Ayrı-ayrı qəzetlərin dövlət nəşriyyatına olan borcları donduruldu, məhkəmələr tərəfindən cərimələnmiş mətbu orqanlar təzminat ödəməkdən azad edildilər. Söz azadlığına və müstəqil mətbuatın inkişafına əvvəlki hakimiyyətin dövründən qalmış əngəllərin, maneələrin ləğv edilməsi, KİV qanunvericiliyinin təkmilləşdirilməsi, mətbu orqanların inkişafı üçün onlara edilən çoxsaylı güzəştlərlə yanaşı, Ulu Öndər Heydər Əliyev mətbuat işçiləri ilə görüşlərin ənənəsini yaratmış, mətbuatla bağlı ortaya çıxan problemlərə operativ münasibətini bildirmiş, problemlərin məhz mətbuatın xeyrinə həll edilməsinin tərəfdarı olmuşdur. Məhz buna görə də Heydər Əliyev 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdü.

Hazırda  21-ci əsrdə Prezident İlham Əliyev də ümummilli lider Heydər Əliyevin mətbuatımızın inkişafı üçün apardığı parlaq siyasəti davam etdirir.Jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. "Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur" - deyə Prezident İlham Əliyev bildirib.

Son illərdə mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişlənib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı sərəncama əsasən redaksiyaların "Azərbaycan" nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənildi. 2005-ci ildən indiyə qədər 300-dən çox KİV əməkdaşı dövlət mükafatlarına və fəxri adlara layiq görülüb. Ayrı-ayrı mətbu orqanlara isə bu illərdə dövlət tərəfindən yardım ayrılıb.

Bunlarla yanaşı 2008-ci il 31 iyul tarixli sərəncama əsasən təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında dövlət dəstəyi Komsepsiyası" bir daha respublikamızda mediaya olan qayğının və diqqətin sistemli eyni zamanda davamlı şəkildə olduğunu göstərir.

Prezident İlham Əliyevin 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilməsi dövlətimizin başçısının mətbuatın inkişafına diqqətinin və qayğısının məntiqi nəticəsidir.

Bununla yanaşı prezidentin sərancamına əsasən yaradılan Medianın   İnkişafı Agentliyi ölkəmizdə kütləvi informasiya vasitələrinin dəstəklənməsi baxımından bir sıra vacib işlər görür. Hazırda bizim media sahəsi milli intibah dövrünü yaşayır. Elektron media artıq ənənəvi media ilə paralel şəkildə fəaliyyət göstərir. Və bu fəaliyyət insanların informasiyanı şəffaf, eyni zamanda sürətli şəkildə almasına şərait yaradır.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazandığımız qalibiyyət medianın inkişafına impuls vermiş, yeni mərhələnin başlanmasını şərtləndirmişdir. Vətən müharibəsindən az sonra Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoymuşdur.

Fərmandan irəli gələn yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verəcəkdir. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili kimi məsələlər qarşıya qoyulan məqsədlərdir.

Mətin Ələsgərov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31