“Regionların dirçəlişi milli inkişafın təməlidir” – Elman Cəfərli

İstiqamət: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Azərbaycan iqtisadiyyatını gücləndirən əsas amillərdən biri olan regionların dinamik inkişafı daim diqqətdə saxlanılır və bununla bağlı genişhəcmli layihələr reallaşdırılır. Prezident İlham Əliyev belə bir vəzifənin yüksək səviyyədə gerçəkləşdirilməsi məqsədilə vaxtaşırı rayonlara səfər edir. Bu zaman ölkə rəhbəri yerlərdə investisiyaların qeyri-neft sektoruna, xüsusən də bölgələrin inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə maraqlanır, üzləşilən çətinliklərin aradan qaldırılması üçün icra strukturlarına zəruri tapşırıq və tövsiyələrini çatdırır. 

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli hesab edir ki, prezident İlham Əliyevin hakimiyyəti dövründə ən çox diqqət yetirilən məqamlardan biri də regionların inkişafıdır:

"Dövlət başçısı Bakı-Abşeron iqtisadi rayonu ilə yanaşı, digər regionların da inkişafına yönəlik təşəbbüslərlə çıxış edib, qərarlar qəbul edib. Təkcə bu faktı demək yerinə düşər ki, 2003-2023- cü illər ərzində dövlət başçısı regionlara 572 səfər edib. Bu səfərlər zamanı 2515 tədbir keçirilib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı  4 Dövlət Proqramı qəbul olunub. Sonuncu dövlət proqramı 2019-cu ildə qəbul edilib. Bundan başqa "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" da təsdiq edilib. 
Bütün bu proqramların qəbul olunmasının  əsas məqsədi regionların, o cümlədən kənd yerlərində əhalinin sosial rufah halının yüksəldilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasıdır. Dövlət proqramlarının icrasına milyardlarla manat vəsait xərclənib. Qarşıya qoyulan əsas hədəflərdən biri regionlarda sahibkarlığın, kənd təsərrüfatının inkişafıdır. Hazırki dövrdə qeyri-neft sektorunun inkişaf etdirilməsi hökumətin diqqət mərkəzindədir. Bunun üçün regionlarında güclü iqtisadi potensial da mövcuddur. Sadəcə proqramların icrası zamanı üzə çıxan nöqsanları aradan qaldırmaq, obyektiv və subyektiv problemlərin həllinə vaxtında nail olmaq lazımdır"-deyə, o, bildirib.

QHT sədri deyib ki, 2002-ci ildən sonra Azərbaycan yeni bir mərhələyə daxil olub: 

"Vətən müharibəsində qalib gəlmişik, 30 ilə yaxın müddətdə  erməni işğalına məruz qalmış torpaqlarımız azad edilib. 2023-cü ilin sentyabrında 1988-ci ildən başlanmış və sosial-iqtisadi inkişafa mane olan Qarabağ münaqişəsi birdəfəlik həll edilib. Azərbaycan bütün ərazilərində suveren hüquqlarını bərpa edib. İqtisadi region bölgüsündə dəyişiklik edilib. Ölkənin iki böyük iqtisadi rayonunda: Qarabağ və Şərqi Zəngəzurda nəhəng tikinti-quruculuq, yenidənqurma işləri həyata keçirilir.
Son 5 ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının  inkişafına yönəlik nəhəng layihələr həyata keçirib. Postmüharibə dövründə görüləcək əsas iş ilk növbədə ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsidir. Bu istiqamətdə xeyli işlər görülür. Füzuli şəhəri yenidən tikilib, Ağalı ağıllı kəndi salınıb. Bölgədə iki beynəlxalq statuslu hava limanı tikilib. Zəngilan Beynəlxalq Hava limanının açılışı olub. Bu yaxınlarda isə Laçında tikilmiş Beynəlxalq Hava limanının açılışı olacaq. Bu hava limanlarının böyük iqtisadi və strateji əhəmiyyəti var. Qeyd edək ki, Zəngilan Beynəlxalq  Hava Limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanıdır. Bundan öncə Füzulidə Beynəlxalq Hava Limanı inşa olunmuşdu. Bu hava limanları region beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Azad Qarabağda inşa olunmuş aeroportlar regionun bərpasında və yenidənqurulmasında vacib bir faktordur. Bundan başqa hava limanları hər iki bölgədə 
iqtisadi fəallığın artırılmasına və turizm sektorunun inkişafına təkan verəcək. Azad Qarabağda 2  hava limanının istifadəyə verilməsi bölgədə yeni iş yerlərinin yaradılması deməkdir. Bu faktor həm yerli əhali, həm də bütövlükdə bölgənin, ölkənin inkişafı üçün iqtisadi faydalar gətirir.  Aparılan məqsədyönlü işlər, nəhəng layihələr Qarabağa böyük qayıdışı sürətləndirir. Bu gün Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayılda yeni qəsəbələr qəsəbələr salınıb, məcburi köçkünlərin bir qismi dogma yurd-yuvasına qayıdıb. Eyni proses Qarabağ iqtisadi rayonunda da sürətlə davam etdirilir. Əhalinin doğma yurdlarına qayıdışını şərtləndirən əsas amillərdən biri də iş yerlərinin yaradılması, təhsil, səhiyyə infrastrukturunun qurulmasıdır. Xankəndidə yenidən qurulan Qarabağ Dövlət Universiteti bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Son 5 ildə məcburi köçkünlər  Şuşaya, Xankəndiyə, Ağdama qayıdıb. Sözügedən bölgələrdə onlar üçün yeni mənzillər inşa edilib. Bu il Ağdamın Sarıcalı kəndinə köç baş tutub. 39 ailə öz dogma yurd-yuvasına qayıdıb. Bu ilin sonuna qədər Ağdam şəhərində də keçmiş məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur. Ağdamın bölgənin iqtisadi mərkəzi kimi nəzərdə tutulması doğru yanaşmadır. Əsasən dağlıq və dağətəyi ərazi olan Qarabağda  Ağdamın şəhər kimi böyümə, genişlənmə imkanları var. Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye müəsissələrinin yaradılmasını zəruri edir. Ağdamda 190 hektar ərazidə salınmış  Sənaye Parkı bu məqsədlə yaradılıb. Xatırladım ki, bu park Azərbaycan ərazisində beşinci Sənaye Parkıdır. 
Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək.
Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılacaq,  kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservlərinin,  ət və süd məhsullarının, şərab, yem,  gübrə istehsalı və emalı nəzərdə tutulur. Parkda xidmət sahələri, soyuducu kameralar da təşkil ediləcək. Bölgədə fəaliyyət göstərəcək işadamları üçün vergi güzəştləri də tətbiq ediləcək. Beləki  Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunması nəzərdə tutulur.
Bu gün istər azad olunmuş ərazilərdə, istərsə də ölkənin digər bölgələrində həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə, işsizliyin ləğv edilməsinə və paytaxt  Bakıda əhali sıxlığının azaldılmasına xidmət edir. Sonuncu məsələ olduqca aktualdır. Bu gün paytaxt Bakı insan sıxlığından nəfəs ala bilmir. Paytaxtın yükünü azaltmaq lazımdır. Bunun üçün ilk növbədə ali məktəblərin, xəstəxana və klinikaların bir qismi iqtisadi rayonların mərkəzlərinə köçürülüməlidir".

Səidə Ramazanova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31