Sentyabrda bu kartlar müəllimlərə veriləcək – Hansı güzəştlər olacaq?

Bir çox ölkələrdə müəllimlərə müxtəlif sahələrdə güzəştlər təklif edən xüsusi kartlar və proqramlar mövcuddur. Bu kartlar müəllimlərin sosial statusunu yüksəltmək və onları stimullaşdırmaq məqsədi daşıyır.

Onu da qeyd edək ki, bu cür kartlar müəllimlərin rifahını artırmaqla yanaşı, həm də cəmiyyətdə onların əməyinə verilən dəyərin göstəricisidir. Sevindirici haldır ki, artıq Azərbaycanda da oxşar təşəbbüslərin həyata keçirilməsi istiqamətində layihə başlayıb. Məlumata görə, artıq yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi "Təhsil kartlar"nın təqdim olunması nəzərdə tutulur.

Maraqlıdır, bu kartlara hansı xidmətlər, nə kimi güzəştlər daxil ediləcək?

Olaylar.az bildirir ki, mövzu ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov Publika.az-ın suallarını cavablandırdı.

O bildirdi ki, müəllimlər üçün xüsusi güzəşt paketlərini özündə birləşdirən kartın istifadəyə verilməsi onların peşəkar fəaliyyətinə önəm verməklə yanaşı, həm də sosial rifahını yüksəltmək üçün nəzərdə tutulub:

"Bu həm də müəllim nüfuzuna verilən önəmin göstəricisi kimi dəyərləndirilməlidir. Bunu Təhsil İnkişaf Fondunun bu istiqamətdə reallaşdırmaq istədiyi çox mühüm layihələrdən biri kimi xarakterizə edirəm. Bildiyim qədər 300-ə qədər şirkət artıq Təhsilin İnkişaf Fondu ilə əməkdaşlığa başlayıb. Ümid edirəm ki, bu əməkdaşlığa maraqlı olan şirkətlərimiz daha çox olacaq. Bunu həmçinin təhsilə milli burjuaziyanın dəstəyi kimi də dəyərləndirə bilərik. Çünki təhsil verənlər bütövlükdə təhsilin çox mühüm subyektlərindən biridir. Müəllimlər üçün bu cür güzəştlərin, endirimlərin tətbiqi ilə bağlı yenilik inkişaf etmiş, təhsil tutumlu ölkələrin təcrübəsindən ölkəmizə gətirilib. Çox istərdim ki, bizim fərqli xidmət sahələri bütövlükdə bu aksiyaya, bu təşəbbüsə qoşulsunlar".

Ekspert güzəştlərin hansı istiqamətdə olacağı barədə də danışdı:

"Bu güzəştlərə əsasən ictimai nəqliyyat, metro, ərzaq, kitab mağazaları daxildir. Bundan əlavə, müəllimlər üçün müxtəlif iaşə obyektlərində, mədəniyyət ocaqlarında, muzeylər və s. endirimlər nəzərdə tutulması yer alır. Eyni zamanda müxtəlif alış veriş məkanında və xüsusilə kitab, məktəb ləvazimatları satışı ilə məşğul olan böyük şəbəkələrdə bu cür endirimlərdən yararlana biləcəklər. Günlük istifadə olunan əşyaların alınmasında olan endirimlər də güzəştə daxil ola bilər. Bu baxımdan çox təqdirəlayiq olar. Ümumiyyətlə, Azərbaycan müəllimi mükafata, güzəştə layiqdir. Bu baxımdan güzəşt kartlarının müəllimlərə şamil olunmasını müsbət qiymətləndirirəm. Düşünürəm ki, bu, müəllimlərin maddi durumuna müəyyən qədər kömək etmiş olar. Təbii ki, sözügedən 300 şirkət əməkdaşlığa öz razılığını bildiribsə, böyük bir əhatə dairəsi olacaq. Amma qeyd etdiyimiz kimi, mütləq şəkildə müəllimlər üçün güzəştlərdə yer ala biləcək xidmətlər daha çox ola bilər. Müxtəlif restoran və kafeləri əhatə edən şəbəkələr var, hansı ki, o şəbəkələrdə müəllimlər üçün endirim nəzərdə tutulur. Ancaq bütövlükdə xidmətlərin keyfiyyətli olması şirkətlərin nə dərəcədə işə məsuliyyətli yanaşmasından asılı olacaq. Əsas odur ki, Təhsilin İnkişaf Fondu bu istiqamətdə işlərə başlayıb və hesab edirəm ki, bu yeniliklərdən biri kimi dəyərləndirilməlidir. Müəllim əməyinə və peşəsinə cəmiyyətin yanaşmasının ona öz ehtiramını, hörmətini ifadə edən çox mühüm bir aksiyadır. Əlbəttə ki, bir elm, təhsil adamı olaraq mən də bu layihəni dəstəkləyir və gələcəkdə daha çox xidmətlərin burada yer alacağına ümid edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31