Xankəndidə sammit: Bölgəyə investisiya və inkişafın qapısı açılır- ÖZƏL
15 May 16:12 Siyasət"Azərbaycan postmüharibə reallıqlarında, vaxtilə münaqişə, müharibə, regionu olan Qarabağ və Şərqi Zəngəzura sülh gətirir, təhlükəsizlik formalaşdırır. Bu, nəinki hərbi müstəvidə özünü göstərir, eləcə də diplomatiya, yumşaq güc və əməkdaşlıq formasına çevrilir".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, Xankəndidə sammit bölgəyə investisiya və inkişafın qapısını açacaq:
"Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının XVII sammitinin keçirilməsi Azərbaycanın postmüharibə reallıqlarında uğuruna əlavə dəstək qatacaq. Biz Şuşa Forumu da daxil olmaqla, Laçın, Kəlbəcər, Ağdamda bu cür çoxsaylı tədbirlərin şahidi olmuşuq. Sonuncu izdihamlı və böyük tədbir isə Ağdamda Mədəniyyət Evinin açılışı zamanı cənab Prezidentin iştirakı ilə baş tutdu. Xankəndi bizim üçün mühüm mədəni, iqtisadi və siyasi mərkəzlərdən biridir. Artıq burada beynəlxalq tədbirlərin keçirilməsi həm yeni geosiyasi reallıqların legitimləşdirilməsi baxımından diqqət çəkir, həm də Azərbaycanın Xankəndiyə nə qədər böyük diqqət ayırdığının göstəricisidir. Bundan öncə İqtisadi Əməkdaşlıq Təşkilatının önəmi, əhəmiyyəti, Azərbaycanın bu təşkilatda keçdiyi uğurlu yol, təşkilatın təsisçiləri və onların beynəlxalq mövqeyi müstəvisində - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində analitiklərin və dövlət rəsmilərinin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdu. Mən də bu tədbirdə iştirak etmişdim. İqtisadi Əməkdaşlıq Təşkilatının yaxşı perspektivləri olduğunu düşünürəm və bu müstəvidə Azərbaycan reallıqları gündəmə gətirilərək, ölkəmizin həqiqətləri haqqında fikirlər ifadə olunmuşdur. Əsas etibarilə iqtisadi motivli olan bu təşkilatın Xankəndidə keçiriləcək növbəti görüşü bölgənin iqtisadi cəhətdən dirçəlməsi, bölgəyə investisiyaların cəlb olunması, sərmayələrin artırılması, dost və tərəfdaş dövlətlərin burada birgə iştirakı, ərazilərin minalardan təmizlənməsi, sahibkarlıq klasterlərinin istifadəyə verilməsi kimi məsələlərin müzakirəsinə şərait yaradacaq. Düşünürəm ki, bütün bu proseslər yalnız və yalnız ölkəmizin xeyrinədir".
Zeynəb Mustafazadə