"Hal"a dönmüş didərgin qadınlar..."Hal" filminin ssenari müəllifi və quruluşçu rejissoru ilə müsahibə

"Hal" filminin ssenari müəllifi və quruluşçu rejissoru ilə müsahibə -ÖZƏL 

Ədəbiyyat və kino zamanla dəyişən cəmiyyətin aynasıdır. "Hal" romanının müəllifi də illərdir oxucuların sevdiyi bu əsəri ekranlaşdırmaqla təkcə bir hekayəni deyil, həm də cəmiyyətə, qadına və mənəviyyata dair düşüncələrini paylaşır.
Əsərin əsas qayəsi - qadının ailədə və cəmiyyətdəki yeri, zorakılıqla üzləşməsi və bu fonda susqunluq deyil, mübarizənin vacibliyidir. Müsahibimiz filmi çəkməyə aparan səbəbləri, obrazların seçimini və ssenaridə etdiyi dəyişiklikləri səmimi şəkildə bölüşür.
"Hal" artıq bir roman və ya film deyil, qadının iç dünyası, yaşadığı çətinliklər və haqları uğrunda mübarizəsinin rəmzidir. Bu müsahibə də həmin mübarizənin müəllifin dilindən bir hekayəsidir.

Müsahibimiz yazıçı Sədaqət Kərimovadır:

- "Hal" romanı oxucular tərəfindən çox sevilib. Bu əsərin 30 yaşı var. Onu 1993-cü ildə yazıb çap etdirmişəm. Bu illər ərzində əsərə maraq azalmayıb, onun haqqında onlarca resenziya yazılıb.

- Hal" filmini çəkməyə sizi nə ilhamlandırdı? Əsərinizi ekranlaşdırmaq qərarına necə gəldiniz?

- Oxucular tez-tez bildirirdilər ki, kaş bu əsər əsasında film çəkiləydi. Xüsusilə son illərdə bu istək daha çox səslənirdi. Bir dəfə "Libraff" kitab mağazasında yeni kitabımın təqdimatı zamanı Moskvadan gəlmiş yazıçı Təyarə Vəlimətova səmimi etiraf etdi: "Çox arzulayıram ki, "Hal" əsəri əsasında film çəkilsin." Bu fikri bölüşənlərdən biri də tanınmış jurnalist və şair Sülhiyyə Musaqızıdır. O, "Hal" haqqında bir neçə resenziya yazıb

- Hə, deyəsən məqalələrindən birində belə qeyd etmişdi: "Əlimdə imkan olsaydı, bu əsəri Nobel mükafatına təqdim edərdim."
- Elədir, Sülhiyyə belə yazmışdı. Filmin çəkilməyini məndən israrla tələb edənlərdən biri də qızım olub - Sevda Əzizova. O, həm həkimdir, həm də yazıçı - uşaq nağılları yazır. 
Əvvəllər belə bir niyyətim yox idi. Lakin son illər ölkəmizdə ailə münaqişələri zəminində qadın ölümlərinin artması, onlara qarşı şiddət hallarının çoxalması məni bu qərara gətirdi: bu mövzuda film çəkilməlidir. Hər bir ailədə yaşanan  faciə əslində cəmiyyətin faciəsi kimi qəbul edilməlidir. Elə cinayətlər var ki, hələ də üstü açılmayıb. Onların nəticəsi olaraq günahsız qadınlar həyatlarını itirib, uşaqlar yetim qalıb. Oxucuların arzusu ilə filmi çəkmək qərarına gəldik.

- Filmin ssenarisini yazarkən hansı hissləri keçirdiniz?

- Mən də təbiət vurğunuyam. Uşaqlığım meşələrin qoynunda keçib, rayon yerində böyümüşəm. Meşəbəyi obrazı ilə mən həm də təbiəti qorumağın vacibliyini göstərmək istəmişəm. 
"Hal" romanının baş qəhrəmanı Rəhman Selmiyaya deyir: "Bəzən ağaclarla, quşlarla, heyvanlarla dil tapmaq insanlarla dil tapmaqdan asan olur." O, elə bir insandır ki, quşlar da, heyvanlar da onu anlayır. Hər adam meşəbəyi ola bilməz. Bu peşəyə bağlanmaq üçün  təbiətə dərin sevgi lazımdır. Real həyatda da belə meşəbəyilər tanımışam. Onlar meşəni göz bəbəyi kimi qoruyurdular. İndi isə meşələr kəsilir, amma heç bir tədbir görülmür. Vaxtilə bir ağac kəsilsəydi, dərhal cinayət işi açılırdı. Meşəbəyi obrazı mənim təbiət sevgimin simvoludur. Bu obrazla həm də təbiəti qorumağın vacibliyini göstərmək istəmişəm. 

- Selmiya və Rəhman obrazları ilə hansı mesajı vermək istəmisiniz?

- Ətrafımızda hər gün ailələr dağılır. Bəzən ailə qurarkən insanlar yalnız zahiri təmtərağa önəm verirlər - dəbdəbəli toylar, bahalı geyimlər, amma sevgi unudulur. Ailələr tələsik qurulur, sonra tərəflər bir-birinə yad olduqlarını anlayırlar. Selmiya zorla qaçırılır, arzuları yarımçıq qalır. Rəhman ilə həyat yoldaşı isə bir-birinə yad insanlardır.
Selmiyanın Hala çevrilməsi də təsadüfi deyil. Hal - Qafqaz xalqlarında şiddət görmüş, evindən didərgin düşmüş mistik qadındır. Hər qadının içində sevgi ehtiyacı var. Selmiya bu sevgini ailəsindən, nişanlısından  sonradan isə ərindən görmür, yalnız Rəhmandan az da olsa diqqət görür. Buna görə də Rəhman onun həyatında xüsusi yer tutur.
Film vasitəsilə izləyicilərə demək istəmişəm ki, yaxınlarını, doğmalarını sevsinlər, insanın qədrini sağlığında bilsinlər.

- Aktyor seçimi necə oldu? Mir Sahib  Qabiloğlu və İranə Kərimova haqqında nə deyə bilərsiniz?

- Mirsahib Rəhman obrazını çox gözəl canlandırdı. Hətta film çəkilən kənddə heç kim onu öz adı ilə çağırmırdı, hamı "Rəhman" deyirdi. Adamlar onu görmək üçün tez-tez qaldığı evə gəlirdilər. İranəni əvvəldən tanıyırdım. Kastinqə çox aktrisalar gəldi, amma əksəriyyət süni görünürdü - dodaq dolğuları, tatuajlar və s. Mənə isə kənd qızına xas təbiilik lazım idi. İranə bu rolu həm xarakteri, həm də ruhu ilə canlandırdı. O, bu obrazı yaşadı.

- Filminizi digər ailə-məişət filmlərindən fərqləndirən nədir?

- Bu sualı izləyici daha yaxşı cavablandıra bilər. Amma mənim bütün əsərlərimdən qirmızı xəttlə keçən bir mövzu var - mənəviyyat. Mənəviyyat olmayan yerdə sağlam cəmiyyət ola bilməz.

- Filmdəki təbiətin səsləri cəlbedici idi. Bu detallar məqsədli şəkildə seçilmişdi, eləmi?

- Bəli, tam olaraq buna çalışmışıq. O səslərin olması bizim üçün vacib idi. Mənim həyat ritmim təbiətlə çox bağlıdır. Hər dəfə rayona gedəndə mütləq təbiətin qoynuna yollanıram. İnsan bəzən öz daxili aləminə dalmaq istəyir. O səslər də məhz bu aləmi yaradır. Onları bilərəkdən əlavə etdik.
Təbiətdə olanda elə bir hiss keçirirəm ki, sanki təklikdə düşüncələrim daha da aydınlaşır. Quşların səsinə, cırcıramaların xoruna qulaq asıram. Bu sakitlik ruhumu dincəldir. Hətta çətin anlarda da təbiət mənim üçün bir müəllim rolunu oynayır. Filmdəki səssizlik də bu məqsədə xidmət edir.

- Romanla film arasında fərqlər varmı?

- Cüzi fərqlər var. OnlarI etmək vacib idi. Bildiyiniz kimi, film kollektiv əməyin bəhrəsidir. Filmin rəssamı Sevda Məmmədova, quruluşçu operator Elxan Rüstəmov və baş rolun ifaçısı Mir Sahib Ağayevlə  birlikdə mentalitetimizə və əxlaqi dəyərlərimizə uyğun gələn bəzi əlavələr etmək  qərara gəldik və elədik.

- Real həyatdan bu məsələlərə bənzər müşahidələriniz olubmu?

- Bəli, bir ailə tanıyıram. 2 azyaşlı uşaqları var. Kişinin psixoloji problemləri var, tez-tez arvadını döyür. Qadın isə valideyn evinə qayıda bilmir, çünki valideynləri birotaqlı mənzildə yaşayır. Onun pənah aparası yeri yoxdur. Ərinin evində qalmaq onun həyatı üçün təhlükədir. Belə hallarda cəmiyyət o qadına sahib çıxmalıdır. Əks halda gələcək faciənin qarşısını almaq mümkün olmayacaq. Bu, cəmi bir misaldır.

- Filmin təqdimatı necə keçdi? İzləyicilər hansı reaksiyaları verdi?

- Filmin təqdimatı yüksək səviyyədə keçdi. Nizami Kino Mərkəzində keçirilən təqdimat tam dolu zalda baş tutdu. Səhnəyə çiçək  yağdırırdılar - 150-dən çox gül dəstəsi gətirilmişdi. Təqdimat bayram əhval-ruhiyyəsində keçdi.
Tənqidi fikirlər həmin anda səslənmir. Daha sonra, sosial mediada və ya tənqidçilərin yazılarında fikirlər formalaşır. Hələlik ciddi tənqid olmayıb. Amma gələcəkdə müzakirələr olacaq. Mən buna hazıram. Əsas məsələ odur ki, filmə insanlar maraqla tamaşa edir. YouTube üzərindən filmi bir həftədə 200 min insan izləyib, 2 minə yaxın şərhlər var, əksəriyyəti müsbətdir.

- Son olaraq, film haqqında ümumi təəssüratlarınız nədir?

- Bu film ürəyimin səsi idi. Qadını Allah zəif yaratmayıb. "Cənnət anaların ayaqları altındadır" kəlamını cəmiyyət gəlişi sozlər kimi deyil, əsl həqiqət kimi qəbul etməlidir. Qadın xoşbəxtdirsə, onun ailəsi, əri, övladları xoşbəxtdir. Dözümü, ürəyinin genişliyi, zəhmətkeşliyi, fədakarlğı müqabilində niyə qadın sevgiyə, qayğıya, hörmətə etiyac duymalıdir? Qadın kölə deyil, onun qəlbi, arzuları ilə oynamaq olmaz. İlk növbədə bütün bunları qadın özü dərk etməlı, mübarız olmalı, özünü müdafiə etməyi bacarmalıdır. Mən bunları çatdırmaq istədim.

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31