Trampın sülh planı – Rusiyanın şərtləri: "Moskvanın təklifləri qəbul olunmadan münaqişə bitməyəcək" – ÖZƏL

"Rusiya-Ukrayna münaqişəsi ABŞ-nin strateji planının tərkib hissəsidir. Bu münaqişə təsadüfən yaranmayıb, ABŞ tərəfindən ssenariləşdirilmiş bir prosesdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, ABŞ prezidenti Donald Tramp açıq şəkildə bəyan edib ki, bu münaqişəni məhz Co Bayden yaradıb. Trampın fikrincə, Rusiya-Ukrayna münaqişəsinin əsas müəllifi Amerika dövlətidir və bu, ABŞ-nin uzunmüddətli strateji planına daxildir.

Bu münaqişə dünyanın siyasi və iqtisadi sistemini köklü şəkildə sarsıdıb. Artıq burada sadəcə Rusiya və Ukrayna deyil, faktiki olaraq Rusiya ilə NATO arasında qarşıdurmadan danışmaq olar. Ukrayna isə sadəcə bir poligon rolunu oynayır.

"Bu münaqişədə Rusiya hərbi müstəvidə özünü qalib tərəf kimi göstərir və Ukraynanın 20-25% ərazisinə nəzarət edir. NATO ölkələri bütün vasitələrlə maliyyə, texniki, kəşfiyyat, informasiya və psixoloji dəstək göstərsələr də buna baxmayaraq, Rusiyanın qarşısını almaqda çətinlik çəkirlər. NATO faktiki olaraq bu müharibədə iştirak edir, ancaq buna baxmayaraq, münaqişə NATO üçün uğurlu getmir və Rusiya irəliləməyə davam edir," - deyə ekspert əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, Rusiyanın hərbi maşını Ukraynanın dərinliklərinə doğru irəliləməkdədir. Münaqişə o həddə çatıb ki, artıq siyasi baxımdan da diktə edən tərəf Rusiyadır. Rusiyanın irəli sürdüyü şərtlər qəbul olunmayınca münaqişənin həlli mümkün deyil. ABŞ prezidenti Donald Tramp tərəfindən gündəmə gətirilən 28 maddəlik sülh platformasında da, əslində, Rusiyanın şərtləri əksini tapıb. Qərb ekspertlərinin böyük hissəsi hesab edir ki, Tramp Rusiyanın bütün təkliflərini qəbul edir və bu, Ukraynanın maraqlarına uyğun deyil. Bu isə onu göstərir ki, artıq münaqişə beynəlxalq hüquqa və Ukraynanın Konstitusiyasına deyil, mövcud reallıqlara uyğun şəkildə həllini tapmalıdır.

"Rusiya bu müharibədə yüz minlərlə əsgər itirib, milyardlarla vəsait xərcləyib. Buna görə də Moskvanın şərtləri qəbul olunmadan münaqişənin sona çatması real görünmür. Trampın təşəbbüsü müəyyən mənada görüntü xarakteri daşıyır. Əgər Ukrayna bu 28 maddəlik layihəni qəbul etməsə, o zaman ABŞ Ukrayna və Avropa Birliyinə təzyiq etməli olacaq. Artıq Avropa ölkələri açıq şəkildə bildirirlər ki, bu plan Ukraynanın maraqlarını təmin etmir.
Rusiya dəfələrlə bəyan edib ki, onun şərtləri qəbul edilməyincə münaqişə həll olunmayacaq. Bu illər ərzində münaqişənin yaranma səbəblərinin aradan qaldırılması istiqamətində heç bir addım atılmadı, əksinə, Ukrayna daha da qızışdırıldı. Ukraynaya artan hərbi və maliyyə yardımı münaqişəni uzatmaq və Rusiyanı iqtisadi sarsıntıya məruz qoymaq məqsədi daşıyırdı. Lakin bu ssenari özünü doğrultmadı," - deyə A. Məsiyev bildirib.

Ekspertin sözlərinə görə, reallıq ondan ibarətdir ki, Rusiya hazırda Ukraynanın təxminən 25% ərazisinə nəzarət edir və Ukraynanın təbii sərvətlərinin 70%-i də Rusiyanın nəzarət etdiyi bölgələrdə yerləşir. Bu isə Rusiyanın iqtisadi baxımdan da üstünlüyünü artırır.
Bu münaqişə ABŞ-nin qlobal strateji planının bir hissəsidir. Əgər Tramp həqiqətən münaqişəni dayandırmağa çalışsa, bu, ABŞ stratejiyasına zidd addım olar. ABŞ-də hakimiyyətə gələn istənilən siyasi qüvvə istər respublikaçılar, istər demokratlar ölkənin strateji maraqlarına toxunmamalıdır. Ona görə də Trampın münaqişəni tam olaraq dayandırması onun siyasi gələcəyini də sual altına ata bilər.

"ABŞ strateji maraqlarına görə üç əsas təhlükə mənbəyi görür: Rusiya - hərbi güc baxımından, Çin - iqtisadi güc baxımından, Avropa İttifaqı isə avro valyutası ilə maliyyə gücü baxımından. Bu baxımdan Rusiya-Ukrayna müharibəsinin yaradılması ABŞ-nin qlobal rəqiblərini zəiflətmək məqsədi daşıyırdı.
NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi də bu planın tərkib hissəsidir. Rusiya dəfələrlə ABŞ və NATO rəhbərliyinə müraciət edərək NATO-nun genişlənməsinə son qoyulmasını tələb etsə də, bu çağırışlar cavabsız qaldı və nəticədə münaqişə başladı. Hazırkı mərhələdə müvəqqəti atəşkəs Rusiyanın maraqlarına uyğun deyil, çünki Avropa ölkələri atəşkəsdən istifadə edərək Ukraynanı yenidən silahlandırmaq niyyətindədir. Rusiya isə bunu qəbul etmir və münaqişənin köklü həllini istəyir. Lakin bu hələ ki, real görünmür. Rusiyanın şərtləri qəbul edilmədən, istər hərbi, istər siyasi müstəvidə, müharibənin dayanacağı gözlənilmir. Hazırda həm hərbi, həm siyasi baxımdan üstün tərəf Rusiyadır," - deyə siyasi ekspert vurğulayıb.

Azad Məsiyev bildirib ki, ən böyük ziyanı isə Ukrayna xalqı çəkir. Ukraynanın siyasi rəhbərliyi, xüsusilə Zelenski reallığı qəbul etməli və ya istefa verməlidir. Zelenski Ukrayna xalqının deyil, Qərbin maraqlarına uyğun addımlar atır. Münaqişənin əvvəlində də o, Qərbin alətinə çevrilərək müharibənin başlanmasına şərait yaratdı.
Trampın irəli sürdüyü 28 maddəlik plan Avropa tərəfindən müsbət qarşılanmayacaq. Avropa bu layihəni dəstəkləməsə, ABŞ-nin mövqeyinin necə olacağı sual altındadır. Bu münaqişə ABŞ-nin strateji planının bir hissəsi olduğuna görə Trampın onu dayandırması ABŞ stratejisinə zidd addım sayılar və bu da onun hakimiyyətinin davamlılığına mənfi təsir göstərə bilər. Bu məsələ yaxın dövrdə ABŞ siyasi elitasında ciddi müzakirələrə səbəb olacaq.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31