Əkbər Qoşalıdan Samirə Əfəndinin jestinə şərh: "Aşırı səmimiyyətə ehtiyac varmı?" – ÖZƏL

"Astanadakı beynəlxalq müsabiqədə Samirə Əfəndinin Ermənistan təmsilçisinə 12 bal verməsi və onu səhnədə ürəklə bağrına basaraq qucaqlaması emosional səhnə idi, amma bu addıma "xalq diplomatiyası" anlamı yükləmək düzgün olmaz".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Yazar bildirib ki, onun belə bir missiyası-mandatı da yoxdur. Bu ən azı bu mərhələdə "xalq diplomatiyası" sayıla bilməz. Xalq diplomatiyası planlı olur, ölkələrarası siyasətə uyğun hərəkət edir və ardıcıl proses tələb edir. Samirə Əfəndinin jesti isə koordinasiya olunmuş addım deyil, siyasi ismarıc daşımır, beynəlxalq müsabiqə mühitinin yaratdığı emosional davranış kontekstində baş verib. Bu səbəbdən onu ölkələrlərarası münasibətlərə aid etmək artıq yükləmə olar, məncə.

Ekspert bildirib ki, o gənc sənətçinin bəlli hərəkətini tamamilə fərdi addım sayır, özfəaliyyət yaxud özünün fəaliyyəti hesab edirəm. Bu bəlkə də jesti daha çox Samirə Əfəndinin şəxsi münasibət tərzidir. Bəli, sənətçilər çox zaman səhnədə emosional davranır, yumşaq insani jestlər edirlər; bu, nə Azərbaycanın siyasi mövqeyini dəyişir, nə də iki ölkə arasında vaxtından öncə, nə bilim gərəyindən öncə rəsmi yumşalma göstəricisidir...

Sülh imzalanmamışkən belə aşırı səmimiyyətə ehtiyac varmı? - sualını verənləri qətiyyən qınamaq olmaz.
Hələ sülh müqaviləsi yoxdur, dövlətlərarası sərhədlər tam razılaşdırılmayıb, toplumun 30 illik ağrıları təzədir. O üzdən belə jestlər bəzən yanlış anlaşılır, emosional müzakirələrə səbəb olur. Yəni siyasi kontekstdə bu cür addımların vaxtsız görünməsi təbii reaksiyadır.

"Samirə Əfəndinin jesti nə siyasi ismarıcdır, nə də xalq diplomatiyasının elementi. Bu, bir sənətçinin fərdi, emosional addımıdır.
Azərbaycan-Ermənistan münasibətlərində isə əsas xətt dövlət siyasətidir - və qalıcı sülh imzalanmadan siyasi səmimiyyət deyil, diplomatik dəqiqlik daha vacibdir. 
Hər şeyin öz vaxtı, öz dərəcəsi vardır," - deyə türkoloq qeyd edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31