Şimali Kivuda iki şəhər M23 üsyançılarının əlinə keçdi- ÖZƏL

Olaylar.az xəbər verir ki,  Şərqi Demokratik Konqo Respublikasında (DKR) vəziyyət yenidən gərginləşib. Konqolu "Okapi" radiosunun məlumatına görə, "23 Mart Hərəkatı" (M23) adlı üsyançı qrupun döyüşçüləri uzun sürən ağır toqquşmalardan sonra Şimali Kivu vilayətinin Kişişe və Bambo şəhərlərini ələ keçirib.
Hər iki şəhəri qoruyan hökumətyönlü Wazalendo qruplaşmasının döyüşçüləri geri çəkilməyə məcbur olublar. Qeyd edək ki, Kişişe və Bambo ötən il üsyançıların bölgədən çıxarılmasından sonra Konqo hakimiyyətinin nəzarətində idi.
Hazırda döyüşlər ABŞ-nin vasitəçiliyi ilə Konqo və Ruanda hökumətləri arasında sülh razılaşması istiqamətində aparılan danışıqlar fonunda davam edir.
Məlumata görə, Şərqi Konqodakı böhran silahlı üsyançı qrupların, xüsusilə də 2012-ci ildə Konqo ordusundan dezertir olan əsgərlər tərəfindən yaradılmış M23-ün fəallığının artması ilə bağlıdır. Əksəriyyəti tutsi xalqına mənsub olan M23 döyüşçüləri 2021-ci ildə yenidən silahlı mübarizəyə başlayaraq, iki vilayət mərkəzi də daxil olmaqla 100-dən çox yaşayış məntəqəsini ələ keçiriblər. Konqo hakimiyyəti qonşu Ruandanı bu silahlı qruplaşmanı birbaşa dəstəkləməkdə ittiham edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31