Tıxaclardan necə qurtulaq?- Ekspert “xilas formulu”nu sadaladı-ÖZƏL

2005-ci ildə yaranmış "tikinti bumu"ndan sonra paytaxt Bakı xeyli böyüyüb. Şəhərdə yeni yaşayış massivləri salınıb, göydələnlər inşa olunub. Son 20 ildə Bakının əhalisinin sayı da artıb. 2018-ci ilin əvvəlinə qədər əhalinin sayı 2 262 600 nəfər idi. İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonağa paytaxt əhalisinin qeyri-rəsmi olaraq 3.5 milyon nəfər olduğunu bildirib. Paytaxt əhalisi bu gün saatlarla sürən tıxaclardan əziyyət çəkir. Nəqliyyat infrasturkturu yenidən qurulsa, modern avtobuslar xəttə buraxılsa da Bakıda tıxacların qarşısını almaq mümkün olmur. Bəs vəziyyətdən çıxış yolu nədir? Bakının yükünü necə azaltmaq olar?
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Olaylar.az-a açıqlamasında paytaxtda nəqliyyat sıxlığının, tıxacların azaldılması üçün təcili tədbirlərin görülməsini vacib sayıb:
"Bakının 2040-cı ilə qədər olan Baş Planında müəyyən işlərin görülməsi nəzərdə tutulub. Bu sırada tramvay xəttlərinin çəkilməsi, metro stansiyalarının artırılması, avtobus parkının yenilənməsi, sərnişindaşımada və taksi xidmətində elektriklə işləyən avtomobillərin sayının çoxaldılması nəzərdə tutulub. Bakıda velosiped yolları yaradılıb, skuterlərin sayı artıb. Ancaq bir məsələni unuduruq. Velosiped yolları var, ancaq sürən azdır. Bakıya ən modern velosipedlər də gətirilsə, bu gün ondan istifadə edənlərin sayı çox azdır. Və bu çox üzücüdür. Dövlət hər cür şərait yaradır ki, tıxacların sayı azaldılsın, yaşıl nəqliyyat çoxalsın. Ancaq ictimai düşüncə yaşıl texnologiyaların tətbiqinə adekvat deyil. İnsanlar nədənsə çəkinir, utanır, velosiped sürmək istəmirlər. Yaxşı olar ki, bu məsələdə nümunə ön plana keçsin. Ən yaxşı tərbiyə üsulu nümunədir. Tanınmış şəxslər: sənətçilər, jurnalistlər, ictimai fəallar, idmançılar həftənin bir günü işə velosipedlə gedib gəlsinlər. İnanın ki, bu, tezliklə öz müsbət təsirini göstərəcək. Bakının  Zabrat qəsəbəsində 192 saylı orta məktəbin şagirdləri dərsə velosipedlə gedib gəlirlər. Sədərəkdə, Xaçmaz şəhərində 2 saylı orta məktəbin müəllim və şagirdləri də bu təcrübədən istifadə edir. Bu təcrübə Bakı məktəblərində də yayılmalıdır. Bunun üçün tanınmış simalar veloyürüşlər keçirməli, öz nümunəsini ortaya qoymalıdır".
Ekspert hesab edir ki, Bakını  yükləyən əsas faktorlardan biri də ali məktəblərdir:
"Bu qədər ali məktəbin Bakıda fəaliyyət göstərməsi doğru deyil. Tutalım, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxıda, Şirvanda fəaliyyət göstərsə nə olacaq ki? Texniki Universiteti Qubaya və ya Lənkərana köçürmək olmazmı? Olar, özü də tıxac probleminin həllinə kömək edər. Sadəcə bəzi maraqlı dairələr bunu istəmirlər. Hər kəs Bakıda fəaliyyət göstərmək istəyir. Mən Bakının Xətai rayonunda yaşayıram. Qonşularımdan biri filoloq alim,  məktəb müəllimi idi. İndi o, Xankəndidə yaşayır, Qarabağ Universitetinin müəllimidir. Bir zamanlar Sovet hökuməti Tümeni necə məskunlaşdırdı? Rusiyanın şərqi çox soyuqdur, paytaxt şəhərləri hər zaman cazibdir. Amma Moskva rəhbərliyi o zaman sosial paketlər elan etdi, güzəştlər tətbiq olundu. Tezliklə gənc ailələr, mütəxəssislər ölkənin şərqinə axışdılar. Bunu biz də tətbiq etməliyik. Əhalinin paylanması ədalətli şəkildə həyata keçirilməliidr. Güzəştli sosial paketlər elan olunmalı, insanların Bakıda şərqə, cənuba, şimala axını stimullaşdırılmalıdır. Hər iqtisadi rayonda 1 sənaye şəhəri, mədəni mərkəz yaradılsa yaxşı olar.
İnsanları, əsas  da gəncləri paytaxta çəkən daha çox kino mərkəzləri, müalicə müəssisələri, stadionlar, idman, konsert arenaları, ali məktəblər, teatrlar, sərgi salonları, opera, mədəniyyət və istirahət parklarıdır. Bunları region şəhərlərində də yaratmaq olar. Birinci olaraq  ali məktəblərdən başlamaq lazımdır. Bakıda əhali sıxlığına səbəb olan tələb axının qarşısını almaq üçün bundan uyğun variant yoxdur. Ali məktəblər başqa şəhərlərə köçürülərsə, qısa zamanda həmin şəhərlərdə iqtisadiyyat canlanacaq, mənzil bazarı aktivləşəcək, yeni iş yerləri açılacaq. İnsan zəkasının və zəhmətin qarşısında heç bir problem duruş gətirə bilməz. Yetər ki, məsələyə ağılla, tədbirlə yanaşılsın, doğru həll yolları tətbiq edilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31