Azərbaycan separatçılığa qarşı qətiyyətlidir- İlyas Hüseynov- ÖZƏL
17:12 Siyasət2023-cü ilin sentyabrında Samvel Şahramanyan "Dağlıq Qarabağ Respublikası"nın ləğv edildiyini açıqlamışdı, amma separatçılar fikrini dəyişdi. Hazırda erməni mətbuatı "Arsax parlamenti"nin mühacirətdə fəaliyyət göstərdiyini iddia edir.
Politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında qeyd edib ki, bu separatçılığa qarşı Azərbaycan qətiyyətlə çıxış edir:
"Azərbaycanda separatçılığa son qoyulduqdan sonra separatçıların Ermənistana gedib çıxmış müxtəlif ünsürləri, xüsusilə də sonuncu rəhbər Samvel Şahramanyan mühacir fəaliyyətini qurmaqda davam edir. Bu da bölgədə sülhə və təhlükəsizliyə qarşı addım kimi qiymətləndirilməlidir.
Eyni zamanda Artsax parlamenti, Artsax hökuməti kimi bu qondarma və heç kimi lazım olmayan, heç kim tərəfindən qəbul edilməyən, Ermənistanın da tanımadığı qurumların fəaliyyətinə heç bir əsası yoxdur və bütün bunlar bölgədə təhlükəsizliyə təhdid yaradır. Hesab edirəm ki, buna qarşılıq olaraq Azərbaycanda Qərbi Azərbaycan hökumətini, Qərbi Azərbaycan parlamentini, mühacir fəaliyyətini təşkil edə bilər. Bu da Azərbaycana legitim hüquqlar verməkdədir.
Ermənistan bunu anlamalı və vəziyyəti daha da gərginləşdirməməlidir. Biz anlayırıq ki, bölgədə sülhü istəməyən qüvvələr də separatçılığı bölgədə təşviq edirlər. Öz maraq və məqsədlərinə çatmaq niyyətindədirlər. Amma Ermənistanın siyasi hakimiyyəti tez bir zamanda bütün bu neqativ halların qarşısını almalıdır. Azərbaycan nə qədər susursa, beynəlxalq ictimaiyyət nə qədər buna susqunluq nümayiş etdirirsə, bu o demək deyil ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı fəaliyyət təşkil etmək olar. Azərbaycan buna heç vaxt icazə verməyəcəkdir və qətiyyətlə bütün bu proseslərə qarşı çıxış edirik".
Zeynəb Mustafazadə