“Azərbaycan Pakistanın yanındadır, amma müharibənin uzanması real görünmür” – Əli Zülfüqaroğlu – ÖZƏL
17:20 SiyasətHazırda Hindistan-Pakistan arasında artan gərginlik fonunda Azərbaycanın rəsmi mövqeyi nə ola bilər? Bakı, Pakistanla olan strateji və mənəvi münasibətləri nəzərə alaraq, dəstək göstərərsə, bu addım ölkəmizi münaqişədə tərəfə çevirə bilərmi? Yoxsa Ukrayna nümunəsində olduğu kimi, humanitar yardım vasitəsilə neytral mövqe saxlamaq daha məqsədəuyğundur?
"Azərbaycanla Pakistan arasında münasibətlər çox yüksək səviyyədədir və bu münasibətlər qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki tərəf çox yaxın siyasi və mənəvi-mədəni əlaqələrə malikdir. Eyni zamanda, hərbi sahədə də iki ölkə arasında əməkdaşlıq perspektivləri inkişaf edir. Pakistan xüsusilə Qarabağ müharibəsi zamanı Azərbaycana siyasi dəstəyini əsirgəmədi və daim Azərbaycanın yanında oldu. Ümumiyyətlə, Pakistan tarixən Azərbaycana qarşı böyük sevgi ilə yanaşan və öz dəstəyini əsirgəməyən dövlətlərdən biridir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib:
"Təbii ki, Azərbaycanın da Pakistana münasibəti eyni dərəcədə müsbətdir və Azərbaycan da Pakistan xalqının və dövlətinin yanında olduğunu bəyan edir. Qarşılıqlı səfərlər iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəyə çatmasına səbəb olub. Hazırda Pakistanla Hindistan arasında baş verən münaqişə həm region, həm də dünya üçün ciddi təhdid yaradır. Hər iki dövlət nüvə silahına malikdir. Rəqəmlərə görə Hindistan üstün görünsə də, son döyüşlər göstərdi ki, Pakistanın aviasiya və müdafiə sistemləri, eləcə də ordusunun döyüş qabiliyyəti Hindistandan qat-qat yüksəkdir. Hindistan da anlayır ki, Pakistanla uzunmüddətli müharibə onun üçün heç bir müsbət nəticə verməyəcək və daxildə ciddi problemlərə yol açacaq".
Siyasi şərhçi qeyd edib ki, Hindistan əhalisinin böyük hissəsi müsəlman olan Kəşmir bölgəsində referendumun keçirilməsindən çəkinir, çünki nəticədə ya müstəqillik, ya da Pakistanla birləşmə seçilə bilər və bu da beynəlxalq hüquqa zidd olaraq bölgədə diskriminasiya siyasəti ilə müşayiət olunur.
"Hindistan əhalisinin təxminən 200 milyonu müsəlmanlardan ibarətdir və bu da münaqişənin uzanacağı təqdirdə Hindistan üçün əlavə sosial və etnik problemlər yarada bilər. Digər tərəfdən, burada beynəlxalq hüquq və ədalət prinsipləri də önəmlidir. Beynəlxalq hüquq tələb edir ki, Kəşmir məsələsi referendum yolu ilə həll edilsin və bu bölgənin taleyi xalqın iradəsinə uyğun müəyyənləşdirilsin. Pakistan bu şərtlə razıdır, lakin Hindistan buna razı deyil. Çünki Hindistanın nəzarətində olan Kəşmir bölgəsində 14 milyon insan yaşayır və onların əksəriyyəti müsəlmandır. Referendum keçiriləcəyi təqdirdə bu əhali ya müstəqillik, ya da Pakistanla birləşmə istiqamətində qərar verə bilər. Bu səbəbdən Hindistan bu variantdan yayınır və Kəşmirdə yaşayan müsəlmanlara qarşı diskriminasiya siyasəti aparır. Eyni zamanda beynəlxalq hüququn tələblərinə əməl etmir".
Ə. Zülfüqaroğlu əlavə edib ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti dəstəkləyərək birmənalı şəkildə Pakistanın yanında yer alır.
"Azərbaycanın mövqeyi isə tamamilə beynəlxalq hüququn və ədalətin prinsiplərinə əsaslanır. Bu prinsipləri pozan tərəf isə Hindistandır. Hətta Hindistanın bəzi terror aktlarında maraqlı tərəf olması da istisna edilmir. Hindistanın Pakistan əleyhinə müharibə bəhanəsi tamamilə əsassız və absurddur. Çünki Pakistan özü də həmin terror təşkilatlarına qarşı mütəmadi əməliyyatlar keçirir və onları terrorçu kimi tanıyır. Pakistanın tanıdığı bu təşkilatların Hindistan ərazisində törətdiyi hərəkətlərə görə məsuliyyətin Pakistana yüklənməsi əsassızdır və reallığı əks etdirmir. Bütün bu faktlar real mənzərəni göstərir və Azərbaycanın hansı tərəfdə dayandığını aydın şəkildə ortaya qoyur. Azərbaycan birmənalı olaraq Pakistanın yanındadır. Yəni, Azərbaycan beynəlxalq hüququn və ədalətin yanındadır və daim bu prinsipləri dəstəkləyir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn prinsipləri qeyd-şərtsiz yerinə yetirilməlidir".
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan lazım gələrsə Pakistana yardım etməyə hazırdır, lakin müharibənin uzunmüddətli və beynəlxalq miqyas alması real görünmür.
"Əgər lazım olarsa, Azərbaycan qardaş Pakistan xalqına yardım göstərməyə hazırdır. Amma Pakistan güclü bir dövlətdir - nüvə silahına, böyük hərbi və insan resurslarına malikdir. Ona görə də Pakistanla Hindistan arasında müharibənin uzunmüddətli olacağı inandırıcı deyil. Baxmayaraq ki, nəzəri cəhətdən müharibənin genişlənməsi mümkündür, amma bu, qlobal problemlərin daha da dərinləşməsi və digər dövlətlərin də prosesə qoşulması riskini doğurur. Lakin bu, real ssenari kimi görünmür. Bu səbəbdən hesab edirəm ki, iki dövlət arasında müharibə uzun sürməyəcək və digər dövlətlərin bu prosesə birbaşa hərbi şəkildə qoşulması ehtimalı kifayət qədər aşağıdır".
Səidə Ramazanova