YADDAŞLARDA YAŞAYANLAR...

Tibb elmlər doktoru,  professor,  oftomoloq-şair Paşa Qəlbinurun akademik Zərifə Əliyeva haqqında xatirələləri

-Ağlım kəsəndən həmişə Zərifə xanımın və bacı-qardaşlarının adını eşitmişəm. Məsələ burasındadır ki, mənim ana nənəm Tila xanımla Zərifə xanımın anası Leyla xanımın atası Cabbar bəy arasında ailə bağlılğı olub. İrəvanın bu iki imkanlı ailəsi həm də qonşu imişlər.  Tila nənəmin  oğulları - Həsən bəy və Hüseyn bəy xaricdə təhsil alıblar. Biri Sürixdə, digəri Brüsseldə ali məktəb oxuyub. Onlar İrəvanda seminariyanın maliyyə xərclərini təmin  edirmişlər.  Mənim  babam Hacı Məhəmmədbağır ağa Qazızadə İrəvanın axırıncı şeyxi və ömrünün axırına kimi qazisi olub. O, öz mülkünü verərək rus dilində qızlar məktəbi açıb  və bu xidmətlərinə görə Rusiya çarı onu ikinci dərəcəli Anna ordeni ilə təltif edib. Bunları deməkdə məqsədim odur ki, bu iki ailə arasındakı münasibətlər İrəvanda olduqları dövrdən yaranıb.

Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor, Əməkdar həkim Paşa Qəlbinur görkəmli akademik Zərifə xanım Əliyeva haqqında danışarkən deyib.

Xatirə dəftəri: Əsilzadələr nəslinin nümayəndəsi

Professorun yaddaşında  tanınmış oftalmoloq-alimlə əlaqədar ən unudulmaz xatirələr yaşayır. O, həmin xatirələri yada salaraq deyir:  "Zərifə xanım haqqında həyəcansız, hissiz, duyğusuz danışmaq olmur. Onunla bağlı xatirələri yada saldıqca təzədən həmin günlərə qayıdır, yenidən həmin günlərin ovqatını hiss edirəm. Çünki Zərifə xanım  son dərəcə duyğusal, həssas, qayğıkeş, həkim, müəllim, ana adının ən üstün keyfiyyətlərinə malik bir xanım idi. Zərifə xanım ana dilində çox təmiz danışırdı,onda  milli musiqimizə çox böyük sevgi və bələdlik vardı, fortepianoda ifası çox gözəl idi. Səmimiyyət və  xeyirxahlığı isə ölçüyəgəlməz idi. O, həmişə tövsiyə edirdi ki, kiməsə yaxşılıq etmək istəyəndə dərhal, həmin dəqiqədə elə, sabaha saxlama.  Zərifə xanımın çox incə yumor hissi də var idi, yaxınları, doğmaları ilə şux zarafatlar edərdi. Böyük bacısı Ləzifə xanm hər dərs ilinin ilk günü peşəsinə ehtiram əlaməti olaraq əyilib öz masasını öpürdü. Zərifə xanım da həmin ənənələr ruhunda tərbiyə almış, hər şeyə dəyər verən böyük əsilzadələr nəslinin nümayəndəsi idi.

SSRİ Oftalmologiya  Cəmiyyəti İdarə heyəıtinin qərarı ilə dünyada oftalmologiya sahəsində peşə xəstəlikləri ilə əlaqədar ilk elmi laboratoriya Bakı Kondisionerlər Zavoduna yaradılmışdı. Laboratoriyaya ən müasir aparatlar və avadanlıqlar alınmışdı. Burada yüksək elmi nəticələr əldə olundu və  Fiziologiya İnstitutunun nəzdində olan həmin laboratoriya indiyədək fəaliyyətini davam etdirir.

Zərifə xanım oftalmoloq-alim kimi bir neçə yeni  elmi istiqamətin əsasını qoyub. Peşə yönümü xəstəliklərinin tədqiqi, onların korreksiya və müalicə üsulları  məhz onun adı ilə bağlıdır. Heç də təsadüfi deyil ki, o, SSRİ Elmlər Akademiyasının yüksək Averbax mükafatına layiq görülmüşdü.  Görkəmli alimin məşğul olduğu elmi istiqamətlərdən biri də iridodiaqnostika idi. O bu sahəyə dair ilk elmi monoqrafiyanın aparıcı müəlliflərindən biridir.

Birinci xatirə: Müəllimə ehtiram nümunəsi

Bizim mentalitetdə müəllimə çox böyük hərmət və ehtiram var, ona  valideyn kimi yüksək və uca dəyər verilir. Mən belə münasibətin ən yüksək formasını Zərifə xanımda görmüşəm.  Tibb Universitetin rektoru, professor Zəhra Quliyeva ilə Zərifə Əliyeva çox yaxın rəfiqə idilər və onlara  Azərbaycan Elmlər Akademiyasnın müxbir üzvü, professor, tibb elmləri doktoru Umnisə Musabəyli dərs demişdi.

Bir hadisə indiki kimi gözümün qabağındadır.  Deməli, onların  çox böyük dəyər verdiyi Umnisə xanımın ayağı sınmışdı və o vaxt "Leçkomissiya"  adlanan xəstəxanada müalicə alırdı.  Elə oldu ki, Zəhra xanım, Zərifə xanım və mən ona baş çəkməyə getdik.  Biz otağa girəndə Umnisə xanım ayağı sarğıda və çarpayıda  uzanılı vəziyyətdə gənc palata həkimi ilə söhbət edirdi.  Salam verdik və onların danışığının bitməsini gözlədik. Umnisə xanımın həkimlə danışdığı on-on beş dəqiqədə həm Zəhra xanım, həm də Zərifə xanım bir şagird kimi ayaqüstə  dayanıb gözlədilər. Söhbətini bitirdikdən sonra Umnisə xanım onları əyləşməyə dəvət etdi. Mən onda müəllim-şagird münasibətinin ali formasını, böyüyə hörmət və ehtiramın nə olduğunu bir daha dərk elədim.  Həmin gün bu iki böyük həkimin, iki böyük alimin və azərbaycanlı xanımın  davranış və münasibətlərində  min illərdən gələn mental dəyərlərin mübarək və canlı bir nümunəsini  gördüm. Şahidi olduğim bu əhvalatı, müəllim-şagird münasibətinin ali formasını bir etlalon və etika nümunəsi kimi mən öz tələbələrimə də danışıram.

İkinci xatirə: xanəndənin əfvi

Zərifə xanım məclislərin birində çox maraqlı və yaddqalan bir xatirə danışmışdı. Deyirdi ki, həmin əhvalatı atası  Əziz Əliyevdən eşidib.  Böyük Vətən müharibəsi illərində məşhur xanəndə Cabbar Qaryağdıoğlunu döyüşə gedən əsgərlər qarşısında hərbi-vətənpərvərlik ruhunda mahnılar oxumaq üçün  Biləcərdəki çağırış məntəqəsinə dəvət edirmişlər. Xanəndə həmin dəvətlərin birində  "Yetim segah"ı necə təsirli oxuyursa,  kövrəlib qəhərlənən çağırışçılar hamısı  qaçıb məntəqənin ətrafındakı yaşıl ağaclıqların arasına  doluşurlar.

Bu xəbər o vaxtkı respublika rəhbəri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsuinin birinci katibi Mir Cəfər Bağırova çatdırılır.  Xanəndənin məsələsi müzakirəyə çıxarılır. Müzakirə zamanı Bağırovun yanında onun çox böyük hörmət bəslədiyi yazıçı Məmməd Səid Ordubadi oturubmuş. Ordubadi Cabbar əmi ilə də yaxın dost imiş. Bağırov  müzakirənin sonunda  üzünü iclas iştirakçılarına, şəxsən Ordubadiyə tutaraq  Cabbar Qaryağdıolunu necə cəzalandırmağı soruşur. Məmməd Səid  dərhal "güllələnsin!" deyir. Cabbar Qaryağdıoğlunu soyuq tər basır, rəngi-ruhu qaçır. Lakin Mircəfər Bağırovun təklifi ilə  xanəndəyə daha yüngül cəza verilir: onun bir müddət səhnəyə çıxışına qadağa qoyulur, maaşı kəsilir...

Cabbar Qaryağdıoğlu evə gəlir və axşamın düşməsini gözləyir. Gecə yarısı küçələrdən əl-ayaq çəkiləndən sonra gedib yaxın dostu olan yazıçının qapısını döyür. Ordubadi qapını açaraq dostunu evə dəvət edir. Cabbar gileylənməyə başlayanda Ordubadi deyir ki, mən orda sənin bağışlanmağını desəm, Bağırov sənə ən ağır cəza verəcəkdi. Mən qəsdən elə dedim ki, səni xilas etmək mümkün olsun.

Üçüncü xatirə: birinci katibin qəbulunda

...Yenə də Zərifə xanım danışırdı ki, atam Əziz Əliyev uzun illər Azərbaycandan kənarda Dağıstanda işləyib. Altı uşaqdan ibarət böyük ailənin qayğıları da bütünlüklə anası Leyli xanımın üzərinə düşüb.  Anası uşaqların böyüyü Ləzifənin əlindən tutub Mircəfər Bağırovun qəbuluna gedib, xahiş edib ki, ailə böyükdür, öhdəsindən tək gələ bilmir, mümkündürsə, onun həyat yoldaşına Azərbaycanda bir iş veriilsin, qayıdıb gəlsin. Bağırov ona qulaq asandan sonra deyib ki, Leyli xanım, Əziz müəllimə bu respublikada layiq olan bir yer var, orda da mən işləyirəm.

Bağırov bunu deyəndən sonra xeyli susub. Leyli xanım da gözləmədiyi bu cavabdan sonra sağollaşıb evə qayıdıb.

Dördüncü xatirə: Ulu Öndərin telefon zəngi

Bir dəfə Zərifə xanım mənə dedi ki, Heydər Əliyeviç  sənin elmi  uğurlarını izləyir, tibbi fəaliyyətinlə maraqlanır. Mən utanaraq ona və Heydər Əlirza oğluna təşəkküt etdim. Bir müddət sonra Ümumittifaq Göz Xəstəlikləri İnstitutunun təqdimatı ilə elm sahəsində Ümumittaifaq Lenin komsomolu mükafatına layiq görüləndə Heydər Əliyev Moskvadan telefonla  Bakıya zəng edərək məni şəxsən təbrik etdi.

Bu hadisənin üstündən illər keçəndən sonra Heydər Əliyev yenidən hakimiyyətə gəlib Prezident vəzifəsində olanda Filarmoniyada yazıçıların qurultayında təsadüfən mənə yaxın oturacaqda əyləşdi. Görüşdük, fasilədə həmin zəngə və diqqətə görə bir daha ona təşəkkür etdim. Dedim ki, "çox sağ olun ki, Siz Moskvadan zəng edib təbrik etdiniz,  amma  o vaxt burada işləyənlərin  heç biri bunu etmədi". Gülümsünərək dedi: "Elə şeylərə fikir vermə! Hamı bir olmaz ki?!"

Son xatirə: akademikin nurlu siması

Zərifə xanım Moskvada nəşr olunan  o vaxtlar ən nüfuzli oftalmoloji elmi dərgisi "Vestnik oftalmologii" jurnalının redaksiya heyətinin üzvü idi. Jurnalın baş rekatoru Ümumittifaq Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunun direktoru, akademik M.M.Krasnov idi. Mən həmin illərdə akademikin rəhbərlik etdiyi institutun əvvəl aspiranturasında, sonralar isə doktoranturasında təhsil alırdım.  Hər dəfə həmin elmi mərkəzdə, müxtəlif elmi toplantılarda olanda, ya da jurnalın redaksiya heyətinin yığıncaqlarına gələndə  Zərifə xanımla görüşərdik. O, həmişə mənimlə çox səmimi hal-əhval tutar, qayğılarımla maraqlanardı.

1986-cı ilin əvvəllərində jurnalda dərc olunmaq üçün məqaləm var idi. Həmin vaxt Zərifə xanım xəstəxanada yatırdı. Mən məqaləni onun sürücüsü vasitəsi ilə göndərdim ki, çap olunmaq üçün imzalasın. Sürücü gəlib Zərifə xanımın sağlamlıq durumu haqqında danışanda mən çox mütəəssir oldum. Bu, mənim böyük alim və unudulmaz şəxsiyyətlə son əlaqəm oldu.

Bir dəfə onların böyük bacısı Ləzifə xanım soyuqlamışdı. Gülarə xanım bacısına isti bir münasibətlə "Ləzi bacı, eybi yoxdu, keçib gedəcək, təki xəstələnək, ancaq ölməyək", - dedi. Mən bu zarafatın, incə yumorun canlı şahidiyəm. Ailə üzvlərinin arasındakı belə incə yumorun, şux zarafatların çox şahidi olmuşam...

Lakin təəssüf ki, Zərifə xanım həmin il yataqdan durmadı. Bu böyük alimin yoxluğunu  mən ən ağır və unudulmaz itkilərdən biri kimi qəbul edirəm. Bununla belə, həmişə onun varlığını hiss edirəm: məsləhətləri qulağımda səslənir, nurlu siması gözlərim önündən çəkilmir. Elə bilirəm ki, hardasa dayanıb məni izləyir və həmişə də izləyəcək...  

Turan TEYMUROV,

AZƏRTAC-ın müxbiri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31